İlham Əliyev: “Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədi olacaqdır”

İlham Əliyev: “Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədi olacaqdır”
  • Siyasət

  • Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli təmir-bərpa işləri həyata keçirməklə dünyanı heyrətləndirməyə davam edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfəri, burada həyata keçirilən quruculuq, təmir-bərpa işləri ilə tanış olmaları, müxtəlif təməlqoyma mərasimlərində, açılışlarda iştirak etmələri həyata keçirilən böyük siyasətin bariz nümunəsidir. 


    Bu gün Azərbaycan ermənilərin viran qoyduğu ərazilərdə sıfırdan şəhər salır, ən müasir infrastrukturlar yaradır, bərpa işləri həyata keçirir, yollar çəkir, su, elektrik, qaz xəttləri çəkir. Azərbaycan bu siyasəti sərgiləməklə, bu işləri görməklə öz qüdrətini bütün dünyaya göstərir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin təmsilçiləri Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görürlər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra keçən müddət ərzində minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri bu dəhşətli faciənin ağır izlərini aşkar şəkildə müşahidə ediblər. O cümlədən, oktyabr ayının 5-də Ağdamda, daha doğrusu, Prezident İlham Əliyevin dediyi kimi, bir zamanlar bu şəhərin yerləşdiyi ərazidə təşkil olunmuş Azərbaycan Milli Şəhərsalma Forumunun 40-dan çox xarici ölkəni təmsil edən iştirakçıları da erməni barbarlığı və vandalizminin acı nəticələrini görmək imkanı əldə etdilər. Təsadüfi deyil ki, ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri”, yaxud da “Qafqazın Xirosiması” adlandırmışdılar. Vaxt gələcək və yenidən qurulan Ağdam artıq bu bənzətmələrlə qətiyyən uyğunlaşmayacaq. Lakin bu adlar erməni faşizminin xislətini səciyyələndirən damğa kimi əbədi olaraq yaddaşlarda qalacaq. 


    Bütün bu vəhşiliklər beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu və işğalçını öz adı ilə çağırmaqda özündə cəsarət tapa bilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Ermənilər işğal etdikləri ərazilərdən çıxarkən yenə də faşist xislətlərini gizlədə bilməyiblər və onlar əraziləri minalayıblar. Təcavüzkarlar işğal dövründə 1 milyondan çox mina basdırıblar. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Buna baxmayaraq, ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.


    Beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq torpaqlarımızın işğalına və Azərbaycan xalqının humanitar fəlakətinə göz yumsa da, pozulmuş beynəlxalq hüququn özünü də, haqq-ədaləti də 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Ordusu bərpa etdi.  Bu gün işğaldan azad edilmiş rayonlarımızın öz doğma sakinlərini, əsl sahiblərini qəbul etmək üçün yenidən qurulma və bərpa işləri sürətlə davam edir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksər insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi son dərəcə qürurverici və azərbaycanlıların öz torpaqlarına bağlılığını nümayiş etdirən haldır. Bu vəziyyət Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası anlayışını formalaşdırır. Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədi olacaqdır”. 

     

    Hafizə Xudiyeva, 

    Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı

    PAYLAŞ:

    Oxşar xəbərlər