Qafqaz-İslam Ordusu — Azərbaycanın xilaskarı

Qafqaz-İslam Ordusu — Azərbaycanın xilaskarı
  • Araşdırma / Siyasət

  • Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində – Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, ­Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevrildiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu Mehmetçiklərinin mübarək məzarlarıdır. Əksər yerlərdə Mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəslə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır. 

    Rüşdü bəy-Beşinci Qafqaz diviziyasının qərərgah rəisi
     
    Düz 105 il bundan əvvəl Osmanlının Qafqaz-İslam Ordusu adlanan əsgər və zabitləri Azərbaycan adlanan bir məmləkətin köməyinə gəldilər. 
       
    1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə müstəqil Azərbaycan xanlıqları çar Rusiyası tərəfindən işğal olundu. Naxçıvan və İrəvan xanlıqlarının yerində “erməni vilayəti” yaradıldı. Sual yaranır: əgər bu ərazidə erməni  yaşayırdısa, onda rus işğalından sonra niyə bu torpaqlar çar fərmanı ilə erməni vilayəti adlandırıldı? Deməli, bu ərazidə erməni olmayıb, olsa belə güc sahibi deyildilər. Əgər burda erməni var idisə, Türkmənçay müqaviləsinin 15-ci bəndinə görə bu ərazilərə ermənilər niyə köçürülürdü? Köçürmə komissiyasına rəhbərlik edən general Lazarev Təbrizdə yaşayan ermənilərə deyirdi ki, Sizə təzə vətən tapmışıq. Bu vətən Qarabağ, Naxçıvan, İrəvandır. Bəs ermənilərin vətəni hara idi?
       
    Zaman-zaman ermənilər çar Rusiyasının himayəsindən istifadə edərək tarixi torpaqlarımıza sahib oldular, dini abilərimizi  məhv etdilər, əhalini öz tarixi torpaqlarını tərk etməyə məcbur etdilər.
         
    …1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsi devrildi. İmperiya buxovlarından azad olan Azərbaycan xalqı erməni təcavüzü ilə üz-üzə dayandı. 1918-ci ilin əvvəllərindən başlayaraq Daşnaksütün və Erməni Milli Şurasının rəhbərlik etdiyi erməni hərbi birləşmələri Azərbaycan xalqına qarşı soyqırıma başladılar. Çar Rusiyasının xalqımıza vurduğu ən ağır yaralardan biri müsəlmanların hərbi xidmətə çağrılmaması oldu. Erməni və gürcülər kifayət qədər əsgər və zabitə sahib olduğu halda, Azərbaycan tərəfi bu cəhətdən ağır durumda idi. Erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qərbi Azərbaycan, Borçalı, Cənubi Azərbaycanda həyata keçirilən soyqırımdan sonra Azərbaycanın milli-demokratik ziyalıları bir daha əmin oldular ki, ermənilərin kifayət qədər havadarı olduğu halda, azərbaycanlıları müdafiə edən, onlara qarşı soyqırım həyata keçirən ermənilərə dur deyən yoxdur. 
         
    1918-ci il mayın sonlarında özgə torpaq və özgə paytaxtda Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan xalqının uzaqgörən ziyalıları ümidlərini Osmanlıya bağlayıb ondan yardım istədilər. Çünki Bakını ələ keçirib öz hakimiyyətini quran Stepan Şaumyan Cümhuriyyətin qalası Gəncə üzərinə hücuma hazırlaşırdı. Hər cür silaha malik və 20 minlik Bakı Soveti qüvvələri  əliyalın Gəncə əhalisini və Milli Hökuməti yox etmək fikrində israrlı idilər. Azərbaycan ziyalılarının Osmanlıya çoxsaylı xahişləri öz nəticəsini verdi.Birinci dünya müharibəsinin iştirakçısı olan Osmanlı dövləti çətin günlərini yaşayırdı, amma Azərbaycan xalqına olan məhəbbət, dil və din qardaşının ağır durumu Osmanlını ədalətli bir qərar qəbul etməyə məcbur etdi.
         
