Sevgilisinə görə dalaşanlar, mədəniyyətimizi çökdürənlər... – “Başıbəlalı” nazirliyin qalmaqallı NAZİRLƏRİ

Sevgilisinə görə dalaşanlar, mədəniyyətimizi çökdürənlər... – “Başıbəlalı” nazirliyin qalmaqallı NAZİRLƏRİ
  • Araşdırma / Cəmiyyət

  • Azərbaycan köklü mədəniyyət tarixinə sahib olan ölkələrdən biri olsa da, bu sahəni kurasiya edən nazirlik ətrafında hər zaman müxtəlif qalmaqallar yaşanıb. Dövlət tərəfindən bu sahəyə hər il büdcədən milyonlar ayırılsa da, görülən işlər və nəticələr bu islahatlara çox zaman adekvat olmayıb.

    Bəs, Azərbaycanda mədəniyyət nazirliyinin hər zaman digər nazirliklərlə müqayisədə "başıbəlalı” olmasının səbəbi nədir?

    AZXEBER.COM tarixə kiçik ekskursiya edərək nazirliyə rəhbərlik etmiş şəxslər haqqında qısa arayış toplayıb.
    Ümumilikdə SSRİ-i dönəmindən bu günə kimi ölkəmizdə 8 mədəniyyət naziri olub. Onlardan yalnız üçünün fəaliyyəti müstəqillik dönəmimizə təsadüf edir.
    Azərbaycan müstəqillik əldə edəndən sonra Mədəniyyət Nazirliyinə tanınmış bəstəkar və müğənni Polad Bülbüloğlu rəhbərlik edib. Uzun illər bu postda çalışan keçmiş nazirin dönəmində mədəniyyət sahəsində köklü islahatlar getməsə də, eks nazir ondan sonrakılarla müqayisədə adını qaranlıq işlərdə hallandırmayıb.

    Amma dövri mətbuatda gedən məlumatlardan belə aydın olur ki, onun dönəmində də bu sahədə çalışan mədəniyyət işçiləri tərəfindən çoxlu sayda narazılıqlar olub. Məsələn, xalq artisti Akif İslamzadə "Yeni Sabah” saytına danışarkən P.Bülbüloğlunun dövrünü belə xarakterizə edir: "Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi". O, P.Bülbüloğluna qarşı sərt ittihamlar səsləndirib. 
    Bu iddialarla bağlı isə, sabiq nazir tərəfindən heç bir təkzibedici açıqlama verilməyib.

    Azərbaycan SSR xalq artisti olan P.Bülbüloğlu hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyır.

    Müstəqillikdən sonra Mədəniyyət naziri postuna ikinci gətirilən şəxs Əbülfəz Qarayev olub. 2006-2020-ci illər ərzində bu vəzifəni icra edən eks nazir ümumilikdə Azərbaycan tarixində ən uzun müddət vəzifədə qalan nazirlərdən biri kimi yaddaşlarda qalıb.

    Vəzifədə olduğu müddətdə yeni teatr binalarının, mədəniyyət evlərinin açılışlarını həyata keçirsə də, mədəniyyət işçiləri Ə.Qarayevin dönəmini "çöküş dönəmi” olaraq xatırlayırlar. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Ə.Qarayevin dönəmini bu fikirlərlə izah edir: "Əbülfəs Qarayev Azərbaycan kinosunu sıradan çıxardı, Azərbaycan kitabxanalarını məhv etdi, tarixi abidələrini xeyli ziyana saldı. Hesab edirəm ki, öz mənfəəti üçün çalışan adamlardan biri idi".

    2020-ci ilin may ayında Prezident İlham Əliyev sərəncam imzalayaraq Əbülfəs Qarayevi Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad etmişdi. Buna səbəb o dönəmdə nazirliyə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən çoxlu sayda əməliyyatların keçirilməsi idi.
    Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov saxlanılmış, onun vəzifə səlahiyyətindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı kimi cinayətlər törətdiyi ortaya çıxarılmışdı.
    Digər bir əməliyyatla isə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifə səlahiyyətindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə həbs edilmişdi.

    Ə.Qarayevin vəzifədən çıxarılması yeni bir ümid doğursa da, gözlənilənlərin əksinə fərqli bir mənzərə ortaya çıxdı.
    Yeni nazir Anar Kərimova islahatlar aparması üçün etimad göstərildi. Gənc nazir isə, bu etimadı doğrulda bilmədi. Cəmisi 11 ay nazir postunda əyləşən Anar Kərimovun dönəmində də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) nazirliyə əməliyyatlar keçirdi. Əməliyyatlar nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanıldılar.

    DTX tərəfindən saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə bağlı yeyintilərlə yanaşı, xoşagəlməz xəbərlər də dövri mətbuatda çap edilməyə başlanıldı. Məlumata görə, nazir müavini Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birində ailə dostu ilə mübahisə edib və bu mübahisə əlbəyaxa davaya çevrilib. İddialara görə dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş veribmiş. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında dava düşüb.

    Bu hadisənin üzərindən bir neçə ay keçməsindən sonra ölkə başçısının sərəncamı ilə nazir Anar Kərimov da tutduğu vəzifədən azad edildi.
    Dövlət başçısının digər sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
    Hazırda o nazir postunu müvəqqəti icra edir.
    Ayşən Mirzəyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər