Bu Ramizi kim aparar, Bu Ramiz olmayan yerə?!

Bu Ramizi kim aparar, Bu Ramiz olmayan yerə?!
  • Manşet / Cəmiyyət

  • Bu gün böyük söz ustadı Ramiz Rövşənin doğum günüdür. Bəli, şeirlərini sevdiyimiz, hər kəlməsi ilə qəlbimizin ən dərinliyinə toxunan şair bu gün 76 yaşını tamamlayır. Ramiz Rövşən gənclik illərindən bəri redaktor, ssenarist, kinostudiyanın baş redaktoru kimi bir çox sahədə fəaliyyət göstərib. Hətta ssenariləri əsasında bir çox tanınmış bədii və sənədli filmlər çəkilsə də bizlər onu ən çox şair kimi tanıyıb sevmişik. Əsərləri nəinki ölkəmizdə, hətta dünya miqyasında da yayılıb. Şeirləri tərcümə edilərək, keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. 7-dən 77-ə bütün xalqın ona olan sevgisinin sübutu isə saatlar çəkən imza mərasimlərində izdihamın bir an belə olsun azalmamasıdır. Bir neçə ay öncə keçirilən kitab sərgisində 5 gün ərzində nəşriyyat, kitab mağazalarının stendlərində şairin kitablarına olan tələbin canlı şahidi oldum. Ramiz müəllim həm də sərginin fəxri qonağı idi. Tıxac səbəbindən imza mərasiminə yarım saat geciksə də, bir oxucu belə oranı tərk etmədi. Əksinə hər ötən dəqiqə qonaqlar artır, daha böyük həyəcanla şairin gəlişini gözləyirdilər. Bütün bunlar isə bir şairin ən böyük xoşbəxtliyidir. 

    Ramiz Rövşən elə bir şairdir ki, haqqında yazmaq üçün də, danışmaq üçün də saatlar, hətta günlər gərəkdir. Lakin bütün yazılar da, çıxışlar da bir gün unudulacaq. Unudulmayan tək şey isə Ramiz müəllimin qəlblərdə, ədəbiyyat tariximizdə qoyduğu izlər, əvəzsiz əsərlər, bir-birindən möhtəşəm şeirləri olacaq.

    Biz də “Asiya.az” İnformasiya Agentliyinin kollektivi adından dahi Xalq şairimizi ürəkdən təbrik edir, möhkəm can sağlığı arzu edirik. Siz çox yaşayın, əziz Ramiz Rövşən! Yaşayın, yaşadın, yaradın…
    Fərqanə Qafarova
    PAYLAŞ:

    Oxşar xəbərlər