Masallıda iftar süfrəsi açıldı

Masallıda iftar süfrəsi açıldı
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonunda Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.
               
    Asiya.az
    xəbər verir ki, "İlqar Plaza"-da keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, Şəhid ailələri, qaziləri, aztəminatlı ailələr və KİV nümayəndələri iştirak ediblər.

    Tədbir öncəsi Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından verilən iftar süfrəsində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar ediblər.

    Rayon rəhbəri Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
    Din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından söhbət ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.




    PAYLAŞ:

    Oxşar xəbərlər