1969-cu ilin 14 iyul təntənəsi

1969-cu ilin 14 iyul təntənəsi
  • Siyasət / Araşdırma

  • SSRİ adlanan nəhəng imperiya 15 müttəfiq respublikanı özündə birləşdirirdi. Məlum olan o idi ki, bu respublikalar Mərkəzdən idarə olunur, ən xırda istək üçün Moskvaya müraciət olunmalı, hə və ya yox cavabı ordan gəlməli idi.Unutmaq lazım deyil ki, Mərkəz həmişə Azərbaycana əyalət gözü ilə baxırdı.

       …Azərbaycan İkinci dünya müharibəsində müttəfiq respublikalar arasında nəyə qadir olduğunu əyani nümayiş etdirdi. Müharibənin taleyini həll edən hər cür yanacaq növləri  birmənalı olaraq Bakıda istehsal olunurdu. Azərbaycan faşizmə qarşı müharibəyə 600 mindən çox əsgər və zabit göndərdi, onlardan  300 mindən  çoxu döyüşlərdə həlak oldu. Amma təəssüflər olsun ki, faşist Almaniyasına qulluq edən  ermənilərin ölkəsi daha çox nufuz sahibi oldu, bizim cəbhəyə göndərdiyimiz və cəbhədə qəhrəmanlıq göstərib həlak olanlarımız öz layiqli qiymətini  ala bilmədilər. Çox təəssüf.
       
    Azərbaycan sovet dönəmində 20-30-cu illərin repressiyalarını, kollektivləşmə  və sənayeləşdirmənin ağır illərini, İkinci dünya müharibəsinin dəhşətlərini yaşadı və nəhayət Stalinin amansız və Xruşşovun mülayim  idarəçiliyini arxada qoydu. Yüz minlərlə azərbaycanlı öz tarixi torpaqları olan Qərbi Azərbaycandan zorla çıxarıldı. 
         
    On beş respublika içərisində Azərbaycan nufuzuna görə sonunculardan sayılırdı və aqrar ölkə statusunda idi.
       
    Nəhayət,1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəsi Komitəsinin birinci katibi seçildi.
       
    Heydər Əliyev ixtisasca tarixçi idi.  Hakimiyyətdə olduğu illərdə həm tarix yaratdı, həm də onun fəaliyyəti ilə bağlı tarix yazılır və yazılacaq. 
         
    14 iyuldan sonra Azərbaycan nələrə nail oldu?
       
    —Fəaliyyətinin ilk dövründə xüsusi xidmət orqanında çalışarkən və sonralar ilk azərbaycanlı kimi bu orqana rəhbərlik edərkən yüzlərlə azərbaycanlını bu orqana işə cəlb etdi və kifayət qədər azərbaycanlını sovet cəza maşınından qurtara bildi.
         
    —Heydər Əliyev bütün hakimiyyəti dövründə( Mərkəz təkid etsə də )heç  bir qonşu ölkəyə, o cümlədən Ermənistana bir qarış torpaq vermədi.
       
    —Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin 50 illik yubileyində (1969-cu il)rəsmi nitqini Azərbaycan dilində başladı. Bu o dövrdə Mərkəzdə qəbul olunmayan bir hadisə idi.
       
    —Heydər Əliyev Bakıda Naxçıvanski adına hərbi  məktəbin açılması  üçün uzun müddət mübarizə apardı və 1971-ci ildə istəyinə nail oldu. Bu məktəb Azərbaycanda milli zabit heyətinin əsasını qoydu, sonralar Qarabağ müharibəsində həmin məktəbin müdavimlərinin  qəhrəmanlığı dillər əzbəri oldu.
       
    —Heydər Əliyev Azərbaycanda ali məktəblərin sayını artırdı, hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nufuzlu ali məktəblərinə göndərməyi kütləvi hərəkata çevirdi.
       
    —Heydər Əliyev Bakı şəhəri üçün böyük problem olan içməli su məsələsini Kür çayından  su kəməri çəkməklə həll etdi.
         
    —Heydər Əliyev istəmirdi ki , hərbi xidmətə çağırılan azərbaycanlı gənclər ancaq tikinti batalyonlarında xidmət etsinlər. 
         
    —Heydər Əliyev Mərkəz qarşısında məsələ qoyurdu, qoy azərbaycanlı gənclər də  hərbi xidmət zamanı ən müasir silahlarla tanış olsunlar, ən müasir texnika ilə rəftar etməyi öyrənsinlər.
         
    —Heydər Əliyev Azərbaycan Konstitusiya Komissiyasının sədri kimi Mərkəzin ciddi etirazlarına baxmayaraq, 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.
       
    —Heydər Əliyev Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirdi, zavod və fabriklərin sayı artdı.
       
    —Heydər Əliyev Dərin Özüllər Zavodunun tikintisi ilə bağlı düşüncələrini  reallaşdıranda heç kimin ağlına gəlmirdi ki, SSRİ adlı nəhəng imperiya  çökəndə Azərbaycan öz neftini hasil etmək  və dünya bazarına  çıxarmaq üçün bu zavodun məhsullarına ehtiyac olacaqdır.
       
    —Heydər Əliyev 70 ildən artıq mövcud olan Sovet dövlətini idarə edən yeganə türk-müsəlman olmuşdur. Sovet dövlət adamı A.Qromıkonun sözləri ilə desək, əgər Heydər Əliyev slavyan mənşəli olsaydı, dövlətin birincisi də ola bilərdi.
       
    —Heydər Əliyev yeganə türk-müsəlmandır ki, 70 il mövcud olan sovet dövlətini idarə edənlərdən olmuşdur.Çünki Heydər Əliyev  bu gücün sahibi idi.
       
    —Heydər Əliyev ermənipərəst M.Qorbaçovun təzyiqlərinə etiraz olaraq bütün vəzifələrindən istefa verən kimi ermənilərin  Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək hərəkatı başladı.
       
    —Heydər Əliyev özünü və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq Moskvada Qorbaçov başda olmaqla Sovet rəhbərliyini Bakıya qoşun yeritdiyinə görə ittiham etdi və Azərbaycan xalqının yanında olduğunu bəyan etdi.
       
    —Heydər Əliyev ağır blokada şəraitində yaşayan Naxçıvanın harayına çatdı, bütün əhalini düşmənə qarşı mübarizədə birləşdirdi və qalib gəldi.

    —Heydər Əliyev ilk dəfə Naxçıvan Ali Məclisində üçrəngli Azərbaycan bayrağını rəsmi dövlət bayrağı kimi qəbul etdi.
     
    —Heydər Əliyev bu gün öz sıralarında 800 min üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Bu partiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxardı.
       
    —Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, xalq bu müstəqilliyin şirinliyini dada bilmədi. Erməni təcavüzü, siyasi böhranlar, hakimiyyət uğrunda didişmələr, hərbi qiyam, qardaş qırğını, vətəndaş müharibəsi təhlükəsi, nələr, nələr…
       
    —Heydər Əliyev Azərbaycan xalqı tərəfindən köməyə çağırıldı: elan olunan müstəqilliyin ömrü qısa olmasın, erməni işğalına son qoyulsun, qardaş qırğını dayandırılsın, Azərbaycanın xoşbəxt gələcəyi təmin olunsun və s.
         
    —Heydər Əliyev yenidən hakimiyyətə gəlməklə: 
    Vətəndaş müharibəsi və qardaş qırğınına son qoydu, balanslaşdırılmış xarici siyasətə nail oldu, dövlət-din münasibətlərini tənzimlədi,
    ”Əsrin müqaviləsi”ni imzaladı, Ermənistanla atəşkəsə nail oldu, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının təsbitinə nail oldu, ölüm hökmü və senzuranı ləğv etdi, azərbaycanlıların soyqırımı və deportasiyası  haqqında tarixi fərmanlar verdi, Avropa Parlamentinə üzv qəbul olunduq, azərbaycançılığı hakim ideologiyaya çevirdi, Bir millət , iki dövlət konsepsiyasına vəsiqə verdi, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olanları etdi, Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail oldu.
         
    —2003-cü ilin aprelində hazırda adını daşıdığı sarayda əsgərinə son çağırışını etdi: “Əsgər, Qarabağ düşmən işğalında qala bilməz! “
     
    —2003-cü ilin payızında Azərbaycan xalqına müraciətində Qarabağı düşməndən azad etmək üçün xalqımızı qalib xalqlar sırasına çıxara biləcək Ali Baş Komandanı da təqdim etdi. Xalq Ümummilli liderini eşitdi və onun  vəsiyyətinə əməl etdi.
       
    —Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları bünövrəsi  Ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulan və xalqımız tərəfindən dəstək alan bütün məsələləri uğurla həyata keçirir.
       
    —44 günlük Vətən Müharibəsində düşməni darmadağın edən, bir milyon qaçqın və köçkünü öz evlərinə qaytaran, 30 il ərzində düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızın gecə-gündüz demədən bərpası, Azərbaycanın ən müasir orduya malik olması, ermənipərəst qüvvələrin məğlub edilməsi, Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.
       
    Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ilk dəfə 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz bərpa olundu, üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır.
    Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin dediyi kimi Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir.
     
    Bünövrəsi 14 iyul 1969-cu ildən qoyulan Heydər Əliyev yolu bu gün Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər