Asiya.az xəbər verir ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdən öncə gənc güləşçi Ərkivan qəsəbə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini yad edərək, qarşısına gül dəstələri düzüb.
Veteran idmançıların, elm-təhsil işçilərinin və qəsəbə ziyalılarının iştirak etdiyi tədbir “GRAND” restoranında baş tutub.
Tədbiri Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov açaraq Ərkivan güləş məktəbinin yetirməsi Əmrah Əmrahovun güləş üzrə U-17 dünya çempionatında üçüncü yer tutmasını doğulduğu qəsəbədə böyük sevinc hissi ilə qarşılandığını bildirib.
Qeyd edilib ki, bu il Əmrah üçün uğurlu olub. O, iyun ayında U-17 Avropa çempionatında ikinci yer, avqust ayında U-17 dünya çempionatında üçüncü yer və Azərbaycan İdman Akademiyasının tələbəsi olmaq adını qazanıb.
Çıxış edənlər Əmrahı təbrik edərək ona idman karyerasında, təhsilində uğurlar arzulayıblar.
Xatırladaq ki, Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin yetirməsidir. Onun məşqçi-müəllimi Qismət Əkbərovdur.
Fotomüxbir: Elsevər Əliyev