Lənkəran şəhəri ilə Buxara şəhəri qardaşlaşıb - FOTOLAR

Lənkəran şəhəri ilə Buxara şəhəri qardaşlaşıb - FOTOLAR
  • Lənkəran / Manşet / Siyasət

  • Fevralın 24-də Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. 
     
    Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxışlarında tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində hər iki ölkənin dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin xüsusi önəmini qeyd ediblər.
     
    Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb. Belə ki, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi imzalanıb.
     
    Lənkəran-Buxara şəhərlərinin qardaşlaşması haqqında sənədi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Buxara şəhər hakimi Jamol Nasirov imzalayıb.
     
    Forumda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadi və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Lənkəran-Buxara şəhərlərinin qardaşlaşması xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etməsinə, mədəniyyətlərimizi bir-birinə yaxınlaşdırmağa xidmət edəcək.




    PAYLAŞ:

    Oxşar xəbərlər