Asiya.az xəbər verir ki, Masallı Olimpiya Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVII ənənəvi açıq Respublika turnirinə yekun vurulub.
Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Nadir Ağayevin yetirmələri, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarının dəstəyilə keçirilən turnir iki gün (21-22 oktyabr) davam edib.
Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.
Məlumat üçün bildirək ki, 21-22 oktyabr 2023-cü il tarixdə keçirilən turnirdə 2007-2009-cu il təvəllüdlü yunan-Roma güləşçiləri 11 çəki dərəcəsində mübarizə aparıb.
İlk üç yeri tutmuş idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pul ilə mükafatlandırılıb.
Komanda hesabında Sumqayıt komandası birinci, Göyçay ikinci, Masallı komandası üçüncü yerə layiq görülüb.
Turnirin keçirilməsində göstərilən dəstəyə görə bir qrup şəxsə təşkilat komitəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.
Fotolar Elsevər Əliyev və Faiq Mirzəyə məxsusdur.