Azərbaycanın hərbi gücü artır

Azərbaycanın hərbi gücü artır
  • Hərb

  • Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.


    Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

    Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.


    Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. 


    Azərbaycanın bütün çətinlikləri qətiyyətlə dəf etmək qüdrətinə və çevik idarəetmə sisteminə malik güclü, sarsılmaz ordusu var. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun Avropa və dünya standartlarına tam uyğunlaşdırılması, daha güclü və müasir silahlarla, hərbi texniki qurğularla təchiz edilməsi sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ordumuzun Qüdrəti bir daha Vətən müharibəsində özünü sübuta yetirdi.

    Fiqurət Qafarov,

    Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

    PAYLAŞ:

    Oxşar xəbərlər