Ərkivanlı pəhləvan dünya ikincisidir - FOTOLAR

Ərkivanlı pəhləvan dünya ikincisidir - FOTOLAR
  • Manşet / İdman

  • Oktyabrın 4-9-da Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatı keçirilib. Üç yaş qrupu, altı çəki dərəcəsi üzrə təşkil olunan yarışlarda Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində uğurlu nəticə göstərib. O, mundialı gümüş medalla başa vurub. Final mərhələsinəcən üç rəqibini məğlub edən Elgiz həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinlə mübarizədə bir xal fərqilə xalçadan ayrılıb – 4:5.
    Məlumat üçün bildirim ki, Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyi ilə başlayıb.  O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanan Elgiz Dağıstanda, İranda və digər ölkələrdə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirlərin mükafatçısı olub.
    Elgiz Məmmədov hazırda Rusiyada yaşayır. Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.
    Akif AĞAYEV,
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər