Böyük qəsəbənin böyük dərdi – Masallının xaraba məktəbi

Böyük qəsəbənin böyük dərdi – Masallının xaraba məktəbi
  • Sosial / Araşdırma

  • Bu gün yeni tədris ilinin ilk günüdür. 

    Bu tədris ilində qızlarım - Zəhra 6-cı, Zeynəb isə 3-cü sinif şagirdi olaraq məktəbə yollandılar. 

    Onlar cənub bölgəsinin ən böyük qəsəbəsi olan Ərkivanın ən böyük məktəbində - Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində təhsil alırlar.

    Bu məktəbdə tədris edilən təhsildən narazılığım olmasa da, məktəb binasının qəzalı olmasından çoxdandır ki, şikayətçiyəm.

    İllərdir adı Təhsil Nazirliyinin təmir ediləcək məktəblər sırasında olsa da bu məktəbə bir ögəylik var sanki.

    1981-ci il də istifadəyə verilən məktəb həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılıb. İstifadəyə verildiyi vaxtdan 41 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur.

    Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq məktəbin sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Daha doğrusu məktəb divarlarının suvağının tökülməsi, çatlaması, pəncərə şüşələrinin qırıq olması, döşəmənin dağılması səbəbindən qış aylarında sinif otaqları qızmır.


    Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

    Qəsəbə sakinləri, valideynlər məktəbin təmiri ilə əlaqədar dəfələrlə imza toplayaraq Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə müraciət ediblər.


    Həmin müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər.

    Qeyd edim ki, Ərkivan təkcə cənub bölgəsində deyil, ölkəmizin ən böyük qəsəbələrindən biridir. Qəsəbədə 4 tam orta məktəb, 1 ümumi orta məktəb var. Bu məktəblərdən təkcə qəsəbə 2 saylı tam orta məktəbin təmiri qənaətbəxşdir. Digər məktəblər isə yuxarıda qeyd etdiyim məktəbdən də pis vəziyyətdədirlər.
     

    Mən bir valideyn olaraq məktəbin təmiri ilə bağlı ləğv edilən Masallı Təhsil Şöbəsinin sabiq müdiri Tariyel Əkbərova müraciət edib, qəbulunda olmuşdum.

    Tariyel Əkbərov hər dəfə əsaslı təmir ediləcək məktəblər sırasında sözü gedən məktəbin də adının olduğunu və tez bir zamanda təmir ediləcəyini deyə-deyə özü də vəzifədən getdi, rəhbərlik etdiyi idarə də ləğv edildi..

    Lənkəran - Astara Regional Təhsil İdarəsi yaranarkən bir çoxları kimi mən də sevindim. Bu idarəyə bacarıqlı, səriştəli birinin rəhbər təyin edildiyini deyirdilər. İdarə rəhbərliyi cənub bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüşü zamanı idarə müdiri Elxan Nəcəfov mənim fikrimdə də işgüzar rəhbər təsüratını yaratmışdı.


    Tədbirdə çıxışım zamanı da məktəbin hazırkı vəziyyətini rəhbərliyin diqqətinə çatdırdım. Məktəbdə yeni dərs ili üçün parta, stula ehtiyac olduğunu bildirdim. Heç olmasa bir sinif üçün bunu etməyi xahiş etdim. Hansı ki, o sinifi biz valideynlər təmir edirik. Elxan müəllim təklifimi qəbul edib, məktəbə parta, stul verəcəyinə söz verdi..

    Bu gün ilk dərs günündə şagirdlər yenə də sınıq-salxaq oturacaqlarda əyləşməli olacaqlar. Çünkü Elxan Nəcəfovun da söz Tariyel Əkbərovun sözü kimi “söz” olaraq qaldı..

    Allah sizi heç zaman məmura möhtac etməsin, əziz şagirdlər. Yeni dərs iliniz mübarək!
    Cəfər Cəfərov, 

    Asiya.az














    PAYLAŞ:

    Oxşar xəbərlər