“Ağ məktəb”-in 2003-cü il məzunları 20 il sonra bir arada - FOTOLAR

“Ağ məktəb”-in 2003-cü il məzunları 20 il sonra bir arada - FOTOLAR
  • Cəmiyyət / Araşdırma

  • Ağ günlərimizə işıq saçan “Ağ məktəb”-in məzunu olmağımızdan 20 il ötür.
    Bu münasibətlə bir sinifdə təhsil aldığımız şagirdlər və bizə təhsil verən, elm öyrədən müəllimlərimizlə Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbə - “Ağ məktəb”-ə toplaşdıq..

    Məlumat üçün bildirim ki, Ərkivanın ilk ali təhsilli şəxsi olan Əkbər Xan Talışınskinin yaxından köməyi ilə 1920-ci ildə Ərkivan kəndində ilk ibtidai məktəb açılır. O zaman kənddə inzibati bina olmadığından dərslər evlərdə keçirilir. 1928-ci ildə Ərkivanda dövlət tərəfindən 7 illik məktəb istifadəyə verilir. Sonrakı illərdə bu məktəb 10 illik məktəb kimi fəaliyyət göstərir. Həmin məktəb xarici görünüşünə görə el arasında “Ağ məktəb” adlanırdı. 
    İllər sonra kənddə digər orta məktəblər tikildiyi üçün “Ağ məktəb” bir müddət peşə məktəbi kimi fəaliyyət göstərsə də, sonradan istismara yararsız vəziyyətə düşür.
    90-cı illərin əvvəllərində bir neçə dəfə istifadəyə verilməsinə cəhd edilsə də bu cəhdlər uğursuz olur. 
    Nəhayət 1997-ci ilin sentyabr ayında xeyirxah ərkivanlıların dəstəyi ilə “Ağ məktəb” lisey kimi fəaliyyətə başlayır. İlk gündən kəndin bütün məhəllələrindən, eləcə də qonşu kəndlərdən yüksək səviyyədə təhsil almağa can atan şagirdlər bu məktəbə gəldilər.
    Məktəbdə təhsil tədris edən müəllimlər rayonun ən tanınmış, peşəkar pedaqoqları idi..
    Məktəb fəaliyyətə başladığı il biz 6-cı sinifdə oxuyurduq. Rayonun əksər bilik, idman yarışlarının iştirakçıları, ŞHK-nun üzvləri bizim sinifdən seçilərdi. 2003-cü ildə bu məktəbdə bizim üçün son zəng çalındı. Məzunların böyük əksəriyyəti ali təhsil ocaqlarına daxil oldular. İndi onların arasında müxtəlif sahələrdə çalışan məmurlar, dövlət qulluqçuları, uğurlu iş adamları var..

    Bu il həm də dünya şöhrətli alimlərin, görkəmli ziyalıların, tanınmış iş adamlarının təhsil aldığı “Ağ məktəb”-in yaranmasından 95 il ötür..
    Bu yerdə bizə ədəbiyyat fənnindən dərs deyən şair Arif Fərzəlinin “Ağ məktəb”-in 70 illik yubileyi münasibəti ilə yazdığı şeiri xatırlayıram. 

    70 il ömür edib üzağlığıyla,
    Kamillik çeşməsi olub, 70 il.
    Yol gəlir zamanın uzaqlığından,
    Pirani qoca tək, əlində qəndil.
    Dünənə, bu günə səpib nurunu,
    Amma, sabaha da o nur saxlayıb.
    Bəzən qaraltsaq da ağ divarını,
    Ağ günlər bəxş edib,
    Ağ ad saxlayıb..

    Bu gün bir sinifdə təhsil aldığımız şagirdlərlə, bizə təhsil verən, elm öyrədən müəllimlərimizlə görüşmək, yubiley yaşımızı qeyd etmək üçün hər küncündə, hər bucağında xatirələrimiz yaşayan doğma evimizə, məktəbimizə gəlmişik.
    Tədbirimizin rəsmi hissəsi məktəbimizdə dəyirmi masa arxasında keçdi. 

    Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəndən sonra söz Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbən direktoru Səadət İsmayılova verildi. Səadət müəllim məktəbin bu günündən, təhsildən, qayğılarından danışdı. 
    “Ağ məktəb” lisey kimi fəaliyyətə başladığı ildən ilk direktorumuz olan Rasif Cabbarov çıxış edərək xeyirxah həmyerlilərimizin dəstəyi ilə məktəbin fəaliyyətə başladığı o çətin günlərdən söz açdı.

    Sonra ilk sinif rəhbərimiz, coğrafiya müəllimi İlkin Mövsümov, Ədəbiyyat müəllimi Mirzəkişi Mirzəyev, Xarici dil müəllimlərimiz Mehman Məmmədov, Kəmalə Tağıyeva, Şəfa Məmmədova, İbtidai sinif müəllimi Sənubər Əzimova, Kimya, biologiya müəllimi Tofiq Talıbov, Tarix fənnini tədris edən Vüqar müəllim çıxış edərək bizim şagird olduğumuz illərdən danışdılar, xatirələrini bölüşdülər.
    Bizi təbrikə gələn məktəblilər məktəbə, vətənə aid şeirlər söylədilər.
    2003-cü il məzunlar adından məktəblilərə kitablar, müəllimlərimizə müxtəlif hədiyyələr təqdim etdik. Məktəbimizə qəsəbə şəhidlərinin, rayonumuzun Milli Qəhrəmanlarının, Vətən müharibəsi Qəhrəmanlarının, Aprel və Tovuz döyüşü şəhidlərinin şəkilləri əks olunan plakat və divar saatı hədiyyə etdik. 

    Üzürlü səbəblərdən tədbirimizdə iştirak edə bilməyən məzunların salamını müəllimlərə çatdırdıq. Müxtəlif səbəblərdən yubiley günümüzə gəlməyən müəllimlərimiz - Nənəxanım Bəşirova, Mənijə Yəhyayeva, Hamlet Abıyev, Davud Cəbrayılov, Ramin Məmmədov, Arif Fərzəli, Zahir Əmənov xatırlandı, vəfat edən müəllimlərimiz – Həsənağa Sadıqovun, Nurulla Məmmədovun ruhuna dualar oxundu..

    Zaman ötür, hər il gəlir yaş üstə yaş, amma bəzən elə bilirik ki, məktəb illərimiz, uşaqlığımız lap dünən olub. Xalq şairi Bəxtiyar Vahabzadənin şeirində olduğu kimi..

    Mən 15 yaşımda, 20 yaşımda,
    Elə bilirdim ki, 40 qocalıqdır.
    Bax 40-a çatıram, ancaq başımda,
    Uşaqlıq havası hələ qalıbdır.

    Elə bil dünəndir, çiynimdə çanta,
    Qorğa yeyə-yeyə dərsə getdiyim.
    Elə bil, dünəndir, o qamış atda
    Nəzil qamçı vurub, “at” səyirtdiyim..
    Odur bax.. həyətdə qopub vəlvələ,
    Uşaqlar oynaşır, dırmaşır dama.
    Mən də onlar ilə tutub əl-ələ,
    Qaçmaq istəyirəm uşaqlığıma.

    İstərəm “gizlənpaç” oynayım yenə,
    Başıma götürüb çölü-çəməni,
    Elə gizlənim ki, düşüb izimə,
    Heç tapa bilməsin qocalıq məni..

    Bayrama çevirdiyimiz tədbirimizin ikinci hissəsi Talış dağlarının ətəyində yerləşən “Viləş” oteldə davam etdi. 
    Ləziz təamlarla bərabər cənub bölgəsinin tanınmış xanəndəsi Atamoğlan Zahidovun məxməri səsi, istedadlı tarzən Məhbub Şüküroğlunun barmaqlarının sehiri bizi keçmişimizə, şagird olduğumuz illərə qaytardı.

    Bu gözəl tədbirimiz tarixin yaddaşına cənub bölgəsinin istedadlı kameramanları Elsevər Əliyev və Faiq Mirzə köçürdü. 
    Hər bir məzunun arzusu Allah qismət edərsə gələcəkdə 30, 40, 50 illik yubileyimizi birlikdə daha təmtaraqlı keçirtmək oldu. Allah arzumuzu çin etsin!
    Cəfər Cəfərov,
    “Ağ məktəb”-in 2003-cü il məzunu

















































    PAYLAŞ:

    Oxşar xəbərlər