GÜNAH - Nurəddin Ədiloğlu

GÜNAH - Nurəddin Ədiloğlu
  • Cəmiyyət

  • Atamla anam yanvar günləri Haqqın dərgahına qovuşublar. "Günah" adlı xatirə-hekayəmi 28 il əvvəl 9 yanvar axşamı dünyasını dəyişən anam Aminə Qəhrəman qızının müqəddəs ruhuna ithaf etmişəm.

                           GÜNAH                           
                     (Xatirə-hekayə)

    Sovet rejimi süquta uğramışdı. Vur-tut beş il idi ki, müstəqil olmuşduq. Bu beş ildə rayonumuzun rəhbəri beş dəfə dəyişdirilmişdi. Sayca beşinci rəhbər Moskva kimi böyük şəhərdə Beynəlxalq jurnalistika ixtisası üzrə təhsil almışdı. On ildən çox orada yaşayan həmkarımın rayona ikinci dəfə rəhbər təyin olunmasına hamıdan çox sevinmişdim. Amma çox çəkmədi ki, boy-buxunca həbəş cəngavərlərinə oxşayan yeni rəhbər siyasi fəndgirliklə məni "öz ərizəmlə” işdən çıxartdı. Düzü, özünü islahatçı, uzaqgörən gənc siyasi xadim hesab edən rəhbərin bu haqsız qərarına zərrəcə təəssüf eləmirdim. Əksinə, bölgə müxbiri olduğum "Avrasiya” qəzetində ürəyim istəyən mövzuda yazılarımı dərc etdirmək imkanı qazandığıma görə məmnunluq hissi keçirirdim. Fəqət sovetlər zamanında olduğu kimi rayon rəhbərinin vəzifədən çıxardığı adama cəmiyyətdə hələ də "persona non grata” kimi baxırdılar. Bəli, hər gün mənimlə salamlaşıb, kef-əhvalımı xəbər alan adamlar vəzifədən çıxarılandan sonra məndən bir-bir üz çevirirdilər.
    Belə günlərin birində atam zəng edib bildirdi ki, dərhal kəndə gəl, anan ağır xəstələnib... Rayon mərkəzindən kəndimizə çatanda qaranlıq düşmüşdü. Həyət-bacamızda sakitlik hökm sürürdü. Elə sakitlik ki, səssizlikdən adam diksinirdi. Qonum-qonşular evimizin alt mərtəbəsindəki "tənəbi” deyilən otağa yığışmışdılar. Şüşəbəndin qapısını açıb içəri girəndə ürəyim qulaqlarımda döyünməyə başladı. Anamı otağın ortasında üzü qibləyə uzatmışdılar.
    Özümü bu an necə aparacağımı bilmirdim. Qadınlardan kimsə ağlamsınaraq anama səsləndi: - Bax, Aminə, böyük oğlun da gəldi...
    Anam gözlərini açmadan, zərif əllərini güclə mənə sarı uzatdı, mən onun əllərini tutdum, o, kiçik qardaşımın adını pıçıldadı: - Bəs Qorxmaz gəlmədi?
    Mən qeyri - ixtiyarı: - Gələcək, o da gələcək, – dedim.
    Bacılarım bu sözə bənd imiş kimi, baş-başa verib ağlaşdılar. Hər il yaz gələndə Novruz bayramında, qışda yeni ilin ilk günü anam başda olmaqla biz hamımız qürbətdə yaşayan kiçik qardaşımın gəlişini intizarla gözlərdik. İndi yeni ildən səkkiz gün ötmüşdü, amma o, hələ də gəlib çıxmamışdı. Kim bilir, bəlkə qardaşımın başı öz əlində deyildi? Bəlkə dara düşmüşdü? Qorxmaz uşaq çağlarından qorxu-hürkü bilməzdi. Yeniyetmə yaşlarından idmanla məşğul olurdu. Ailənin sonbeşiyi olduğu üçün ata-anam onu bizdən çox əzizləyərdi.
    ...Anam növbəti dəfə qardaşımın adını çağıranda huşunu itirdi. Divarboyu bardaş qurub oturan qadınlar bir-birinə baxdılar. Onların çoxu anamdan dörd - beş yaş böyük idi. Əcəlin altmış beş yaşını yenicə doldurmuş anamın başı üzərində vurnuxduğunu bu qadınlar məndən yaxşı bilirdilər. Atam da bir küncə çəkilib Quran kitabını açdı və yasin surəsini titrək səslə oxumağa başladı...
    Mən rayonun mərkəzi xəstəxanasının baş həkiminə zəng elədim. Adətən, vəzifədən çıxarılmış adamı belə çətin məqamlarda da heç kim eşitmir, çoxları yalan vədlər verib, onu başından eləyir. Bizim rayonuin baş həkimi Rusiyada təhsil almışdı, bəlkə elə buna görə də dərhal təcili yardım maşını ilə iki həkim göndərdi.
    İxtisasca uroloq olan Vidadi həkim məni çox yaxşı tanıyırdı. Müayinədən sonra ədəb-ərkanla məni kənara çəkib, hamıya məlum olan gerçəyi söylədi. Mən qürbətdə olan qardaşımı düşünərək dedim: - Heç olmasa qardaşım gələnəcən...
    O, mənim nə demək istədiyimi anlayıb: -Allahdan ümid kəsiməz, müəllim, – dedi.
    Həkimlər gedəndən sonra atam mənə yaxınlaşdı: - Üç gün əvvəl teleqram göndərmişəm, amma saqqalı ağarmışdan hələ də bir xəbər-ətər yoxdur...
    Mən onu sakitləşdirmək istədim: -Xabarovsk uzaqdır, - dedim, - ordan Bakıya gələn sərnişinlər iki təyyarə dəyişirlər. Ola bilsun ki, indi orada hava uçuş üçün əlverişli deyil...
    Atam qəmli gözlərini pəncərədən bayıra dikdi, sonra kövrək səslə: - Yeddi gündür ki, Qəhrəman qızı Qorxmazın yolunu gözləyir!–dedi.
    Atam hörmət əlaməti olaraq anamı həmişə "Qəhrəman qızı” deyə çağırardı. İndi onun yanağına süzülən bir cüt göz yaşını görcək dünya başıma fırlandı. Ürəyimdə qardaşımı qınaya-qınaya anama sarı döndüm. Allaha yalvarırdım ki, anamın huşu özünə qayıtsın və o, yenə "Qorxmaz” deyə pıçıldasın!..
    O yanvar gecəsi mən onun zərif, solğun əllərinə baxa-baxa keçmiş günlərə dönmüşdüm. Uşaq vaxtı soyuq qış günündə mənim corablarımı anam geyindirərdi. Elə bil onun əllərinin hərarəti corablarıma hopardı. Ayaqlarım qarlı-şaxtalı havalarda belə üşüməzdi. O soyuq qış günləri doğulub böyüdüyüm ocağın istisini təkcə anamın əllərində deyil, nəfəsində də duyardım...
    Yay fəslində anam işdən-gücdən yorulanda, həyətimizdəki böyük tut ağacının kölgəsində oturub ağı deyə-deyə ağlardı. Bağdagül nənəm deyərdi ki, ananızın yadına müharibədən qara kağızı gələn böyük qardaşı düşüb, qoy ağlayıb ürəyini boşaltsın. Qəribəydi, anamın qardaşlarının - bizim dayılarımızın hamısının adı əlifba kitabının ilk hərfi ilə başlayırdı; Ağadədə, Ağagül, Abgül... Amma biz uşaq çağlarımızdan nədənsə əmilərimizi çox istərdik.
    Anamın kövrək qəlbi, mehriban nəvazişi ilə yanaşı zəhmi - zabitəsi də vardı. Nənəmin uzun yun çubuğunu evdə palazın altında qoyardı və dəcəllik edən uşağı çubuqla döyəcəyi ilə hədələyərdi. Böyüklü-kiçikli heç birimiz cınqırımızı da çıxarmazdıq. Ələlxüsus da atamın dost-tanışları bizə yığışan günlərdə.
    Atam hər il evimizin üst mərtəbəsindəki geniş qonaq otağında Əli süfrəsi açardı. Məhərrəm ayında imam ehsanı verər, orucluq günləridə kəndin ağsaqqallarını, oruc tutan tanış-bilişini iftara dəvət edərdi...
    Bir dəfə Mürsəl adlı qoca bir kişi pilləkəndən ağır-ağır enəndə atamdan soruşur ki, ay Ədil, bəs sənin övladın yoxdur? Atam da bığaltı gülümsünüb cavab verir ki, niyə yoxdur, səkkiz uşağım var, dördü qızdı, dördü də oğlan...
    Bu əhvalatı atam bizə danışanda dönüb anamın üzünə baxdı. Onun baxışlarında bizi həddimizi aşmağa qoymayan anamıza minnətdarlıq ifadəsi var idi... Mən yeddinci sinifdə oxuyanda anamın həsir toxumaqdan qabar olmuş əllərinə şeir yazmaq istədim:

    Ürəyinin qübarına,
    Övladının nübarına,
    Əllərinin qabarına,
    Qurban olum, gözəl ana...

