Prezidentin Cəbrayıldan duyurduqları - Qənirə Paşayeva yazır

Prezidentin Cəbrayıldan duyurduqları - Qənirə Paşayeva yazır
  • Siyasət / Manşet

  • Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizə növbəti səfəri gerçəkləşdi. Bu səfər də, həmişə olduğu kimi adi səfər deyildi, təbii; təbii, qardaşların hər görüşu bir tarixdir, perspektiv yaradan hadisədir və həmişə önəmlidir; bununla belə, Ərdoğanın bu dəfəki səfərini, Zəngilan və Cəbrayılı ziyarətini yalnız özünün iki səfəri ilə müqayisə etmək olar (əlbəttə, ən müsbət emosiya, ən xoş duyğularla!) - biri, Şuşaya, digəri Füzuliyə ötən ilki səfərlərdən söhbət gedir. - "Şuşa Bəyannaməsi"nin imzalanması, Füzuli Hava limanının açılması bütövlükdə regionun ən yeni tarixinin ən mühüm hadisələrindəndir. Və bunların üzərindən çox keçməmiş - bu ilin 20 oktyabrında
    Zəngilan Hava limanının təntənəli açılışı və Cəbrayılda rəsmi qarşılanma mərasimi!
    Hadisə Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünə təvafüq etdi. Budur, qələbələrimizi hər il yeni uğurlarla taclandırırıq.
    Prezident Əliyevlə Prezident Ərdoğanın əl qoyduğu, təməlini atdığı, necə deyərlər, lentini kəsdiyi hər işdə uğur var. Prezidentlərimizin şəxsi dostluq və qardaşlığı Azərbaycan Türkiyə əbədi dostluq və qardaşlığına fövqəladə yeniliklər, zənginliklər qazandırır. 
    Prezident İlham Əliyevin Cəbrayılda mətbuata verdiyi bəyanatda vurğulanan məqamlar dediklərimizi təsdiq edir. - "Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır". - Bu cümlədə çox məqam var: tarix var, dərinlik var, üfüq var! Bu cümlə qardaşların qətiyyətini, siyasi iradəsini, qardaşlıq ruhunun qüdrətini ifadə edir. Əlbəttə, Mətbuata bəyanat bir cümlədən ibarət deyildir lakin məncə bu cümlə bəyanatın özəyini təşkil edir.
    Bu cümlənin dosta da, düşmənə də (biz istəmədən ozünu bizə, bizi özünə düşmən sanan zehniyyətlərin topuna) ismarıc kimi də məna yükü olduğunu düşünürəm. Düşünürəm ki, Prezidentn Cəbrayılda mətbuata verdiyi bəyanat həm işğaldan azadlığa götürən yolu həm azadlıqdan quruculuğa keçid sürəcini həm də uğurumuza darılanları, süni maneələr qondarmağa çalışanları gördüyumüzü, bildiyimizi qüsursuz şəkildə göstərir. Dost da, düşmən də Cəbrayılda İlham Əliyevin mətbuata verdiyi bəyanata bir ayna kimi baxıb, öz simasını görə, özünə çəki- düzən verə bilər...

    Bəli, qardaş Türkiyə Prezidentinin bir günlük səfərinin proqramı zəngidi. Zənginlik açılışlarla, təməlqoymalarla sıx bağlı olsa da, burada mənəvi, psixoloji, siyasi, diplomatik və iqtisadi faktorlar da, zamanlam da eyniguclə iştirak edir.

    Əraziləri 30 il işğalda qalan ölkə öz hesabına qurur, yaradır, 30 il "qalib" ədası ilə keçinən Ermənistansa işğal altındaki ərazilər bir yana, Ermənistan Respublikasının ərazisində Füzuli, Zəngilan Hava limanı kimi böyük layihələr icra edə bilməyib. Dünya erməniliyinin davamlı yardımları, ayrı-ayrı ölkələrdən aldıqları açıq-gizli iqtisadi, siyasi, hərbi... yardımlar Ermənistan üçün, ermənilər üçün nə nəticə verdi? Heç nə! Çünki, erməninin istəyinin mayası haramdı, çünki işləri haqq işi deyildi. Və əlbəttə, qarşılarındakı haqqın həm də güclü ola biləcəyini düzgün hesablamamışdılar. İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, liderliyi, Azərbaycanda dövlət-xalq birliyinin sarsılmazlığı erməni hesab dəftərinə sığmaz!

    Azərbaycan Prezidentinin Cəbrayılda mətbuata verdiyi bəyanatdan daha bir sitat gətirmək istərdim: 

    "Şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.
    Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür"! 
    Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda, Cəbrayılda qoşa addımlaması, ürək sozləri, mətbuata bəyanatları əcdadınızın ruhunu şad edir, gələcək nəsillərə yol göstərir. O yol, "Ortaq keçmişdən ortaq gələcəyə" aparan yoldur!
    Yollarımız açıq olsun!
    Qənirə Paşayeva, 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri. 
    PAYLAŞ:

    Oxşar xəbərlər