Masallıdan olan filosofun kitabları dünyanı gəzir

Masallıdan olan filosofun kitabları dünyanı gəzir
  • Masallı / Cəmiyyət / Manşet

  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çapdan çıxıb.

    Ədəbiyyat İnstitutundan Asiya.az-a bildirilib ki, “Çağlar. Düşünərliyin zaman qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları - ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Kitabın redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir.
    Rahid Uluselin “Düşüncə vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı ikinci kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada çap olunub. Müəllifin özünün ingilis dilinə tərcümə etdiyi kitab Avropa mərkəzli “Epubli” nəşriyyatında işıq üzü görüb.

    Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız tarixi zamanın - XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.
    Azərbaycanlı filosofun ayıq və məsuliyyətli düşüncəni insanlığın universal dəyərlərinin necə yaşadılması üzərində cəmləyən bu kitabı Avropanın mötəbər kitabxanalarına və “Amazon” da daxil olmaqla dünyanın bir sıra aparıcı saytlarında satışa təqdim edilir.

    Qeyd edək ki, Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir. Rahid Ulusel 1989-cu ildən keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, 2010-cu ildən Biokosmologiya Assosiasiyasının Təşkilat Komitəsinin (Rusiya) üzvü, Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü olmuşdur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Ədəbiyyat İnstitutunun Elmi Əsərləri – “Poetikaizm”in Redaksiya Şurasının üzvüdür. XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul Universiteti, 2008), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), II Beynəlxalq Konfrans (ABŞ, Harvard Universiteti, 2011), XXIII Dünya Fəlsəfə Konqresi (Yunanıstan, Afina, 2013) və bir sıra digər beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu” (2009) layihəsini həyata keçirmiş, layihə çərçivəsində müvafiq kitabları çap etdirmişdir. Dövri mətbuatda esseləri və əsasən, elmi jurnallarda fəlsəfə, estetika, kulturologiya, filologiya problemlərinə dair 200-dən çox məqaləsi, 22 kitab və monoqrafiyası çap olunmuşdur. Elmi nailiyyətlərinə görə 2017ci ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “İlin Alimi” adına layiq görülüb
    PAYLAŞ:

    Oxşar xəbərlər