Heç kim qanundan üstün ola bilməz

Heç kim qanundan üstün ola bilməz
  • Siyasət

  • İyulun 25-də Prezident İlham Əliyev daha 3 rayona - Masallı, Lerik və Göygölə yeni icra hakimiyyəti başçıları təyin etdi və hər zaman olduğu kimi, yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərək tapşırıqlarını, ciddi tövsiyələrini verdi.

     

    Regionların sosial-iqtisadi inkişafından, iqtisadi layihələrin icrasından söz açan dövlət başçısı, eyni zamanda şəhid ailələri, qazilərə dövlət qayğısından danışaraq bütün məmurlara bununla bağlı ciddi xəbərdarlıqlarını da etdi. Hər zaman olduğu kimi, bu dəfə də Prezident yeni kadrlardan gözləntilərini açıqladı, onların idarəçilikdə daha çox vətəndaşlarla bir yerdə olmaq, daim xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu, həmçinin rayonların inkişafı üçün daxili və xarici investisiyaların cəlb edilməsini təmin etmək məsələlərinə üstünlük verməli olduqlarını bildirdi.  

     

    Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. 

     

    Yeni kadrlara böyük etimad göstərildiyini söyləyən Prezident vurğulayıb ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları dövlətin siyasətini və niyyətini göstərir. O, regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası, rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bəzi əvvəlki məmurların məsuliyyətsiz hərəkətlərinin nəticələrini də misal çəkdi. Prezident qeyd etdi ki, həmin keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu da onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. 

     

    İcra başçılarına tövsiyə və tapşırıqlarını verən İlham Əliyev bir daha vurğuladı ki, icra hakimiyyəti başçıları daim insanlarla təmasda olmalı, rayon və kənd camaatının qayğıları ilə yaşamalı, insanları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər: “Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”. 

     

    Cənab İlham Əliyev bütün məsələlərə aydınlıq gətirərək bir daha söylədi ki, ölkədə qanunsuz əməllərə qarşı mübarizə daha da güclənib. Hazırda idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri görülür. Neqativ  hallara, qanun pozuntusuna yol verən hər kəs cəzalandırılır. Dövlət məmurlarını, yerli icra orqanlarını qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb. Ona görə də yeni icra başçıları dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlidirlər.

     

    İbadət Cəfərov,

    Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər