Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi

Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi
  • Sosial

  • 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.

    Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin 2020-ci il 06 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradıldı.

    İşğal olunmuş öz doğma torpaqlarımızı azad etmə uğrunda həyata keçirdiyimiz Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun gücünü sübut etdik. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. Lakin ən çox insan tələfatı Bərdədə, Gəncədə və Tərtərdə olub.

    Mülki əhaliyə hücum etməklə Ermənistan 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını kobud surətdə pozur. Bu konvensiyalar və əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
    Düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salıb. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırır. Ermənilərin Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olub. Hansı ki, İsveçrə, Kaset Silahları üzrə Konvensiyasının prezidenti olaraq, bəyanat verib ki, Qarabağdakı qarşıdurmada kaset döyüş sursatlarının istifadəsi iddialarına dair məlumatlardan çox narahatdır. İsveçrə, hər hansı bir qarşıdurmada tərəfləri beynəlxalq humanitar qanuna tam hörmət etməyə və kasetli döyüş sursatından istifadə etməməyə çağırır. İsveçrə hökuməti Kaset Silahları üzrə Konvensiyasının qüvvəyə minməsindən 10 il keçməsinə baxmayaraq, hələ də bu sursatdan istifadə edilməsindən təəssüflənir.

    Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu mənəvi olaraq dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı.
    Bütün bunlara baxmayaraq, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror hadisələrinə görə beynəlxalq hüquq qarşısında da cavab verməli olacaq. Belə ki, beynəlxalq hüquqi normalarda beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşıöhdəlikləri pozaraq vurduğu ziyan mütləq məsuliyyət olaraq qiymətləndirilir və bir neçə instansiyada cəzalandırılması nəzərdə tutulur. Bu məsələlər həm BMT-nin Təhlükəsizlik Şurası və Ədalət Məhkəməsi, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tənzimlənir.

    Tarixən dünya təcrübəsində də hərbi və insanlığa qarşı cinayətlər, terror hadisələri nəticəsində zərər çəkən tərəflər əks tərəfdən reparasiya (vurulmuş zərərin müxtəlif vasitələrlə qarşılanması) və ya kompensasiya tələb etmişdir. Bütün bu törədilmiş hadisələr xarici diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdə olan üzvləri və humanitar layihələri həyata keçirən şəxslər tərəfindən də çox yaxından izlənilir. Hətta həyatını itirən və xəsarət alanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri də var. Beynəlxalq Qızıl Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüepp açıqlamasında bildirir ki, Komitənin nümayəndələri də Azərbaycanda ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub.
    Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları əhatə dairəsini genişləndirməklə ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı. Bu da onu göstərir ki, Ermənistanın beynəlxalq hüquqi normalara görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq arenadan şahidlər də onların əleyhinə çıxış edəcək.

    Kamal Təhməzov,
    Masallı rayon Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər