Prezidentin Ermənistan üzərində növbəti diplomatik uğuru: Millət vəkilinin Zəngəzur şərhi…

Prezidentin Ermənistan üzərində növbəti diplomatik uğuru: Millət vəkilinin Zəngəzur şərhi…
  • Siyasət / Araşdırma

  • Prezident İlham Əliyev yanvarın 25-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən mühüm mesajlar verib.
    Dövlət başçısının sözlərinə görə, Zəngəzur dəhlizinin yaradılması üçün həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir.
    İ.Əliyev onu da bildirib ki, Ermənistandan müsbət xəbərlər alırıq: “Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.
    Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”.

    Prezidentin bu çıxışından aydın olur ki, bir neçə ay müqavimət göstərməyə çalışan, qeyri-konstruktiv mövqe sərgiləyən İrəvan artıq ipə – sapa yatmağa hazırlaşır, Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşı tərəf olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməyə başlayır. O zaman biz ilin sonu, yaxud gələn ilin əvvəli Naxçıvanla quru yolun bərpasına şahid ola bilərikmi?

    TİA.Az-ın sualını cavablandıran deputat Məşhur Məmmədovun sözlərinə görə, Prezident hələ bir müddət əvvəl Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyini açıqlamışdı:
    “Cənab Prezident demişdi ki, biz onları Zəngəzur dəhlizini açmağa məcbur edəcəyik. Bu heç də müharibə etmək, ordu gücü ilə nail olmaq niyyəti deyildi, məhz diplomatik masada uğurlu gedişlər etməklə Ermənistanı buna məcbur etməyi nəzərdə tuturdu. Erməni tərəfi Brüsseldə ümid edirdi ki, İrəvanın xeyrinə Qərbdən dəstək gələcək.
    Amma Paşinyan Avropadan suyu süzülə-süzülə qayıtdı və anladı ki, üçtərəfli bəyanatda götürdüyü öhdəlikləri icra etməyə məcburdur. Ona nə Qərb, nə Rusiya, nə ABŞ dəstək verdi.
    Eyni zamanda, Ermənistanı hakimiyyəti başa düşür ki, ölkənin inkişafı, erməni xalqının normal güzəranı, bölgədə sülhün əldə edilməsi üçün alternativ yoxdur, yalnız razılaşmaları həyata keçirməklə mümkündür”.

    M.Məmmədov hesab edir ki, bu mənada Prezidentin “Ermənistandan müsbət xəbərlər alırıq” açıqlamasını Bakının növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar: “Əldə edilən razılaşmaya əsasən bizim Naxçıvana quru yolumuz olur, Ermənistanın Rusiyaya dəmiryolu Azərbaycandan keçməklə bərpa edilir. Bu da regionda iqtisadi canlanmaya xidmət edəcək.

    Hesab edirəm ki, Ermənistan cəmiyyəti də yuxudan oyanmağa, xam xəyallardan, mifdən ayılmağa başlayıb. Ermənilər 44 günə 30 illik status-kvonun necə dəyişdiyini görməklə qavradılar ki, bölgədə sülh içində yaşamaq, iqtisadi şəraiti yaxşılaşdırmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Artıq erməni cəmiyyəti başa düşür ki, Köçəryan, Ohanyan, Balasanyan, Sərkisyan, Balayan kimi qatillərin, xəstə təfəkkürlü revanşistlərin nağıllarına, qisas çağırışlarına inanmaq axmaqlıqdır. Ona görə Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 platforması gerçəkləşməlidir və bu istiqamətdə müsbət siqnalları da görürük. Cənab İlham Əliyevin bu ideyasını Türkiyə, Rusiya, İran kimi böyük bölgə dövlətləri dəstəkləyir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər