Anar İsgəndərov: "İran bizə olan qeyri səmimi münasibətini gizlədə bilmədi"

Anar İsgəndərov: "İran bizə olan qeyri səmimi münasibətini gizlədə bilmədi"
  • Manşet / Siyasət

  • Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin əməkdaşlarına qarşı həyata keçirilən qanlı terroru lənətləyir, şəhid olan baş leytenant Orxan Əsgərovun əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Terror aktı nəticəsində yaralanan səfirlik əməkdaşlarına Allahdan şəfa diləyirəm.
       
    Azərbaycan İranla qonşu dövlətdir. Tarix boyu bu ərazidə yaşayan xalqlar həmişə mehriban qonşuluq şəraitində yaşamışlar. Yaxın tarixdə İrana qarşı güc tətbiq etmək istəyən dövlətlər Azərbaycanın kəskin etirazı ilə üz-üzə gəldilər. Yəni Azərbaycan dövləti qonşu İrana həmişə dost gözü ilə baxmağı bacarıb. Çox təəssüflər olsun ki, bu xeyirxah qonşuluq münasibətlərini İran tərəfindən görə bilmirik. Otuz illik Qarabağ münaqişəsi dövründə İran Qarabağ məsələsində öz məkrli niyyətini müəyyən qədər gizlədə bildi. Amma 44 günlük Vətən Müharibəsi günlərində İran bizə olan qeyri səmimi münasibətini gizlədə bilmədi, əsl siması ifşa olundu. Dost və qonşu Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə işğalçı Ermənistana qucaq açdı, onu hər şeylə təchiz etdi. Bu yardımları edərkən görəsən fikirləşirdi ki, düşmən ona verilən bu silahlardan azərbaycanlı əsgərlərə qarşı istifadə edir, onların qanını axıdır. İslam dini, müqəddəs Qurani-Kərim “müsəlman müsəlmana qardaşdır” deyəndə İranın bu mövqeyini necə qiymətləndirmək olar? 
       
    Azərbaycan demokratik və müstəqil dövlətdir, müstəqil siyasət və böyük nufuz sahibidir. 44 günlük Vətən Müharibəsi günlərində Ermənistanın işğalçı siyasətini müdafiə edən dövlətlər Azərbaycana qarşı hər cür təhdidlərdən istifadə etdilər, amma istədiklərinə nail ola bilmədilər. Azərbaycan geri çəkilmədi, çünki Azərbaycan tərəfi öz haqqını müdafiə edirdi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri almaq istəyirdi, Ali Baş Komandan hər cür təzyiqləri dəf etmək iqtidarında olan cəsarətli və qətiyyətli dövlət başçısıdır. Belə terror aktları Azərbaycanı ruhdan sala bilməz, əksinə belə xəyanətlər bizi daha sıx birləşməyə məcbur edir. Bizim dünyanın heç bir dövlətindən qorxumuz yoxdur. 44 günlük Vətən Müharibəsi göstərdi ki, dünya azərbaycanlıları haqq işimizin müdafiəsində bizim yanımızdadır, uğurlarımızı öz uğuru kimi qəbul edirlər. Bizi haqq yolumuzdan heç kim döndərə bilməz.
    Anar İsgəndərov,
    Millət vəkili, professor 
    PAYLAŞ:

    Oxşar xəbərlər