“Ərkivan” sənədli filmi artıq hazırdır – Film (YENİLƏNİB)

“Ərkivan” sənədli filmi artıq hazırdır – Film (YENİLƏNİB)
  • Araşdırma / Cəmiyyət / Asiya TV

  • Haradan başlanır vətən?
    Vətən. Bu sadə sözdə nə qədər böyük dəyər, necə dərin məna var. Bəs haradan başlayır Vətən? Məncə, Vətən ana qucağından, doğulduğun ailədən başlayır. Daha sonra babalarının, ulu əcdadlarının yaşadıqları torpaqlardır səni vətənin. Taleh elə gətirib ki, Ərkivan adlı gözəl bir məkanda dünyaya göz açmışam. Bizim tayfa Abbaslı məhəlləsində “Köhnə Yurd” deyilən yerdə məskunlaşıb və Ərkivanın ən qədim tayfalarından sayılırıq. Hər zaman, hər yerdə ərkivanlı olmağımla qürur duymuşam.
    Qədim tarixi, füsünkar təbiəti, dünya şöhrətli alimləri, tanınmış din xadimləri, məğlubedilməz idmançıları olan bir məkanla necə qürurlanmayasan axı?!
    Mənə elə gəlir ki, vətənlə təkcə qürurlanmaq kifayət etməməlidir. Sən də elinə-obana layiqli övlad olmalı, ona öz borcunu qaytarmalısan. Mən vəzifə sahibi, maddi imkanları geniş olan şəxs deyiləm. Lakin, əlimdən gələni etməyə çalışıram ki, doğma diyarıma bir faydam dəysin.

    Qəsəbəmiz üçün nə etmişəm..
    Qəsəbəmiz üçün etdiyim kiçik xidmətlərimi oxuculara xatırladaraq mövzuya keçmək istəyirəm.
    2015-ci ildə Ərkivan qəsəbəsi haqqında ensiklopedik tanıtım sayt və məşhur sosial şəbəkə olan feyzbuk üzərində səhifə yaratmaq qərarına gəldim. Bu işi həyata keçirməkdə İT mütəxəsisi Tural Rəsulzadənin böyük əməyi oldu. Biz qısa zamanda “Arkivan.az” saytını və “Ərkivan” səhifəsini ərsəyə gətirdik.
    8 aprel 2020-ci ildə Karonavirus Pandemeyasının tuğyan etdiyi bir zamanda, karantin günlərində öz həmyerlilərimin imdadına çatmaq məqsədilə Ərkivan qəsəbəsinin fəal ziyalılarının iştirakı ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-ni təsis etdik və idarə heyətinin ilk iclasında Cəmiyyətə sədr seçildim.
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” qısa müddət ərzində Ərkivan qəsəbəsində yüzlərlə aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardımı, eləcədə tibbi ləvazimat, paltar və s. paylanılmasını təşkil etdi. Cəmiyyət tərəfindən qəsəbənin mərkəzi hissəsində uzun illər baxımsız vəziyyətdə qalan “Kükürdlü bulaq” və onun ətraf ərazisini əsaslı təmir edərək əhalinin istifadəsinə verdik.

    Ərkivan sənədli filmi
    Ərkivan haqqında bir neçə verliş, sənədli film çəkilsə də bu filmlər sakinlərin ürəyincə olmayıb. Filmlər qəsəbəmizi tam əhatə etmir, informasiyalar alayarımçıq olurdu.
    Çoxdan idi ki, qəsəbəmizi hərtərəfli, bütün sahələrini əhatə edən film çəkmək barədə düşünürdüm. Əlbəttə bu çox çətin və məsuliyyətli bir iş idi. Çox götür-qoydan sonra bu ilin sentyabr ayında film çəkilişlərinə start verdik.
    Mən eyni zamanda bu filmin prodüseri, redaktoru, texniki direktoru, ssenari müəllifi, sürücüsü və.s olmalı idim.
    Filmin operator-rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, dron operatoru Cavid Rahimoğlu kimi səriştəli, bacarıqlı insanların olması yükümü azaldırdı.
    Digər tərəfdən filmin məsləhətçiləri peşəkarlar idi. Azərbaycanda ilk kənd kitabı olan “Ərkivan və ərkivanlılar” kitabının müəllifi, Filologiya elmləri doktoru Vaqif Yusifli, Ərkivanın qədim tarixini araşdırmış alim, Tarix elmləri doktoru Əsədulla Cəfərov, Orta əsrlər və müasif Ərkivanın tarixinə yaxından bələd olan Tarix elmləri doktoru Anar İsgəndərov filmin məsləhətçiləri idi.
    Əsas məqsədimiz qısa, konkret və lakonik bir film ərsəyə gətirmək idi. Əsas məsələlərdən biri filmdə ekspert kimi çıxış edəcək şəxslərin kimliyi idi. Bu adamlar Ərkivan haqqında yüksək bilgiyə malik və cəmiyyətdə, çalışdıqları sahədə yüksək göstəricilər əldə etmiş şəxslər olmalı idi.

    Filmdə ekspert kimi çıxış edən şəxslər:
    1. Vaqif Yusifli – Filologiya elmləri doktoru, professor
    2. Anar İsgəndərov – Tarix Elmləri doktoru, millət vəkili
    3. Əsədulla Cəfərov – Tarix elmləri doktoru, professor
    4. Anar Ağalarzadə - Tarix elmləri üzrə fəlsəfə doktoru
    5. Əntiqə Tağıyeva – Əməkdar mədəniyyət işçisi
    6. Lalə Məmmədova – Əməkdar artist, Filologiya üzrə fəlsəfə doktoru
    7. Teymur Yəhyayev – Palitoloq
    8. Sucəddin Novruzov – Beynəlxalq dərəcəli audit
    9. Cəfər Cəfərov – “Asiya.az” xəbər portalının baş redaktoru
    10. Hacı Mirkərim ağa - İlahiyyatçı
    11. Cəbrayıl Cəbrayılov – Ağır atletika üzrə beynəlxalq dərəcəli idman ustası
    12. Qubad Cəbrayılov – Ağır atletika üzrə əməkdar məşqçi
    13. Taleh Babayev – Karate idmanı üzrə Dünya çempionu, dünya kubokunun sahibi.
    14. Fəraim Cəbrayılov – Yunan-Roma güləşi üzrə SSRİ idman ustası
    15. Salam Qasımov – Yunan-Roma güləşi üzrə SSRİ idman ustalığına namizəd, əməkdar mühəndis

    Rəhbəri olduğum “Masal production”-ın istehsalı olan “Ərkivan” sənədli filmi artıq hazırdır. Filmi yaxın günlərdə izləyicilərin ixtiyarına verəcəyik. Filmin ərsəyə gəlməsində yaradıcı qrupla, ekspertlərlə yanaşı qəsəbə sakinlərinin də böyük əməyi oldu. Onlardan Sucayət Qasımovun, Rəşad Mirzəyevin, Nəsib Mirzəyevin, Zamin BəşirlininRamin Kərimlinin adlarını xüsusi qeyd etmək istəyirəm.
    “Masal production” növbəti mərhələdə “Ərkivan tarixi”, “Ərkivan mədəniyyəti”, “Ərkivan idmançıları”, “Ərkivan din xadimləri”, “Ərkivan alimləri”, “Ərkivan xeyriyyəçiləri” və sair mövzularda ayrıca geniş filmlər çəkməyi planlaşdırır.
    Çox istərdim ki, qəsəbəmizin vətənpərvər sakinləri bu xeyirxah işin baş tutmasında bizə dəstək olsunlar.
    Cəfər Cəfərov
    Tammetrajlı sənədli film - ƏRKİVAN


    İndi isə müsabiqə üçün çəkdiyimiz “Ərkivan” qısametrajlı sənədli filmini və Ərkivan genişmetrajlı sənədli filminin anons çarxını təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər