“UNUDULMUŞ AZƏRBAYCAN MARŞLARI” təqdim olundu - VİDEO/FOTOLAR

“UNUDULMUŞ AZƏRBAYCAN MARŞLARI” təqdim olundu - VİDEO/FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə “UNUDULMUŞ AZƏRBAYCAN MARŞLARI” kitabının təqdimatı keçirilib.

    Asiya.az
    xəbər verir ki, kitabın müəllifi tanınmış sənətşünas Dos.Dr.Rauf Bəhmənlidir. “NƏFƏS” İB-nin qərargahında keçirilən təqdimatda, öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bu təqdimatın Komitənin təşəbbüsü ilə 8 noyabr – Zəfər Bayramı, 9 noyabr – Bayraq Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü vəsiləsi ilə keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb. O, “Undulmuş Azərbaycan marşları”nda ən azı 101-103 il öncələrə aid marş mətnlərinin toplandığını, onlar haqqında yığcam bilgi verildiyini deyib. Kitabın müəllifi Rauf Bəhmənli “Undulmuş Azərbaycan marşları” kitabı haqqında ətraflı məlumat verərək, onun təşəbbüs və təkliflərinə dəstək duran MM Mədəniyyət Komitəsinə təşəkkür edib, Q.Paşayevanın kitaba önsöz yazdığını, uyğun tərkibli auditoriyanın iştirakı ilə təqdimatı təşkil etdiyini minnətdarlıqla qeyd edib.    

