ESMİRA CAVADOVA – 80

ESMİRA CAVADOVA – 80
  • Manşet / Cəmiyyət

  • 23 dekabr 2022-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şəxsi Arxivlərin Tədqiqi” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəsəfə doktoru, dosent Esmira Yusif qızı Cavadovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

    Tədbiri giriş söz ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur KƏRİMLİ açdı. Sonra filologiya elmləri doktoru Nailə  SƏMƏDOVA, Qızlar Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Kənan ƏSGƏRLİ,  Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə ƏLİYEVA, H.B.Zərdabi irsinin təbliği təşəbbüs qrupunun yaradıcısı Seymur BAYRAMOV, fəlsəfə elmləri doktoru, professor İzzət RÜSTƏMOV, filologiya elmləri doktoru, professor  Kamandar ŞƏRİFOV, filologiya üzrə fəlsəfə doktoru, Aybəniz RƏHİMOVA, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Hacı HƏSƏNOV, Teymur bəy Bayrəməlibəyov ocağının nümayəndəsi, əməkdar artist Mələk ABBASZADƏ, filologiya elmləri doktoru İmaməddin ZƏKİYEV, yazıçı Nurəddin ƏDİLOĞLU, tarix üzrə fəlsəfə doktoru Bəhmən KƏRİMOV, filologiya elmləri doktoru Paşa KƏRİMOV çıxış edərək yubiliyarı təbrik etdilər.
      
    Yazıçı -jurnalist Nurəddin ƏDİLOĞLUnun çıxışı

    Əziz Esmira xatun!
    Hörmətli yubiley iştirakçıları!
    Burada məndən öncə çıxış edən alim həmkarları yubiliyarın mənalı həyat yolundan, məsuldar elmi yaradıcılığından ətraflı danışdılar. İcəzənizlə mən bu gün Esmira xatuna kiçik bir sürpiriz olaraq onun ömür - gün yoldaşı Azərbaycanın görkəmli tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor Qəmərşah Cavadovun 37 il 8 ay bundan əvvəl mənə yazdığı məktubdan bir parçanı oxuyum. Mən əminəm ki, bu əlamətdar yubiley mərasimində Qəmərşah müəllimin də ruhu iştirak edir. Bu məktub həm də Cavadovlar ailəsinin Azərbaycan xalqının keçmişinə, tarixinə və  etnoqrafiyasına olan sonsuz sevgisini və əyalətdə yaşayan bir ziyalıya diqqət və qayğısını təcəssüm etdirir.

    “Hörmətli Nurəddin, salam!
    Radionun “Bulaq” redaksiyasına göndərdiyiniz məktubu oxudum. Daha sonra martın 24-də efirdə dinlədim. Yəqin ki, özünüz də eşitmisiniz. Məni sevindirən birinci o oldu ki, artıq kəndlərimizdə, eldə-obada xalqla, onun keşmişi, mənəvi irsi ilə maraqlanan, hətta ona yaxşı bələd olan ziyalılarımız yetişib. Bunlar isə xalqın simasıdır. Ziyalısız xalq – kompassız gəmidir, -deyənlər səhv etmirlər.
       
    Əlbəttə, bir məktubda hər sahəyə toxunmaq olmaz. Məktubunuzda xalq hikmətləri, xüsusilə oyunlar haqqında verdiyiniz məlumat mənim üçün doğmadır. Təəssüf ki, həmin oyunların ancaq adını çəkməklə kifayətlənmisiniz. Halbuki onların hər birini ayrı-ayrılıqda, genişliyi ilə təhlil etmək olardı.
           
    Deyim ki, xalqımızın oyunları hələ bu günədək tədqiq edilməyib. Yerlərdə buna əhəmiyyət verilmədiyindən xalq oyunlarımız itib-batıb. Odur ki, Sizin kimi ziyalılar burada bizim əlimizdən tutur, bizə xalqın malını xalqa çatdırmaq kimi müqəddəs  bir işdə koməklik göstərmiş olurlar.
           
    Bir sözlə, çox sağ olun! Sizinlə tanış olmasam da ziyalı olduğunuzu, mədəniyyət evində işlədiyinizi bilib, məktubla ürək sözlərimi, təşəkkürümü bildirirəm.
       
    Gələcəkdə “Bulaq”la əlaqə saxlamaq istəsəniz, köməyimi əsirgəmərəm. Mən “Bulağın” ilk aparıcılarındanam. Ağalar, İntiqam da dostlarımdır!
    Bir daha təşəkkürlər! 
    Hişkədərə kəndində Rəhim müəllimi tanıyırsınızsa ona çoxlu salamlarımı yetirin!
    Hörmətlə, Qəmərşah Cavadov.
    Akademiyanın Tarix İnistutunun baş elmi işçisi, 27.03.1985.

    Mən ilk dəfə bu məktubu oxuyanda hansı həyacanı keçirmişdimsə, indi də həmin hissləri keçirdim. Çox təəssüf edirəm ki, sağlığında Qəmərşah müəllimlə görüşə bilmədim. Allahdan ona rəhmət diləyir və bu gün 80 illik yubileyi qeyd olunan Esmira xatuna cansağlığı arzu edirəm. Və üzümü yubilyara tutub deyirəm: Esmira xatun, Sizi bizim cənub bölgəsində hamı sevir. Siz Azərbaycanın görkəmli tarixçi-etnoqrafı, maaarifçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov haqqında həm Azərbaycan, həm də rus dilində nəşr olunan fundamental kitabların müəllifisiniz. Əziyyətiniz hədər getmədi.  Bu il İctimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyinə  “NURLU YOL” sənədli filmi həsr olundu, filmin Bakıda və Masallıda təqdimat mərasimləri keçirildi. “Masal Prodakşın”ın istehsalı olan həmin filmin Bakıda, Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimdə Sizın çıxışınız tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Və bu il Teymur bəyin anadan olduğu Masallının İkinci  Yeddioymaq kənd tam orta məktəbinin həyətində  onun əzəmətli büstünün təntənəli açılış mərasimi keçirildi.
     
    Mən Sizi Teymur bəyin həmyerliləri adındın ürəkdən təbrik edir, həyatda cansağlığı, elmi fəaliyyətinizdə uğurlar diləyirəm.
    Diqqətinizə görə sağ  olun!
    23 dekabr 2022 -ci il.







    PAYLAŞ:

    Oxşar xəbərlər