    …Romaniyada komutan əsgərə müraciətində deyir: əsgər, müharibə bitdi. Üç ildən çoxdur ki, evinizdən, ailənizdən xəbəriniz yoxdur. Evinizə qayıdıb ailənizə qovuşmaq Sizin haqqınızdır. Amma, Xəzərin sahilində dili bizim dildən,dini bizim dindən olan müsəlmanlar yaşayır. Erməni gavurlar onları hər şeydən məhrum ediblər, hər gün Xəzərin sahilindən qorxulu xəbərlər gəlir. Allah rizasına onlara kömək lazımdır. Mən komutan olaraq qərar verə bulmirəm. Arxamı Sizə çevirirəm. Kim istəyirsə evinə, kim istəyirsə Xəzərin sahilinə. Komutan əsgərlərə sarı dönəndə sözlə ifadəsi mümkün olmayan bir səhnənin şahidi olur. Dörd yüz nəfərlik heyət bir nəfər kimi Xəzərin sahilinə qardaşlıq yardımına qərar verir. 70 illik sovet dönəmində bu tarix bir dəfə olsun dilə gətirilmədi.
       
    Qafqaz-İslam ordusunun xilaskarlıq yürüşü Gəncədən başladı. Çünki 29 yaşlı Nuru paşanın qərargahı bu şəhərdə yerləşirdi. Nuru paşa düşmən haqqında ətraflı məlumat toplayandan sonra qardaşı, hərbiyyə naziri, Azərbaycan sevdalısı Ənvər paşaya yazırdı: Abi, Osmanlının şərəf və ləyaqətini qorumağ üçün mənə ordu göndər. Ənvər paşa da bu xahişi müsbət qarşıladı.
         
    Qafqaz-İslam Ordusunun Gəncədən başlanan xilaskarlıq yürüşü Bakıda uğurla sona çatdı. Bakı Soveti qüvvələri ilə həlledici doyüş Göyçayın Qaraməryəm kəndi ətrafında baş verdi. Döyüşlər bir neçə gün davam etdi. Yerli əhali orduya əlindən gələn yardımı etdi. Düşmən darmadağın edildi və onun təqibi başlanıldı.Gəncədə Milli Hökumət üçün yaranan təhlükə sovuşdu. Şamaxı, Kürdəmir, Salyan və yaxın kəndlər düşməndən azad edildi. Azərbaycanlı gənclər təlimlərdə iştirak edir və böyük ruh yüksəkliyi ilə orduya yazılırdılar. Nuru paşanın ordusunun sayı azərbaycanlı gənclərin hesabına günü-gündən artırdı. Avqustda Bakıya yaxınlaşan ordunun ərzaq və silah baxımından çətinlikləri var idi. Düşmənə yardım edənlər çox idi, üstəlik diplomatik kanallarla Osmanlıdan tələb olunurdu ki, ordusunu geri çəksin. Birinci dünya müharibəsində Osmanlının müttəfiqi Almaniya Bakı məsələsində daha çox israr edirdi. Ona görə də Ənvər paşa alman nümayəndərinin yanında Nuru paşaya yazdığı məktubunda tələb edirdi ki, geri qayıtsın. Amma yavərlə Nuru paşaya göndərdiyi gizli məktubunda yazırdı: “Əgər Bakını düşməndən azad etməsən anamızın südü sənə haram olsun.” 
         
    Avqustun əvvəllərində Qafqaz-İslam ordusu Bakı həndəvərinə yetişsə də ilk hücum uğursuz oldu. Bakı Nuru paşanın intizarında idi.Amma Bakını azad etmək müşkül məsələyə çevrilmişdi. İyulun sonlarında Şaumyanın rəhbərlik etdiyi  Bakı Soveti  qurumu istefa verməyə məcbur oldu. Onu Sentrokaspi adlanan və ermənilərdən ibarət qurum əvəz etdi. General Denstervilin rəhbərlik etdiyi  ingilis qüvvələri Sentrokaspiyə hər cür yardım göstırirdi, təki türklər Bakıya daxil ola bilməsin.
         
    İlk cəhddə uğur qazana bilmədiyi üçün ruhdan düşən ordunun nəyə isə ehtiyacı var idi. Həmin günlərdə Azərbaycan zialılarının Qafqaz-İslam Ordusuna ünvanlanmış məktubu əsgərlər arasında boyük coşqu yaratdı. Müraciətdə deyilirdi:”

    “Türk Ordusuna! Əgər siz bu sərvət və altun şəhərini azad etməsəniz, sevgili Vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq.

    Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərmağan apar!”.
       
    Azərbaycan aydınlarının Osmanlı əsgərlərinə ünvanlanmış bu müraciət ordunun əhval-ruhiyyəsini dəyişdi. Ordu Bakını azad etmək üçün komandanın əmrini gözləyirdi. Nuru paşa belə bir əmri imzaladı.

    Sentyabın 15-də Qafqaz —İslam Ordusu Bakını düşmən qüvvələrindən azad etdi. Milli Hökumət Bakıya daxil oldu Mart soyqırımı günlərində Bakını tərk edən əhali də Qafqaz-İslam Ordusu ilə Bakıya daxil oldu. Bakı öz tarixində ilk dəfə Azərbaycanın paytaxtına çevrildi.
       
    Nuru paşa Bakını azad edən günlərdə Təzəpir məscidinin axundu Ağa Əlizadə Bakı dindarları adından onu məscidə dəvət etdi. Ağa Əlizadənin cümə xütbəsində Osmanlı Ordusu haqqında çıxışı hamını həyacanlandırdı:” Camaat, Allah-Təala məlaikələri osmanlı əsgərlərinin simasında bizim köməyimizə göndərdi. Bu ordu haqq ordusudur.” 
         
    Nuru paşa Bakı camaatının xahişıni eşidərək böyük bir heyətlə Təzəpirin həyətinə daxil oldu. Qurban bayramı günləri idi. Məscidin həyəti insan selini xatırladırdı. Hamı Bakının xilaskarını görmək və ayaqları altında qurban kəsmək istəyirdi. Nuru paşa insanların alqışları altında məscidə daxil olaraq minbərə qalxdı.Çıxışı qısa, amma təsirli oldu:” Gəncədən Bakıya qədər bu azadlıq mücadiləsində iki qardaş çiyin-çiyinə vuruşdu və qanı töküldü. Bundan sonra bu qardaşları heç bir güc ayıra bilməz”.
     
    Nuru paşanın ayaqları altında o qədər qurban kəsilmişdi ki, general libası qan içində idi. Təzəpirdən sonra Nuru paşa başda olmaqla komandanlıq Hacı Zeynalabdin Tağıyevin evinə dəvət olunmuşdu. Milli hökuməti təmsil edənlərlə yanaşı Bakının imkanlı adamları 29 yaşlı paşanı həyəcanla gözləyirdilər. Mart soyqırımı günlərində böyük mesenant H.Z.Tağıyev əhd etmişdi ki, kim Bakını erməni qüvvələrindən azad etsə, yaşadığım evi( indiki Azərbaycan Tarixi Muzeyi) ona ərməğan edəcəyəm. Ona görə də Nuru paşanı bağrına basan Hacı evin açarını təqdim etdi, amma Nuru paşa götürmədi.
     
    1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan parlamentinin ilk qərarlarından biri osmanlı ordusu haqqında oldu: “Azərbaycanın istiqlalı yolunda şəhid olan osmanlı əsgər və zabitlərinə Bakının ən əzəmətli yerində abidə qoyulsun.”Təəssüflər olsun ki, 1920-ci ilin bolşevik işğalı bu qərarın  həyata keçməsinə imkan vermədi. Həmin yerdə Azərbaycan xalqının düşməni Kirova əzəmətli abidə qoyuldu. Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin müvafiq qərarı ilə Şəhidlər xiyabanında həmin abidənin açılışı oldu. 

    Azərbaycanın istiqlalı və xilası yolunda Qafqaz-İslam Ordusu 1330 nəfər şəhid verdi. Bu gün Şəhidlər Xiyabanını ziyarət edən hər birimiz Osmanlı və azərbaycanlı mehmetciklərin ruhuna dualar oxuyur, onları rəhmətlə anırıq. 
       
    Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra onu ilk tanıyan Türkiyə Cümhuriyyəti oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında: ”Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl də biz bir yerdə idik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır.”
    PAYLAŞ:

    Oxşar xəbərlər