Masallı sakinləri internetlə bağlı problem yaşayırlar

Masallı sakinləri internetlə bağlı problem yaşayırlar
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonunun Boradigah qəsəbəsində sakinlər internetlə bağlı problem yaşayırlar.

    Asiya.az
    Report-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, buna səbəb xətlərin köhnəlməsidir. Sakinlər deyirlər ki, uzun müddətdir yenilənməyən xətlər mütəmadi olaraq qırılır və yalnız əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşlarının müdaxilələrindən sonra internet bərpa olunur.

    Qəsəbə əhalisi, xüsusən yağışlı və küləkli hava şəraitində internet və telefon xətlərinin fəaliyyətinin dayandığını söyləyiblər. Onlar bildirirlər ki, son günlər müşahidə olunan güclü külək və yağış səbəbindən yüzlərlə abonent telefonsuz və internetsiz qalıb.
    Qəsəbədə iki məktəb və bir xəstəxananın fəaliyyət göstərdiyini xatırladan sakinlər internet xətlərinin kəsildiyi zaman bu müəssisələrin ciddi problemlə üzləşdiyini vurğulayıblar.
    Bundan əlavə, xeyli məktəbli və abituriyentin onlayn hazırlıqlara cəlb olunduğunu söyləyən yerli əhali bildirib ki, internet kəsilən zaman onların da tədrisində yubanmalar yaranır.
    Sakinlər bildirirlər ki, keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbənin yaxınlığına qədər gətirilib. Amma ölkənin ən böyük yaşayış məntəqələrindən olan Boradigahda internet sarıdan ciddi problemlər yaşanır.

    Bir qrup sakin qəsəbəyə Fiber Optik internet xidmətinin verilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıb.
    Nazirliyin “Aztelekom” MMC-nin Cənub Regional Filialından “Report”un yerli bürosuna bildirilib ki, Boradigah qəsəbəsi rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir. Qeyd edilib ki, bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir:

    “Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi, Masallı rayonunda da yeni, yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir”.

    Filialdan vurğulanıb ki, Boradigah qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də bu yeniliklərlə bağlıdır: “Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər