MİLLİ DƏYƏRLƏRİMİZİ QORUYAQ - Ruzə İbişova yazır

MİLLİ DƏYƏRLƏRİMİZİ QORUYAQ - Ruzə İbişova yazır
  • Mədəniyyət

  • İllər öncənin söhbətidir. Vaxtilə məclislərə muğam üçlüyü tərkibində ara-sıra birgə getdiyim tarzənlərdən biri telefonla bildirdi ki, özəl televiziyadan bizi verlişə çağırırlar. Dediyinə, daha doğrusu, ona deyilənə görə, bir neçə təsnif ifa etməklə yanaşı, həm də aparıcının verəcəyi sualları cavablandıracaqdım. Tamaşaçıların hüzuruna hazırlıqlı çıxmaq məqsədilə, hər ehtimala qarşı, mükalimənin təxminən hansı məzmunda olacağı, nələrin soruşulacağı ilə maraqlandım. Qəribə görünsə də qətiyyən sənət barədə deyildilər. Əvəzində, yaşam tərzimi birər-birər açıqlamalı, üstəlik ailə üzvlərimdən o ki var gileylənməliydim. Gərək onları şərləyib, məni səhnəyə, efirə bərk qısqandıqlarını, hər vəchlə ruhdan salmağa, xanəndəlikdən uzaqlaşdırmağa çalışdıqlarını söyləyəydim. Bədbin görkəm alaraq, olmayan şeyi cəmiyyətə sırımalı, bir az da paltarımdan, bəzək-düzəyimdən danışıb, söhbətimə rəng qatmalı idim. Guya bunlarla veriliş reytinq, mən populyarlıq qazanacaqdıq…Təbii ki, zəng vuran tarzənin, ifa zamanı müşayiətçim olacaq deyə, göstərdiyi razı salmaq cəhdinə rəğmən, şəxsiyyətini qoruyan insan üçün mümkünsüz şərtdən keçən belə bir məntiqsiz dəvəti qəbul etmədim. Onun “İndi xanım sənətçilər adətən bu yolla tanınırlar, gündəmdə qalırlar” - cümləsinə qəti etiraz bildirdim, sərt cavab verdim… Efirə çıxmağı kim arzulamaz ki? Pərəstişkarlarının sayının artmasını hansı sənətçi istəməz ki? Amma bu şəkildə yox… Axı evlənib-boşanmağın, mətbəxdə hansı xörəyi hazırlamağın, hansı ətirdən istifadə etməyin, şubanın, maşının qiymətinin musiqi ilə bağlı peşəkar polemekalara, ifaya nə aidiyyəti var?..

    Məgər Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova kimi qadın ifaçılarımız xalqın məhəbbətini, dərd-sərlərini, problemlərini faş etməklə nə qazanıblar? Çıxışlarının sayı qədər don dəyişməklə ürəklərə yol tapıblar? Səhnə yaraşığı nə deməkdir? İlk növbədə məlahətli səs. Və ifaçının səliqəsi, sadəliyi…  Əsil sənətkarın sənəti o qədər  möhtəşəm, o qədər əzəmətli olur ki, yanında geyimləri, kənar danışıqları nəzərə çarpmır, unudulub gedir…

    Əsla özümü korifeylərlə müqayisə etmək niyyətim yoxdur. Amma şəxsi təcrübəmdən bilirəm ki, gözə girməyə cəhd göstərmədən də, fəaliyyətini şouya calamadan da, istedadının işığına musiqi aləmində varlığını az-çox sübuta yetirməyi bacararsan. Səs imkanının və zəhmətin müqabilində müəyyən uğur qazanarsan…Bu mənada taleyimdən razıyam…Azərbaycan Dövlət Televiziyasında oxuduğum doqquz muğam dəstgahı, zərb və ritmik muğamları, iki yüzə yaxın təsnif, xalq və bəstəkar mahnısı Azərbaycan Televiziyasının “Qızıl fond”una daxil edilib…Yanvar ayının əvvəlində milyonlarla tamaşaçı kütləsinə malik İctimai  Televiziyada tələbələrimlə birgə “Ustad dərsi” verlişinin qonağı olduq. Bax, əsl musiqi meydanı o idi.  Respublikaının əməkdar artisti, ADMİU-nin dosenti, kaman ustası Fəridə Məlikova və ADMİU-nin konsertmeysteri, tarzən Vüsal Qasımovun  müşayiəti ilə gənc   xanəndələr muğam və təsniflər ifa etdilər. Aparıcının suallarına uyğun olaraq, mən xanəndəlik sənəti barədə danışdım, ustadlarım Nəriman Əliyevi, İslam Rzayevi, onların ustadı Seyid Şuşinskini yada saldım. Üstündən günlər keçib, amma hələ də tamaşaçılar zəng vurub təbrik edirlər, verilişdən məmnun qaldıqlarını bildirirlər… 

    Bundan sonra hansısa səviyyəsiz efir məkanına can atmağa  ehtiyac varmı ?..

