
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi .
Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaqdır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
16 mart 2023-cü il tarixində Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşü mühüm və yadda qalan hadisə sayıla bilər. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşündəki nitqi, irəli sürdüyü fikirlər Azərbaycan və Türkiyə arasındakı qardaş münasibətlərin miqyasının, bu münasibətlərin ümumən türk dünyasının birliyindəki müstəsna rolunun, vətən müharibəsindəki qələbəmizdən sonra regionda yaranmış yeni reallıqların, perspektivlərin, Türk Dövlətləri Təşkilatının müasir dünya siyasətindəki yerinin və rolunun, bu qurumdan gözləntilərin ifadəsi baxımından tarixi bir çıxış oldu. Dövlət rəhbərimiz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaqdır. Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.
Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı