AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə Masallı rayonu ərazisində 20403 ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetlə əhatə olunub, 14000-dən çox abunəçi xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur.
Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Masallı H.Əliyev pr.79), həmçinin qurumun saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin olunması üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2.29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78 faizini təşkil edir.