"Bir ailənin faciəsi" tamaşası Masallı Xalq teatrında - VİDEO/FOTOLAR

"Bir ailənin faciəsi" tamaşası Masallı Xalq teatrında - VİDEO/FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Masallıda narkomaniya və erkən nikahlar mövzusuna həsr olunan tamaşa göstərilib.
     
    Asiya TV xəbər verir ki, Masallı Xalq teatrında ictimai problemlərdən olan narkomaniya və erkən nikahlar mövzusuna həsr olunan "Bir ailənin faciəsi" tamaşası səhnələşdirilib. 
     
    Ssenari müəllifi tanınmış jurnalist Əlihüseyn Şükürov olan səhnə işi Masallı Dövlət Regional Kolleci, rayon Gənclər və İdman İdarəsi, rayon Gənclər Evi, rayon Polis Şöbəsi və Xalq teatrının birgə təşəbbüsü və iştirakı ilə hazırlanıb. 
     
    Tamaşanın təqdimatından əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərin xatirəsi sükut və ehtiramla anılıb. Sonra kompozisiyanın məramı və maarifləndirici tərəfləri barədə çıxışlar edilib. 
     
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolad və digərləri çıxışlarında tamaşada toxunulan ictimai problemləri günümüzün aktual məsələlərindən biri kimi xarakterizə edib, problemlərlə təsirli mübarizə üsullarından söz açıblar. 
     
    Belə ki, çıxışlarda narkomaniyaya qarşı təxirəsalınmaz profilaktik işlərin əhəmiyyətindən bəhs olunub, erkən nikahlara qarşı maarifləndirmə tədbirlərinin zəruriliyi vurğulanıb. Həmçinin, narkomaniya və erkən nikahlara qarşı aidiyyəti qurumlarla yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə mübarizəsinin vacibliyi xüsusi qeyd edilib. 
     
    Çıxışlardan sonra sözügedən mövzulara həsr olunan tamaşa oynanılıb.
     
    Kompozisiyada narkomaniya və erkən nikahların doğurduğu ailədaxili və ictimai problemlərə diqqət çəkilib, potensial təhlükələr bədii üsullarla qabarıq əks etdirilib. Bunlarla bərabər, tamaşada problemlərlə effektiv mübarizə vasitəsi kimi maarifin roluna vurğu edilib.
    Aktyorların səhnə ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
     
    Qeyd edək ki, tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı Elsevər Əliyev, musiqi tərtibatı Ruslan Zahidova aid olan tamaşanın prodüsseri Mərhəmət Lələyevdir.
    Nurşad Bayramov,
    Asiya TV

    Fotosessiya Elsevər Əliyevə məxsusdur:
















    PAYLAŞ:

    Oxşar xəbərlər