“80 ilin hesabatı rəngarəng olduğu qədər də zəngin və şərəflidir” – Millət vəkilindən müəlliminə təbrik

“80 ilin hesabatı rəngarəng olduğu qədər də zəngin və şərəflidir” – Millət vəkilindən müəlliminə təbrik
  • Masallı / Cəmiyyət

  • Hörmətli Urşan müəllim! Yanvarın 19-da Sizin 80 yaşınız tamam olur. Allahın Sizə bəxş etdiyi bu 80 ilin hesabatı rəngarəng olduğu qədər də zəngin və şərəflidir. Hər bir yubiley həm də hesabatdır. Sizin hesabatınızın uğurli bir səhifəsi Kolatanın tarixinə həsr etdiyiniz əsərinizdir.

    Masallının böyük ziyalısı Urşan Tağıyevin “Kolatan və kolatanlılar” kitabı xalqımızın uzun illərdən sonra öz canı və qanı hesabına tarixi torpaqlarımızı azad edib, Qarabağda böyük quruculuq işləri apardığı günlərdə işıq üzü gördü. Qeyd edək ki,  ümumiyyətlə tarixi əsər yazmaq bir o qədər də asan deyil. Azərbaycan tarix elminin banisi A.Bakıxanov yazırdı ki, tarix onu yazanın ədalətindən aslıdır. Ədaləti olmayan  doğru tarix yaza bilməz.

    Ömrünün böyük bir hissəsini orta məktəbdə riyaziyyat müəllimi kimi çalışan gözəl ziyalımız, sadə hesabdan mürəkkəb riyazi tənliklərə qədər bu elmi səbrlə və sevgi ilə şagirdlərinə öyrədən Urşan müəllim bu dəfə qələmini Kolatanın tarixini kitaba çevirməklə sınağa çəkib. Onun Vətəninə olan böyük sevgisindən doğan bu addımı çox uğurlu alınıb və müəllif riyazi təfəkkürlə tarixi düşüncəni uzlaşdıraraq qarşısına qoyduğu o müqəddəs məqsədə - doğma yurdunun tarixini qələmə almaq, təbliğ etmək və gələcək nəsillərə ötürmək arzusuna nail olub. Müəllifin amalı odur ki, hər bir kolatanlı doğulub boya başa çatdığı kəndini sevsin. Yurdunu sevən Vətəni Azərbaycanı da sevəcək və bu sevgini gələcək nəsillərə də ötürəcəkdir.

    Urşan müəllimin doğulduğu Kolatan, həqiqətən də, Azərbaycanın ən gözəl və səfalı yerlərindən biridir. Allah-Təala heç bir şeyi bu yurddan əsirgəməyib.İnsanlarına gəlincə, Böyük Yaradan burada da öz səxavətini göstərib. Diyarın zəhmətkeş insanları, gözəl ziyalıları, igid oğulları, ləyaqətli qızları və qadınları həmişə bu yurda başucalığı gətiriblər.      Kolatan məktəbində yüzlərlə müəllim dərs deyib, şagird yetişdirib. Onların hamısı haqqında danışmaq imkan xaricindədir. Amma Əhməd Səmədov və Urşan Tağıyev haqqında danışmağı və yazmağı özümə borc bilirəm. Kolatan müəllimlərinin zirvəsi sayılan bu müəllimlərin hər ikisi mükəmməl məktəb yarada bildilər. Allah bu şərəfli adı onlara qismət elədi. Hər ikisinin şagirdi olaraq müəllimlərimə olan yüksək ehtiramımı həmişə bildirir və bunu hər şeydən uca tuturam.