    Möhtərəm prezidentimizin də dəfələrlə vurğuladığı kimi, işğal  edilmiş torpaqlarımızı otuz illik düşmən  əsarətinin, erməni tapdağından məhz gənclərimiz qurtardılar. Aprel döyüşlərində, qırx dörd günlük Vətən Müharibəsində, lokal antiterror əməliyyatında misilsiz qəhrəmanlıqlar göstərdilər. Canları, qanları hesabına qələbə çaldılar. Onların belə vətənpərvər ruhda, mərd-mərdanə yetişməsində, görəsən, bəzi telekanala hakim kəsilmiş, faydalı heç nə təbliğ etməyən üzdəniraq verilişlərin zərrə qədər rolu olubmu? Oralarda   lövbər salmış, özlərinin dili ilə desək, “məşhur”ların, “ulduz”ların, “diva”ların oxuduqları ideyasız, məzmunsuz, ara mahnılarının necə?.. İnanmıram ! Amma  buna qəlbən inanıram ki, həmin oğullar “Qarabağ şikəstəsi”, “Heyratı”, “Cəngi”, “Koroğlu” uverturası sədaları altında tərbiyələniblər, duyğuca, ağılca formalaşıblar. Ustadlardan mükəmməl təhsil almış peşəkar xanəndələrin, müğənnilərin şirin avazına, Azərbaycanımızın varlığına kökləniblər.

    Bəhs etdiyimiz mövzu strateji mahiyyət daşıyır. Nəzərə alsaq ki,  telekanallarımızı bütün dünya izləyir, iş bir az da ciddiləşir. Məsələ təkcə dostlarımıza musiqi ərməğanı bəxş etməklə bitmir. Axı bizi istəməyənlər də, Şuşamızı, Xankəndimizi yağı caynağından qoparmağımızdan, ərazimizə tam sahiblənməyimizdən sonra canlarına ağrı dolan, kürklərinə birə düşən makronlar da az deyil. Gecə-gündüz vurnuxur, xırda bir nöqsanımızı eşib, əleyhimizə dağ boyda dastan düzəltməyə fürsət axtarırlar. Hər sahədə  ayıq-sayıq olmalıyıq.. O cümlədən musiqimizin təbliğindədə! Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Mədəniyyət Nazirliyinin  dəstəyi ilə keçirilən, Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanan Muğam müsabiqəsi hər dəfə beynəlxalq aləmdə maraqla qarşılanır.

    Görkəmli sənətkarımız Alim Qasımov və digər xanəndələrimizin konsertləri xarici auditoriyalarda hərarətlə  alqışlanır… Deməli, beləcə musiqimizlə də nə qədər alicənab, humanist ədalətli xalq olduğumuzu sərhədlərimizdən kənarda nümayiş etdirə  bilərik. Amma vaxtaşırı keçirilən müsabiqələr, festivallar, konsertlər təbliğatımızı tam ödəməz. Fasiləsiz, ardıcıl fəaliyyət lazımdır.

    Bu yerdə isə televiziyanın tayı-bərabəri yoxdur. Müasir dövrdə, o, bəşəriyyətlə hər gün, hər saat üzbəüzlük deməkdir. Və milyardlarla insan qarşısına yüksək səviyyədə çıxmalıyıq…

    Elə daxildə də bu tələbə əməl etməliyik. Hələ ki, efirlərdən tam kənarlaşdırılmamış hallar təkcə birbaşa zövqləri korlamır, mənfi təsirini dolayısı yollarla cəmiyyətimizin bütün nöqtələrində büruzə verir…Dərs dediyim Mədəniyyət və İncəsənət Universitetində tələbələrə çox tələbkar yanaşanda, öyrəndikləri incə muğam elementlərindən harada, hansı məclisdə istifadə edəcəklərindən nigaran qalmaqları gözlərindən oxunur. Qınamıram da! Çünki qeyri-peşəkarlığın meydanı genişləndikcə, həqiqi sənətin meydanı daralır.

    Vaxtilə Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin  oxuduqları pak muğamlarımıza, təsniflərimizə “düzəlişlər” etmək, dedi-qodu, qeybət, məişətlə əlaqəli söhbət qatmaq bağışlanmaz günahdır. Üzeyir bəyin ruhuna xəyanətdir. Milli  əxlaqımıza zərbədir.

    Üzümü teleşirkət rəhbərlərinə, nüfuzlu musiqişünaslara, bəstəkarlara, xanəndələrə tuturam. Quruca gileylənməkdən bir şey çıxmaz. Milli əxlaqımız naminə ciddi şəkildə hərəkətə keçməliyik… Bunun üçün bəlkə də ilk növbədə yaxşıların təqdirindən başlamalıyıq. Özəl telekanallarda yaxşı musiqili layihələr, ATV-nin əməkdaşı Nanə Ağamalıyeva kimi aparıcılar, redaktorlar az deyil. Sadəcə saylarını artırmalıyıq. O həddə qədər ki, bir istedadsız ifaçıya, bir bayağı mahnıya yer qalmasın. Və beləcə, musiqi təbliğatımız da böyük Zəfərimizə layiq olsun.

    Ruzə İBİŞOVA,

    Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muğam sənəti kafedrasının baş müəllimi, doktorant
    PAYLAŞ:

    Oxşar xəbərlər