Yüz illərdir davam edən ölkələrimiz arasında dostluq, qardaşlıq bu gün də cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurla davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da iki qardaş dövlətin müştərək fəaliyyət göstərməsinə gözəl nümunədir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilib. Etdikləri vandallıqlar ermənilərin Azərbaycan xalqına qarşı nifrətinin təzagürüdür. Ermənilərin bu vəhşilikləri, dağıntıları törətməkdə əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Nəinki ermənilərin, ermənipərəst qüvvələrin də planları fiaskoya uğradı. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğuldur. Keçmiş məcburi köçkünlər mərhələ ilə doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin dediyi kimi, keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı.