Şəhid ailələrinə diqqət və qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətə yönəltdiyi diqqət Masallı rayonunda da ənənəvi şəkildə davam etdirilir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Heydər Əliyev Fondu və Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, xeyriyyəçilər və iş adamlarının dəstəyi ilə rayon ərazisində I Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün evlər tikilir. Belə evlərdən biri də Rüdəkənar kəndində şəhid Arzuman Mirzəli oğlu Qurbanovun ailəsi üçün tikilib.
Layihəyə əsasən ev birmərtəbəli, kürsülüdür.
23 avqust 2023-cü il tarixdə Masallının rayonunun Rüdəkənar kəndində Heydər Əliyev Fondu tərəfindən I Qarabağ müharibəsi şəhidi Arzuman Mirzəli oğlu Qurbanovun ailəsi üçün tikilən fərdi yaşayış evinin açılış mərasimi baş tutub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və jurnalistlər iştirak ediblər.
Tədbir başlamazdan əvvəl kənd qəbiristanında I Qarabağ müharibəsi şəhidi Arzuman Mirzəli oğlu Qurbanovun və atasının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Tədbir təzə tikilkən evin qarşısında davam etdirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, qəhrəman oğullarımızdan danışıb.
Sonra iki şəhid anası Ziba Əsgərova, Azərbaycan tarixçisi, Tarix elmləri doktoru, Professor, Milli Məclisin deputatı Anar İsgəndərov, şəhid atası Tofiq Şahbazov və başqaları çıxış ediblər.
Mərasimdə çıxış edənlər 2020-ci ilin il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Masallı rayonunun ictimai-siyasi qəzeti olan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, şəhidin ailə üzvləri, xüsusən anası Nabat Qurbanova, nəvəsi, 4 medalı 44 günlük Vətən müharibəsi iştirakçısı, şəhidin qardaşı oğlu və onun ad və soyadını daşıyan Arzuman Qurbanov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin Azərbaycan Prezidentinin tapşırığına əsasən gördüyü yaxşı işlərə görə Masallı rayon rəhbəri Araz Əhmədova sonsuz minnətdarlıq bildirmişlər.
Qeyd edilib ki, Qurbanov Arzuman Mirzəli oğlu 9 mart 1974-cü ildə Rüdəkənar kəndində anadan olub.
1991-ci ildə Rüdəkənar kənd orta məktəbini bitirib. Elə həmin il Lənkəran şəhər 169 nömrəli orta texniki — peşə məktəbinə daxil olub.
1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Ağdam rayonunun Mərzili, Sırxavənd, Abdal — Gülablı, Fərrux, Qazançı, Güneytəpə kəndlərinin, Xramord yüksəkliyinin düşməndən azad olunmasında iştirak edib. Gülablıda gedən qeyri — bərabər döyüşdə Arzuman budundan ağır yaralanmış, Bakı şəhərindəki 3 nömrəli klinik xəstəxanada bir müddət müalicə olunduqdan sonra cəbhəyə qayıdıb…
Arzumanın son döyüşü Ergi kəndi yaxınlığındakı postda olub.
Erməni quldurları fevralın 8-də böyük hərbi texnikanın köməyi ilə qəflətən hücuma keçiblər. Arzuman yoldaşları ilə birlikdə döyüşə — döyüşə geri çəkilib.
Qəfil açılan erməni düşmən gülləsi ondan yan keçməyib. Beləliklə, Arzuman 9 fevral 1993-cü il tarixdə I Qarabağ müharibəsi zamanı Agdam rayonu ugrunda gedən döyüşlərdə şəhid olub.
Arzuman Mirzəli oğlu Qurbanov Rüdəkənar kəndində dəfn edilib.
Kənd orta məktəbinin pedaqoji kollektivi məktəbə A.Qurbanovun adını verib...
Ailədə 9 övlad (8 oğlan və 1 qız övladı) olublar.
Atası Mirzəli Qurbanov 2 yanvar 2013-cü ildə vəfat edib.
Anası bu kənddə yaşayır. Şəhidin şərəfinə tikilən təzə evin sənədləri məhz Nabat anaya təqdim edilib...