    Amma yazdığım elə bu misralar oldu. Gözlərimin önündə anamın əllərinin mən hərbi xidmətdən qısa müddətli məzuniyyətə gələndə boynuma necə sarıldığı gün canlanmışdı. Anam kənd yolunda qaça-qaça əllərini açıb qarşıma çıxmışdı. Payızda azacıq yağış yağanda belə kəndin yolları zığlı-palçıqlı olurdu. Anamla aramızda iki yüz metrdən çox məsafə vardı. Qorxurdum ki, anamın ayağı o palçıqlı yolda sürüşüb yıxılar. Tez şinelimi çıxarıb kənara atdım, var gücümlə anama sarı qaçmağa başladım... Yol boyunca adamlar dayanıb bizə tamaşa edirdilər. Qonşumuz Bəhmən əmiylə Mənsumə xala deyirdilər ki, biz ömrümüzdə heç kinoda da ana-balanın belə görüş səhnəsini görməmişik. Uzun illər kəndimiz, qonum-qonşular o görüşdən bəhs etdi...

    İndi mən anamın hərəkətsiz bədəninə, əllərinə baxa-baxa çarəsizlikdən ağlıma nə gəldi düşünürdüm: "Bu əllərlə anam görəsən hansı oğlunun boynunu daha çox qucaqlamışdı, hansı qızının saçlarına çox sığal çəkmişdi?!”
    …Gecə yarıdan ötəndə anam gözlərini açdı, onun yanağına süzülən göz yaşları qürbət diyarda yubanan qardaşımdan ötrü axırdı, yana açdığı qolları qardaşımın boynunu son dəfə qucaqlamaq intizarındaydı. Bu məqamda yenidən yasin oxumağa başlayan atam da göz yaşları ilə əlli illik ömür yoldaşından əbədi ayrılığa yas qurmuşdu...
    Anamın oğul yolu gözləyən nisgillə bu dünyadan köçməsi fikri içimi göynədirdi. Bu möhnəti ömrüm boyu qəlbimdə daşımağın ağrı-acısını duyduqca kövrəlirdim. Anam yenə "Qorxmaz!” deyə yavaşca inildədi...
    - Can verən adamı canbəsər etmək gunahdı? - Anamın baş ucunda oturmuş dayısı qızı Gülsüm xalanın yorğun səsindəki giley məni bərk silkələdi.
    Hamı dönüb mənim üzümə baxdı. Elə bil həmin an mən qardaşımı gedib dünyanın o başından gətirməyə qadir idim. Ağır-ağır anamın yastığının yanında diz üstə çökdüm. Yenə əlimi uzadıb anamın halsız, titrək əllərindən tutdum... İlahi, onun dumanlı baxışlarında parlayan son ümid nisgilini elə əritdi ki, çöhrəsini bürümüş narahat ifadələr qeybə çəkildi.
    Hər ikimizin əli buz kimi soyuq idi. Elə bil anamın əllərini tutan əllərim qürbətin soyuğunda uşüyən qardaşımın əlləri idi. Anam bir dəfə də özünə gəlib "Qorxmaz” deyəndə, mən soyuqdan titrəyən səslə dilləndim: - Gəldim, ana, gəldim, mən sənin Qorxmaz balanam...
    O an anam gülümsədi. Elə bil mələk simasına İlahi nur çiləndi. Və anamın gözlərində hər şey əbədi sakitliyə çevrildi. Mənə elə gəldi onun cismindən ayrılıb quş kimi göy qübbəsinə çəkilən ruhu da sevinc içindəydi.
    O soyuq yanvar gecəsi kəndin səhəri anamın ölüm xəbəri ilə açıldı...
    Yas mərasiminə rayonun rəhbəri də gəldi. Ətrafında da rayonun yüksək vəzifəli şəxsləri... Mollanın fatihəsindən sonra başçı qısa çıxış edib rayonda apardığı islahatlardan danışdı. O, məclisdən çıxanda əvvəlcə atama, sonra mənə başsağlığı verdi. İri əllərini çiynimə qoydu, qayğıkeşlikdən çox siyasi məna kəsb edən nəzərlərini mənə dikib dedi ki, əməkdaşı olduğum qəzetin müxbir postuna icra aparatında rahat kabinet ayırıb. Bu, elə mənim əvvəlki otağım idi...

    Amma bir dəfə qəzetin baş redaktoru İrfan Sapmaz özünün köşə yazısında islahatçı başçını möhkəmcə tənqid elədi. O yazıdan sonra qəzetimizin İcra hakimiyyətinin binasında yerləşən müxbir postu da ləğv olundu...

    O günlərdə qardaşım da qürbətdən kəndə dönmüşdü. Qəbiristanlıqda anamızın baş daşına sarılıb xısın-xısın ağlayırdı. Anam da daşa çevrilmiş qolları ilə sanki onu qucaqlamışdı. Mən isə günahkar kimi hələ də anamı "Qorxmazam” deyib son nəfəsdə aldatdığım gecənin əzabını çəkirdim...
    Nurəddin ƏDİLOĞLU, 2018-ci il.
    PAYLAŞ:

    Oxşar xəbərlər