“Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq”

“Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq”
  • Siyasət

  • Tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq işləri uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaradıb. Ölkəmizin tarixi ərazi bütövlüyünün bərpası soydaşlarımızın öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb. Bu məqsədlə həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi istiqamətində işlər görülür, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılır. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində yeni ərazilərdə layiqli yaşayış səviyyəsi  təmin edilir, müasir infrastruktur qurulur, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması istiqamətində işlər görülür. 


    Əslində Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış çoxdan başlayıb. Düşmən tapdağından azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. Prezident cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi: “Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir.” 


    Qarabağ və ətrafındakı rayonlar haqqında danışarkən canlanan mənzərə binasız şəhərlər, evlərsiz kəndlər, yaşıllıqsız dağlardan ibarətdir. Bu bölgənin mövcudluğu işğala qədərdir. Ondan sonrası yoxdur. Təbii  ki, bir də bərpadan sonra olacaq. Ancaq bunun üçün əvvəlcə plan  qurulur. Böyük şəhərlərin baş planı tərtib edilir, infrastruktur qurulur, planlı şəkildə tikinti başlayır. Bu planda ilk növbədə tikiləcək şəhərlərin böyüməkdə olan əhalisi nəzərə də alınır. Münaqişəyə qədər Ağdam şəhərində təqribən 40 minə yaxın insan yaşayırdısa, ötən dövr ərzində əhalinin sayı artaraq 50 mindən çox olub. Ağdam şəhərinin yeni baş planında artım dinamikası nəzərə alınacaq, işıqlı, günəşli Ağdamda məskunlaşmaq istəyən minlərlə insan burda rahatlıqla özünə yer tapa - yaşaya, oxuya, lazım gələndə müalicə oluna biləcək. Müharibədən sonrakı Qarabağın inkişafı həm də qoyulacaq sərmayədən asılıdır. Azərbaycan dövlətinin ayırdığı 2,2 milyard manat investisiya bu istiqamətdə bir başlanğıcdır. 30 il əvvəl çıxdığımız yurdumuza qayıdacaq və əvvəlki şöhrətini qaytaracağıq. Azərbaycan indi beynəlxalq əhəmiyyətli yolların kəsişdiyi, böyük iqtisadi layihələrin gerçəkləşdiyi, yeni iqtisadi imkanların yarandığı bir ölkədir. Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb.


    Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.  

    Mehrinur Nağıyeva,

    Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə 

    Təhsil İdarəsinin aparıcı məsləhətçisi, YAP fəalı

     

    PAYLAŞ:

    Oxşar xəbərlər