    Evsahibi təşkilatın – “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva qonaqları salamlayaraq, “Undulmuş Azərbaycan marşları” kitabının nəşrində və təqdimatın təşkilində “Nəfəs”ə göstərilən etimad üçün təşəkkür edib, belə layihələrin cəmiyyət üçün önəmini vurğulayıb, müəllifi uğurlu iş münasibəti ilə təbrik edib. Müəllifin ardıcıl araşdırmalarından, o araşdırmaların kitab şəklində çapının önəmindən danışan Komitə sədri Q.Paşayeva, R.Bəhmənlinin işlərini fədakarlıq örnəyi adlandırıb, onun fəaliyyətini Salman mümtazın fəaliyyəti ilə müqayisə edib. Q.Paşayeva Azərbaycanın, ümumən türk xalqlarının vətənpərvərlik nəğmələri, marş yazma tarixinin qədim dövrlərə gedib çıxdığını vurğulayaraq, bu il vəfatının 480-ci ildönümü tamam olan Merzifonlu Gül Babanın əsərlərini xatırladıb. Azərbaycanın Zəfər Bayramı, Bayraq Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibəti ilə təşkil olunan silsilə tədbirləri xatırladıb. Millət vəkillərinin, Pakistan səfirinin iştirakı ilə “Dünya ədəbiyyatı” dərgisinin “Pakistan ədəbiyyatı” xüsusi buraxılışının, Güəlmail Muradın yazdığı “Tovuz döyüşləri” kitabının, “Azərbaycan Bayrağı” ordenli şəhid hərbi həkim Cəmil Səlimovun haqqında Dürdanə Ağayevanın yazdığı kitabın, nəhayət “Undulmuş Azərbaycan marşları” kitabının təqdimatının bir-birini tamamlayan, bir-biri ilə səsləşən layihələr olduğunu bildirib: “İlk dəfə qeyd etdiyimiz Zəfər Bayramı başda olmaqla, bütün əziz bayramlarımız, əlamətdar günlərimiz bizi şəhidlərimizə, xalqımıza, dövlətimizə, şəxsən dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar qılır. Əslində, biz dövlət başçımızın, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanımın mədəniyyətimizə, bütün əməli fəaliyyət sahələrinin təmsilçilərinə diqqət-qayğısını özümüzçün örnək alırıq. Bugün təqdim olunan kitab çox qiymətlidir. Çünki hərb meydanında öz ləyaqətini parlaq şəkildə nümayiş etdirmiş ölkəmiz, müharibə sonrası ilk ili “Nizami İli”, Şuşanı Mədəniyyət Paytaxtı elan etdi, Şuşada Xarı bülbül və Vaqif Poeziya Günləri bərpa olundu; habelə bir sıra klassiklərimizin yubileyi ilə bağlı Sərəncamlar imzalandı. Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid dövrünün birinci ilini başa vurmaqdayıq. Abidələr bərpa edilir, yeniləri ucaldılır, bir sözlə, əlaqədar dövlət orqanlarımız, eləcə də, Heydər Əliyev Fondu Qarabağa mədəniyyəti, qaynar mədəni həyatı qaytarmaqdadır. Belə bir dövrdə marşlarımız, özü də unudulmuş marşlarımız öyrənilirsə, kitablaşdırılırsa bu, hərbi-vətənpərvərlik irsimizə, mədəni irsimizə və o irsi yaradanlara ehtiram əlamətidir. Rauf müəllimlə biz Komitədə görüşdükdən sonra, artıq real layihələr üzərində əməli işlər görülmüşdür və “Unudulmuş Azərbaycan marşları” da bunlardan biridir.
    Bu kitabın nəşrində əməkdaşlıq etdiyimiz ictimai qurumlarımız “Nəfəs” və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliklərinə, Firəngiz BalakişiyevaArzu Bağırovaya təşəkkür edir, müəllifə də yeni yaradıcılıq uğurları diləyirəm”! Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi Prof.Dr. Gülnaz Abdullazadə,  “Azərbaycan Bayrağı” ordenli polkovnik, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Mehdi Mehdiyev, Bakı Xoreoqrafiya Akademiyasının dekanı, Əməkdar artist Sənan Hüseynli, “Tərxis olunmuş Hərbçilərin gəncləri Maarifləndirmə” İB sədri Emin Həsənli, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar Elnarə Dadaşova, Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri Dos.Dr. Nuridə İsmayılzadə, RHİM İB sədri Arzu Bağırova, “Xocalı Soyqırımını tanıtma” İB sədri Şamil Sabiroğlu, “Vektor”un qurucu-başqanı, şair, Prof.Dr. Elçin İsgəndərzadə, I Qarabağ müharibəsinin qazisi, şair Ədalət Nicat, DGTYB başqanı, şair İntiqam Yaşar təqdimatda çıxış edib. Çıxışlarda mədəniyyətin xalqların həyatında, ictimai fikrin, zövqün düzgün qidalanmasında, gənc nəslin təlim-tərbiyəsində, ölkələrarası münasibətlərdə yeri və rolu, Rauf Bəhmənlinin araşdırmalarına elmi, ictimai maraq və s. barədə fikirlər söylənib; eləcə də, ölkəmizin müvafiq qurumlarında qorunan “Qızıl fond”lar, klasiklərin bəzi musiqi əsərlərinin əlyazma şəklində qalması, yaş, çəki, boy və s.-lə bağlı bir sıra xüsusi tələbləri olan incəsənət sahələrinə yeniyetmə və gənclərin həvəsləndirilməsi və b. mövzularda fikir mübadiləsi aparılıb.  

    Kitabın müəllifinə Qarabağ motivli xatirə hədiyyələri və təqdimatda iştirak edən ictimai birliklər adından “Fəxri fərman”lar təqdim olunub. “Tərxis olunmuş Hərbçilərin gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Xocalı Soyqırımını tanıtma” İB sədri Şamil Sabiroğlu, “Vektor”un qurucu-başqanı, şair, Prof.Dr. Elçin İsgəndərzadə tərəfindən Nəfəs İB-nin sədri F.Balakişiyevaya da rəhbərlik etdiyi ictimai təşkilatın cəmiyyətimiz üçün fəal çalışmalarından dolayı “Fəxri fərman”lar təqdim olunub.

    Sonda Q.Paşayeva və R.Bəhmənlinin bağlanış sözü söyləyib, iştirakçılara təşəkkür ediblər.






    PAYLAŞ:

    Oxşar xəbərlər