Əli Əliyev - 65

Əli Əliyev - 65
  • Manşet / İdman

  • Bu gün, yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, SSRİ kubokunun sahibi, dünya çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Əli Əliyevin 65 yaşı tamam olur.

    Əli Müslüm oğlu Əliyev 10 oktyabr 1957-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Qızlaküçə məhəlləsində anadan olub.

    Əli Əliyevi Yunan-Roma güləş növü ilə məşğul olmağa ilk dəfə 1969-cu ildə tanınmış pəhləvan, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin yanında başlayıb.

    Sonradan təhsilini və güləş idmanını peşəkarcasına davam etdirmək məqsədilə paytaxt Bakı şəhərinə üz tutan Əli Əliyev burada idman təmayüllü internat məktəbində oxuyur.
    O, həmin məktəbin məzunları arasında ilk Beynəlxalq dərəcəli idman ustasıdır.

    Əli Əliyev 1973-cü ildə məktəblilərin Ümumittifaq Spartakiadasında üçüncü, 
    İtaliyada (Faenço şəhərində) keçirilən beynəlxalq turnirin isə qızıl mükafatçısı olub. 
    Deyilənə görə, boyda balaca, həm də arıq olan Əli döşək üzərinə çıxanda tamaşaçılar təəccüblənirdilər. Yedən “uşaqdır, tez məğlub olacaq” sözləri eşidilərmiş. Amma, mübarizə başlayanda isə onların fikirləri alt-üst olarmış.
    1976-cı ildə Əli Əliyev gənclər arasında SSRİ və Avropa çempionu (Polşa, Poznan şəhəri) olub. 
    1977-ci ildə ABŞ-da (Las-Veqasda) dünya üçüncüsü olmaqla güləş karyerasının ən yüksək pilləsinə qalxmışdır. 

    Gənc atlet 1979-cu ildə SSRİ xalqlarının VII Spartakiadasında dördüncü, 1982-ci ildə SSRİ çempionatında (Zaporojye şəhərində) ikinci yerin sahibi kimi güləş həvəskarlarının yaddaşında qalmışdır.

    Əli Əliyev uzun müddət Daxili İşlər Nazirliyinin “Dinamo” idman Cəmiyyətində məşqçi-müəllim işləmişdir. Yetirmələri arasında avropa, dünya, olimpiya çempionları vardır. 
    Ailəlidir, 3 övladı var. Oğlanları Rüstəm və Fuad atalarının yolunu layiqincə davam etdiriblər. 
    Cəfər Cəfərov,
    Asiya.az
     
    PAYLAŞ:

    Oxşar xəbərlər