"Düşmənə adekvat cavab veri­lib" - Arzu Bağırova

"Düşmənə adekvat cavab veri­lib" - Arzu Bağırova
  • Siyasət

  • "Azərbaycan xalqı bütün dünyanı çənginə almış, milyon­ların ölümünə səbəb olan “görünməz düşmən” COVID –19 bəlasından az itkilərlə çıxmağın yolları barədə araşdırmalar apararkən, iyulun 12-dən başlayaraq daha bir ağır hadisə ilə bağlı həyəcanlı günlər yaşayır."

    Asiya.az
    xəbər verir ki, bu sözləri azmedia.az satına açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova son günlər Tovuzun sərhəd xəttində erməni tərəfin törətdiyi təxribatla bağlı fikirlərini bildirərkən deyib.

    Birlik sədrinin sözlərinə görə, u günlər hamının nəzərləri Tovuza dikilib, bütün respublika cəbhə xəttindən gözlənilən ümidverici xəbərlərə köklənib. Bir tərəfdən “gözə görünməz” adlandırdığımız düşmən – koronavirus, digər tərəfdən, Tovuzun sərhəd xəttində görünən düşmən – ermənilərin törətdiyi təxribat xalqımızın yuxusunu qaçırıb. Mən bir QHT rəhbəri, vətəndaş, nəhayət ana kimi Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, artilleriya atəşindən istifadə edib mövqelərimizi ələ keçirməyə cəhd edəndən böyük həyəcan və narahatlıq içindəyəm. Mənim kimi milyonlarla insan bu narahatlığı yaşayır.

    Biz yaxşı bilirik ki, Azərbaycan– Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində hərbi təxribat ilk hadisə deyil. Son bir neçə ay ərzində erməni tərəfin törətdiyi hərbi təxribatlar nəticəsində burada Azərbaycan hərbçiləri, eyni za­manda, dinc kənd sakinləri, mülki şəxslər həlak olmuşlar. Məlumdur ki, baş verən hadisə Ermənistanın növbəti təxribatıdır və bunlara görə bütün məsuliyyət o ölkənin hərbi-siyasi rəhbərliyinin üzərindədir. Və sərhəddə gərgin vəziyyət hələ başa çatmayıb, açılan atəşlərdən şəhidlər, yaralılar hər gün artır. Ermənistanın faşist xislətini bildiyimizdən deyə bilərik ki, iyulun 12–17-də Tovuzda baş verənlər, Ermənistanın Azərbaycanın dövlət sərhədi boyunca törətdiyi ilk hərbi təxribat olmadığı kimi, son da deyə bilmərik, çünki hər gün atəş, hər gün sərhəddə və ətraf kəndlərdə sakinlərin narahatlığı, həyəcanı səngimir. Sonuncu hücum vaxtı, Tovuzun Ağdam kəndindəki pos­tuna qəfil artilleriya atəşi açılması nəticəsində yenə hərbçilərimiz həlak olub, yaralılarımız var.

    Doğrudur, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qo­ruyub və təxribatın qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab veri­lib. Ermənistan rəhbərliyi o qədər iki­üzlü, riyakar, beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edən əməllər sahibidir ki, bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan–Azərbaycan qoşunları­nın təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir, digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın edir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Çünki Ermənistan Azərbaycanın son illər və aylar boyunca müxtəlif sahələrdə əldə etdiyi ardıcıl beynəlxalq uğur­ları həzm edə bilmir. Uydurmalarla bütün uğursuzluqların səbəbini Azərbaycan tərəfdə görür.

    Dövlət başçımız Ermənistanın faşist xislətindən əl çəkə bilmədiyini vurğulamış və qeyd etmişdir ki, onların bu rəzilliyi artıq ədalət sevən, haqqa inanan ölkələr tərəfindən qəbul edilmir və Azərbaycan hər zaman haqlı tərəf kimi dəstəklənir. Sərhəddə baş verənlər həm də onu sübut edir ki, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Çünki qarşı tərəf görür ki, Azərbaycanın haqq işini haq-ədalət sevən əksər dövlətlər dəstəkləyir. Əlləri hər şeydən üzülən Ermənistan rəhbərliyi bütün tükənən imkan­larından istifadə edərək, hətta, Ermənistan–Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsində də özlərinin hərəkətinə dürüstlük donu geyindirməyə çalışırlar. Dünya dövlətlərinin əksəriyyəti isə haqqın – Azərbaycanın tərəfindədir.

    Döyüşlərdə sübut olundu ki, bizim generallarla əsgərlərimiz cəbhədə bir cərgədə, ön sırada dururlar. Onların generalları kimi əsgər arxasında gizlənib can qo­rumurlar. Xain düşmənin general Polad Həşimovu hədəf alması onun nə qədər alçaq və xəbis niyyətli olduğunu sübut edir. Cəbhənin Tovuz istiqamətində şəhid olan hərbçilərimizə, o cümlədən, general Polad Həşimova Allahdan rəhmət, yaralılarımıza tez sağalmalarını diləyirəm!

    Pandemiya şəraitində real yoluxma təhlükəsinə baxmaya­raq, qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, xüsusən Azərbaycan generalının son mənzilə yolasalma mərasimlərinin izdiham­lı keçməsi düşmənlərə qəzəb və gücümüzü göstərmək baxımından təsirli mənzərələr yaratdı. Lakin hansısa xırda ünsürlərin, yaxud təsir altına düşmüş cavanların insidentlər törətməsi, bir qrupun isə açıq qanun­suzluq edərək parlament binasına soxulması təəssüf hissi doğurur. Əlbəttə, bunlar barədə dövlətimiz və hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və görəcək. Amma həqiqət budur ki, xalq dövlətinin ya­nındadır, ordusunun yanındadır və ümumi mənzərə hər birimizdə qürur hissi oyadır.

    Mən dörd övlad, o cümlədən, gələcəyin iki əsgərini böyüdən bir ana kimi hər kəsə müraciət edirəm. Dəyərli dostlar və əziz vətəndaşlar! Pandemiya şəraitində kütləvi tədbirlər, aksiyalar vurusa hamı­lıqla yoluxma mənbəyidir. Toplum halında belə yürüşlərin təşkilinin əsas hədəfi Azərbaycan vətəndaşını sağlamlığına təhlükə yarada bilər. Düşmən törətdiyi təxribatın davamı olaraq, Azərbaycanda dövlətə və orduya dəstək vermək kimi həssas psixoloji amilə toxunmaqla, soydaş­larımızı kütləvi şəkildə toplaşmağa, yürüşlərə təhrik etməklə ölkədəki virusa yoluxma vəziyyətini daha da ağırlaşdırmaq niyyəti güdür.

    İyulun 14-də həqiqətən ordu­ya getməyə hazır olan gənclərin kütləvi toplantısı bizi nə qədər sevindirsə də, onların qoruyu­cu vasitələrdən istifadə etmədən şüarlar səsləndirməsi, yaxın təmas dövlətimizin 5 ay ərzində pandemi­yaya qarşı apardığı uğurlu mübarizə tədbirlərinin üzərindən xətt çəkdi. Vətən eşqi ilə yürüşə çıxan minlərlə insanlar bunun fərqində olmadılar. Əminliklə bildirirəm ki, bu, çox baca­rıqla hazırlanmış, düşmən qüvvələr və dünya tibb proseslərindən anla­yan ekspertlər tərəfindən öncədən planlaşdırılmış təxribatdır. Tovuz­daki prosesləri izləyirəm. İnsanların əzminə heyranam. Evi dağılan, heç bir əşyası ələ gəlməyən insanlar da kəndlərini tərk etmir, öz həyətlərində gecələyirlər.

    Hadisə başlayandan indiyədək sakinlərin yanında olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolun­dan xəsarət alsa da, gecə-gündüz o həyəcanlı günləri yaşayan insanları bir an tərk etmir. Gah şəhidlərin dəfn mərasimlərində Vətən yolunda canın­dan keçənlərin ailələrinə təsəlli verir, gah həyətə dərdə şərik olduqlarını bildirməyə gələnlərə maska paylayır, gah da mətbuat nümayəndələrinə müsahibələr verir, baş verənləri anladır. Ona görə hər kəsin bu ağır günlərdə emosiyaya qapılmaması­nı, virusu unutmamasını, qoruyucu vasitələrdən imtinanın müharibə təhlükəsindən daha böyük faciələrə yol aça biləcəyin bir an belə yaddan çıxarmamalarını arzu və tövsiyə edirəm.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xatırladıb ki, zərurət yarandığı halda ehtiyat­da olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər. Hazırda ölkənin bütün hərbi komissarlıqların­da gənclər müraciət edərək, cəbhəyə getmək arzusu ilə qeydiyyatdan keçirlər. Son olaraq deyim ki, erməni tərəfi aydın başa düşür ki, bizim güclü, nizami ordumuz Ali BaşKo­mandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Allah xalqımızı qorusun! Ordumuz və Ali Baş Komandanımız var olsun! Qoy hər bir vətəndaşımız taleyüklü günlərdə öz müstəqil dövləti və Prezidenti ilə gələcəyə daha təhlükəsiz bir şəkildə addımlasın!
    PAYLAŞ:

    Oxşar xəbərlər