Bir millət, iki dövlət

Bir millət, iki dövlət
  • Cəmiyyət / Araşdırma

  • 6 fevraldan bütün Azərbaycan ayaq üstündədir. Hamının üzü kədərli, gözləri qəmlidir. Qardaş Türkiyə Cümhuriyyəti təbii fəlakətlə gecəli-gündüzlü mücadilədədir. Qardaş və bacılarımıza kömək üçün nə mümkündürsə, onu etməyə çalışırıq. Dualarımız Türkiyə üçündür, on minlərlə yaralı bacı-qardaşlarımız üçündür. Şəhid olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. 
       
    …Dünən axşam saatlarında Masallıdan iki qəhrəman şəhidimizin anası Ziba xanım mənimlə telefon əlaqəsi saxlayaraq iki xahişini bildirdi: Bakıda Türkiyə səfirliyinə gedib başsağlığı vermək və Türkiyədə zəlzələ qurbanlarına yardım etmək.
       
    Ziba xanım: “Anar müəllim, Siz bilirsiniz mənim övladlarım hərbi təhsillərini Türkiyədə almışdılar. Türkiyə onlar üçün doğma vətən idi. Əgər onlar sağ olsaydı, Türkiyənin bu ağır günlərində yardıma ehtiyacı olanların yanında olardılar. İndi övladlarım yoxdur, amma onların ürəyindən keçənləri bilirəm: “Ana, Türkiyəyə gedə bilməsən də, Bakıda Türkiyə elçiliyində ol, bizim başsağlığımızı onlara çatdır. De ki, başın sağ olsun, Vətən! Qalib Azərbaycan gecə-gündüz Sizin üçün dualar edir. Dualarımız qəbul olunandır.”
      
    Ziba xanımın arzusu bizim də ürəyimizdən idi. Axşam deputat həmkarım Məşhur müəllimlə Ziba xanımın arzusunu reallaşdırmaq üçün səhər görüşməyi planlaşdırdıq. 
     
    Bu gün səhər saatlarında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səlahiyyətli səfiri Cahit bəylə danışdım. Təkrar dərin hüznlə başsağlığı verdim. Ziba xanımın arzusunu ona çatdırdım. Məmnuniyyətlə bizi gözlədiyini bildirdi. Saat 14 radələrində şəhid anası Ziba xanım, millət vəkili Məşhur Məmmədov və mən səfirliyin qarşısında şəhidlərin xatirəsini gül çələngləri ilə yad etdik. Səfirliyin rəsmi işçilərinin müşayiəti ilə Azərbaycanın dostu, işğaldan azad olunan Şuşaya 30 dəfədən artıq səfər edən Cahit bəy bizi qarşıladı. Hər üçümüz qardaş ölkənin səfirinə başsağlığı verdik. Hər dəfə görüşəndə gümrah və rahat gördüyüm Cahit bəy bu dəfə çox yorğun görünürdü. Amma Vətən sağ olsun-dedi. Dövlət başçımız İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və bütün Azərbaycan xalqının bu ağır günlərində Türkiyənin yanında olduğunu və bundan qürur duyduğunu bildirdi.
       
    Meydan böyük olsa da söz deməkdə çətinlik çəkirdik. Ziba xanım ürəyindən keçənləri Cahit bəylə bölüşdü. Cahit bəy: "Belə anaları olan Vətən heç vaxt basılmaz" - deyə Ziba xanıma zəhmət çəkib gəldiyinə görə bir daha minnətdarlığını bildirdi. Sonda bir xatirə şəkli də çəkdirdik.
       
    Bu il Türkiyə Cümhuruiyyəti 100 illiyini qeyd etməyə hazırlaşır. Bu ağrılı günlər arxada qalacaq. İki dost və qardaş xalq həm Türkiyə Cümhuriyyətinin 100 illiyini, həm də Ümummilli lider Heydər Əliyevin 100 illiyini təntənə ilə qeyd edəcək. Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!
    Anar İsgəndərov,
    Millət vəkili, professor

    PAYLAŞ:

    Oxşar xəbərlər