    Urşan müəllim ciddi və məsuliyyətli bir ziyalıdır. Ədaləti böyükdür, nəfsi də toxdur. Azərbaycan Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirən ilk kolatanlıdır. Əgər təhsilini davam etdirib, elm sahəsinə baş vursaydı, Kolatanın riyaziyyat üzrə ilk elmlər doktoru, professoru və Respublikamızın tanınan riyaziyyatçılarından biri ola bilərdi. Buna heç kimin şübhəsi yoxdur. Bu gün Universitetdə mənimlə çiyin-çiyinə Urşan müəllimin tələbə yoldaşları çalışır. Yuxarıda söylədiyim fikir onlara məxsusdur. Onlar deyir ki, Urşan müəllim bizim ən istedadlı tələbə yoldaşımız idi, çox təəssüf ki, təhsilini davam etdirmədi, kənd müəllimi olmağı üstün tutdu.

    Urşan müəllim həyatın bütün çətinliklərini görən və onlara mərdi-mərdanə sinə gərən bir insandır. Zəhmət adamıdır, düzlük, həqiqət onun üçün hər şeydən vacibdir. Ailədə yeddi qardaş və bir qız uşağı dünyaya gəlib, hamısının soyadı Bağırovdur, Urşan müəllim isə Tağıyev soyadı ilə tanınır.

    Urşan müəllim həm Masallı rayonunda, həm də Azərbaycanımızın əksər bölgələrində ziyalı kimi tanınır. Uzun müddət Kolatanın icra nümayəndəsi işləyib. I Qarabağ müharibəsi dövründə ömrünün çətin və ağır günlərini yaşayıb. O zaman kəndin gənclərini orduya səfərbər etmək, valideynləri razı salmaq, ayrı – seçkiliyə yol verməmək üçün böyük nüfuz sahibinə ehtiyac var idi. Urşan müəllim bu çətin işlərin öhdəsindən bacarıqla gəldi. Kolatan Qarabağ müharibəsində yeddi şəhid verdi. Kolatanın II Qarabağ müharibəsində də bir şəhidi oldu. Qəbirləri nurla dolsun!

    Əslində Urşan müəllim indi ömrünün sakit və qayğısız illərini yaşamalıdır. Əksərən bu yaşda olan insanlar məşğuliyyət tapmaqda çətinlik çəkirlər. Amma Urşan müəllimin Vətən, yurd sevgisi onu çox məsuliyyətli bir işin altına girməyə vadar edib. Kolatanın tarixini yazmaq, onu kolatanlılara ərmağan etmək arzusu onun böyük vətənpərvərliyindən xəbər verir. Bu iş həm çətin, həm də məsuliyyətlidir.Lakin Urşan müəllim onun öhdəsindən bacarıqla gəlmişdir. Kitab üzərindəki qeydlər və düzəlişlər onu göstərir ki, müəllif ucuz şöhrət dalınca qaçmamış, elmi araşdırmalar apararaq, mənbələri öyrənərək, onların məlumatlarını tutuşduraraq, saf – çürük edərək ciddi bir əsər ortaya qoymuşdur.

    Urşan müəllim Kolatanla bağlı əlindən gələni edib, əvəzsiz bir kitabı ərsəyə gətirib. Təbiidir ki, bu gözəl təşəbbüsün də davamçıları olacaq, zaman-zaman yeni mənbələr aşkar olunaraq elmi dövriyyəyə cəlb ediləcəkdir. Bu gün isə hər bir kolatanlı onun doğma elinin-obasının tarixini yazdığına görə Urşan müəllimin əməyini yüksək qiymətləndirib ona öz minnətdarlığını bildirir.

    Urşan müəllim gözəl ailə başçısıdır. Övladları, nəvələri və nəticələri bu adla fəxr edir, qürür duyurlar.

    Əziz Urşan müəllim! 80 illik yubileyiniz mübarək! Allahdan Sizə uzun və sağlam illər arzulayırıq. 80-dən sonra 90, 100 gəlir….  Biz-Sizinlə fəxr edənlər 80-dən sonra gələn yubileyləri Allahdan Sizə arzulayırıq.

    Anar İsgəndərov,

    Milli Məclisin deputatı,

    tarix elmləri doktoru, professor

    PAYLAŞ:

    Oxşar xəbərlər