Masallılı 16 yaşlı qız dünya çempionu oldu

Masallılı 16 yaşlı qız dünya çempionu oldu
  • Manşet / İdman

  • İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında yunan-romaçılarla yanaşı sərbəst güləş üzrə də Azərbaycan pəhləvanları uğurlu nəticələr göstəriblər.

    Mötəbər yarışda ölkəmizi təmsil edən 4 qız güləşçimizlə birgə həmyerlimiz Ruzanna Məmmədova da dünya çempionu titulu uğrunda mübarizə aparıb. 

    49 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyən Ruzanna Məmmədova rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək dünya çempionatının 1/8, bolqarıstanlı Viktoriya Boynovaya 7:1 hesabıyla qalib gələrək ¼, türkiyəli Şevval Çayıra 3:2 hesabıyla qalib gələrək ½, qazaxıstanlı Aymgül Abilovaya 10:0 hesabıyla qalib gələrək finala yüksəlib.

    Avropa çempionu Ruzanna Məmmədova ardıcıl olaraq ikincə dəfə U-17 dünya çempionatının finalına vəsiqə qazanıb. 16 yaşlı atletimiz həlledici görüşdə Yaponiya idmançısı Mihoko Takeuçi ilə üz-üzə gəlib. Rəqibinə 5:3 hesabı ilə qalib gələn Ruzanna fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Məlumat üçün bildirək ki, Ruzanna Səxavət qızı Məmmədova 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbində təhsil alıb. Ruzanna 2012-ci ilin mayından Bakı şəhəri Hövsan Olimpiya İdman kompleksində idmanın sərbəst güləş növü üzrə məşqlərə qatılıb. R.Məmmədova respublika yeniyetmələri arasında keçirilən yarışlarda 15 dəfə birinci, 3 dəfə ikinci, 2 dəfə üçüncü yeri tutub. Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Ruzanna 9 dekabr 2019-cu il tarixində Sərhədçi Olimpiya İdman Kompleksində Greppling idman növü üzrə keçirilən Dünya çempionatında 12-13 yaşlılar arasında, 42 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

    24 dekabr 2019-cu il tarixində yeniyetmələr arasında Şağan Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında Ruzanna Məmmədova 43 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb.

    Ruzana Məmmədova 2020-ci ildə yeniyetmələr arasında Avropa və Dünya çempionatlarında 42 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib.
    2021-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatında 46 kiloqram çəki dərəcəsində gümüş medala, Rumıniyanın paytaxtı Buxarestdə (iyun, 2022) güləş üzrə U-17 Avropa çempionatının qızıl medalına layiq görülüb.

    Akif Agayev                      
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər