Nadir Ağayevin xatirəsinə respublika güləş turnirinin açılışı oldu - FOTOLAR

Nadir Ağayevin xatirəsinə respublika güləş turnirinin açılışı oldu - FOTOLAR
  • Araşdırma / İdman

  • Oktyabrın 15-də, Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunan yeniyetmələr arasında XXVI ənənəvi açıq Respublika turnirinin açılış mərasimi olub.

    Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Yarış iştirakçılarını, qonaqları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib.

    İdman tariximizdə şərəfli iz buraxmış, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş Nadir Ağayevi ustad pedaqoq, gözəl ziyalı, kamil mütəxəssis kimi dəyərləndirən rayon rəhbəri Araz Əhmədov idmançılara uğurlar arzulayıb.

    Ölkədə idmanın inkişafından söz salan Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov iri miqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətindən danışıblar.

    Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov ölkəmizin cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçini, xeyirxah insanı xoş xatirələrlə yada salıb.

    Çıxışlarda qeyd edilib ki, Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz sürətdə bağlı olan Nadir Ağayevin adı bu gün də idmanın kütləviliyinə stimuldur.

    Nadir Ağayevin qohumu Akif Ağayev idman tədbirinin yüksək səviyyəli təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, rayon gənclər və idman idarəsinə, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına, eləcə də zəhməti keçən hər kəsə minnətdarlıq bildirib.

    Turnirin fəxri qonaqlarına – dünya və Avropa çempionatlarının mükafatçıları Əli Əliyev, Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov, Elvin Mürsəliyev, Taleh İsrafilov, Arif Niftullayev, Zəfər Əliyev, Xəyal Mehdiyev, I və II Qarabağ müharibəsi iştirakçısı Camaləddin Məmmədov və başqalarına Masallı Rayon Gənclər və İdman İdarəsinin xatirə nişanları təqdim olunub.

    İdman tədbirinin rəsmi hissəsinin sonunda Masallı Rayon Gənclər və İdman İdarəsinin sifariş və dəstəyilə ekranlaşdırılan “Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş olunub.

    Qeyd edək ki, Nadir Ağayevin ömür yolundan bəhs edən filmin ssenari müəllifi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

    Sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.

    Məlumat üçün bildirək ki, 15-16 oktyabr 2022-ci il tarixdə keçirilən turnirdə 2006-2007-ci il təvəllüdlü yunan-Roma güləşçiləri 10 çəki dərəcəsində mübarizə aparır.

    Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 29 komandanın tərkibində 182 yeniyetmə yunan-romaçı qüvvəsini sınayır.

    Final mərhələsi və mükafatlandırma mərasimi oktyabrın 15-də olacaq.

























    PAYLAŞ:

    Oxşar xəbərlər