Daşkəsəndə şəhid Nihad Verdiyev və Turxan Süleymanov son mənzilə yola salınıb - FOTOLAR

Daşkəsəndə şəhid Nihad Verdiyev və Turxan Süleymanov son mənzilə yola salınıb - FOTOLAR
  • Sosial

  • Sentyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər 2003-cü il təvəllüdlü Verdiyev Nihad Nicat oğlunun nəşi torpağa tapşırılıb. 

    Keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qazilər şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.

    Sentyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, MAXE əsgər 2002-ci il təvəllüdlü Süleymanov Turxan İdris oğlunun nəşi torpağa tapşırılıb. 

    Keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.

    Dəfn mərasimlərində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
    - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq ermənilərin qarşısını yüksək peşəkarlıqla almışdır və sərhədboyu ərazilər ordumuzun tam nəzarətindədir. 

    Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alan zaman neçə-neçə əsgər və zabitlərimiz müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
    Allah Şəhidlərimizə rəhmət eləsin!

    Şəhidlərin tabutlarına bürünmüş Azərbaycan Bayraqlarını Əhəd Abıyev şəhid atalarına təqdim edib.

    Hər iki dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub  və yaylım atəşi açılıb.















    PAYLAŞ:

    Oxşar xəbərlər