Öncəqalalı şəhidin doğum günüdür

Öncəqalalı şəhidin doğum günüdür
  • Manşet / Cəmiyyət

  • "Asiya.az" yazıçı-publisist Nurəddin Ədiloğlunun "ƏSLƏN MASALLIDAN OLAN ŞƏHİDLƏR" silsiləsindən 1-ci yazısını təqdim edir. 

    İlk yazı bu gün doğum günü qeyd edilən, əslən Öncəqala kəndindən olan şəhid Şahin Ağayevə həsr olunub.

    Qısa tanıtım: Əsgər Ağayev Şahin Azər oğlu 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Azər, anası Qətibə xanım Masallının Öncəqala kəndində boya-başa çatıblar. Şahin 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı tam orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə pilot ixtisası üzrə aldığı təhsilini qırmızı diplomla başa  vurmuşdur. 2016-2017-ci illərdə Füzuli rayonunda yerləşən “N” saylı hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Nümunəvi  xidmətinə görə dəfələrlə hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə”sinə layiq görülmüşdür. Hərbi xidmətdən sonra bir müddət Azərbaycanın ən iri aviaşirkəti olan AZAL Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. Milli Aviasiya Akademiyasının (MAA) məzunu kimi bir dəfə hava nəqliyyatında sınaq uçuşu keçirmişdir. 

    2020-ci ilin iyun ayında Tovuz istiqamətində düşmənin növbəti təxribatı zamanı general Polad Həşimovun və Azərbaycan Silahlı Qüvvələrinin başqa zabit heyətinin şəhid olmasından sonra Şahin də Azərbaycan gənclərinin Milli Ordumuza dəstək aksiyasına qoşulanlar və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək arzusunda olanların cərgəsində yer alıb.  2020-ci il sentyabrın 29-dan səfərbərliyə çağırılan Ş. Ağayev Vətən müharibəsində döyüşlərə  Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı ümumşəhər qəbiristanlığında dəfn olunan şəhid Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci Fəxri Xiyabanına köçürülüb.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

    Yasamal   rayonunda şəhidin yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

    Əbədiyyət yolçusu
    ...Uşaqlıqda hər kəsin yiyələnmək istədiyi bir peşə olur. Şahin də uşaq çağlarından pilot olmaq arzusu ilə yaşayırdı. Adətən təyyarə və təyyarəçilərə verilən  “şahin”  sözü məcazi mənada həm də cəsur, mərd, igid, qorxmaz adam haqqında deyilir.  Bizim qəhrəmanımıza bu ad valideynləri tərəfindən təsadüfən qoyulmamışdı. Hələ orta məktəbin rus bölməsində təhsil alarkən anası Qətibə xanımı qınayanlar da olub: “Rus dilində yaxşı təhsil almaq uşağınız  üçün çətin olacaq.” Amma Şahin məktəbi uğurla bitirib yüksək bal toplayaraq Milli Aviasiya Akademiyasına qəbul oldu. Həm yaxşı oxuyurdu, həm də işləyib ailəsinə kömək edirdi. Atası Azər ağır insult keçirəndən sonra yataq xəstəsi olmuşdu. Kiçik qardaşı Mehman da uzun müddətlı müalicəyə ehtiyacı olan ailə başçısına görə ali təhsil almaq aruzsunu reallaşdıra bilməmişdi,  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini yarımçıq qoyub, hərbi xidmətini başa vurandan sonra qapı və pəncərə ustası peşəsinə yiyələnmişdi. Ömürlük yatağa məhkum olan və nitq qabiliyyətini tamam itirmiş həyat yoldaşına qulluq edən Qətibə xanım ailəcanlı oğulları ilə fəxr edirdi.  Şahin Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən helikopter meydançasından ilk dəfə 2020-ci ilin martında hava gəmisi ilə sınaq uçuşu keçirmişdi. Pilotlar və onları müşahidə edən texniklər ildə iki dəfə tibbi müayinə olunurdular. Ona görə Şahin həmişə sağlamlığının qaydına qalırdı.  Evdə bir iş görəndə əlinə götürdüyü alətlə çox ehtiyatlı davranaraq deyirdi ki, əgər  barmağında   yüngülcə  bir  çapıq izi qalsa,  ona növbəti dəfə uçuşa icazə verməzlər... Mülki aviasiya sahəsinə aid biliklərini daim artıran Şahin  hətta  ictimai nəqliyyatda yol gedəndə belə mütaliə eləyərdi. Bacarığına, çalışqanlığına görə gənc pilotlar arasında sayılıb – seçilirdi.


    Sevdiyi qız Bakıda ona görə qalmışdı

     

    ...Evlənməkdən söz düşəndə anasına məhərrəmlik ayından sonra nişanlanacağını söyləyən Şahinin sevdiyi qızı qardaşı Mehman da tanıyırdı.  Bilirdi ki, Nigar xanım (Ad şərtidir - N.Ə.) ali məktəbi bitirəndən sonra Bakıda məhz Şahinə görə qalıb, ali təhsilli ingilis dili mütəxəssisidir, kirayədə yaşayır. Nigarla Şahin ailə həyatı quracaqları günü gözləyirlər. Lakin həyatda sevdiyimiz insanlara sədaqətlə bərabər hər birimizin qəlbində müqəddəs bir hiss – Vətən məhəbbəti yaşayır. Şahin də fədakar Azərbaycan gənci olaraq Tovuzda ermənilərin sərhəddəki postlarımıza hücum etməsini, Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun şəhid olmasını həzm edə bilmirdi. Könüllü cəbhəyə getməkdən söz düşəndə  özündən 4 yaş kiçik qardaşının ona “Sən mənə həmişə ata əvəzi olubsan, müharibə başlasa mən gedəcəyəm” təklifinə Şahin etiraz edib: “Mehman, böyük qardaş olan yerdə, kiçik qardaş   savaşa getməz...” Oğlunun qoçaq, mərd, vətənpərvər olduğunu bilsə də onu bu fikirdən daşındırmaq istəyən anasına Şahin: “Mən getməsəm, gəlcəkdə öz övladlarımın üzünə necə baxaram?” deyə cavab verib. Namaz qılan, oruc tutan Qətibə xanım Azərbaycanın ərazi bütövlüyü uğrunda savaş gününü səbrsizliklə gözləyən oğlu barədə belə deyir: “Allah elə bil   ki, Şahini şəhid olmağa hazırlamışdı...” 

    Müharibəyə qatıdığı ilk gündən Şahinin yalnız bir arzusu olub: təki yaralanmasın, yoxsa müharibədən sonra sevib-seçdiyi pilot peşəsinə davam edə bilməzdi. Hətta şəhid olmağı yaralanmaqdan və əlil olmaqdan üstün bilib. Ölüm təhlükəsi isə hər gün, hər saat, anbaan artırdı. Şahin Ağayev sanitar-kəşfiyyatçı kimi həmlə qrupunun tərkibində Füzulidə, Cəbrayılda, Hadrudda həm döyüşmüşdü, həm də yaralı əsgərlərə qulluq etmişdi...

     

    Hər döyüş bir tarix  idi...

     

    24 oktyabrda Qubadlı istiqamətində qızğın döyüşlər gedirdi. Müharibə əsgər və zabitlərin daxili potensialını, Vətən, torpaq, yurd, dövlət qarşısında vətəndaşlıq borcunu sınağa çəkmişdi. Özünü bu sınağa çoxdan hazırlayan Şahin də yüzlərlə igidimizlə çiyin-çiyinə vuruşaraq Vətən tarixinin şanlı səhifələrini yazmaqda davam edirdi. Vətən sevgisi hər gün əsgərlərimizi irəlilədir,qabağa aparırdı. Düşmən geri çəkiılirdi. Oktyabrın 24-də Şahin növbəti dəfə yaralı əsgərə tibbi yardım  göstərərkən yaxınlığa düşən raketin partlaması nəticəsində 20-dən çox silahdaşı ilə birlikdə şəhid oldu. İkinci Fəxri xiyabanda dəfn mərasimində iştirak edənlər, Şuşa zəfərindən sonra ailə üzvlərinə  başsağlığına gələn silahdaşları Şahinin müharibədəki şücayətlərindən danışdılar. 

    ...Alim əmisindən sonra Şahinin nəsildə ikinci tanınmış adam olacağını və elə əmisi yaşda həlak olduğunu təəssüf hissi ilə dilə gətirən Mehman qardaşının silahdaşlarına istinad edərək bildirir ki, o, son nəfəsinəcən pilot olmaq arzusu ilə yaşayıb. Kim bilir, bəlkə Şahinin səma şahini olmaq istəyinə 24 yaşında Leninqradda dissertasiya müdafiə edib alimlik dərəcəsi alan əmisi Alıqulu Ağayevin  Bakının Binə hava limanından havaya havaya qalxan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olması səbəb olmuşdu?  Fəqət qanlı-qadalı müharibə onin  mülki aviasiya pilotu olmaq azusuna son qoymuşdu.  Müharibə  qələbə ilə başa çatsa da, onun insan talelərində çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. “Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı, əsgər və zabitlərimizin şücaəti ilə əldə olundu” deyən 22 yaşlı Mehman Şahinin 40 mərasimində onun sevdiyi qızı ilk və son dəfə anası ilə görüşdürüb. Nigar da qara örpəyi altında birçəkləri ağaran Qətibə xanımdan hallalıq istəyib  və ondan ədəb-ərkanla boya-başa çatdığı rayona qayıtmaq üçün izn alıb. Bu, nakam qızın - 26 illik qısa ömründə həm müharibə, həm də böyük məhəbbət dastanının qəhrərmanı olan əbədiyyət yolçusu şəhid Şahin Ağayevin pünhan sevgisinin həm də Bakı ilə vida görüşü idi... 
    Nurəddin ƏDİLOĞLU
    PAYLAŞ:

    Oxşar xəbərlər