Azərbaycanın təşəbbüskar olduğu fövqəladə zirvə görüşü

Azərbaycanın təşəbbüskar olduğu fövqəladə zirvə görüşü
  • Cəmiyyət

  • 16 mart 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının liderləri yenə də bir araya gəldi. Belə ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub və martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformada liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

         

    Ümumiyyətlə, son illər TDT-yə üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Qeyd edək ki, ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib. Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.

         

    Dövlət başçısı bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib. Qeyd etmək yerinə düşər ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir. Elə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin ötən il verdiyi sözün göstəricisidir. Və bu gün qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür.

         

    Türkiyədə baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Və bir millət, iki dövlət olan, dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Elə qardaş ölkənin bu çətin günündə də ilk yanında olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, həmçinin Azərbaycan xalqı oldu. Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

         

    Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu dedi: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm kihörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır".

     

     

    Rəşad Zeynalov,

    Salyan rayon Xələc 2 saylı kənd tam orta məktəbin direktor müavini, 

    YAP fəalı

    PAYLAŞ:

    Oxşar xəbərlər