"SƏNƏT UNUTMUR" sərgisi Qənirə Paşayevaya vəfa borcu oldu - VİDEO

"SƏNƏT UNUTMUR" sərgisi Qənirə Paşayevaya vəfa borcu oldu - VİDEO
  • Manşet / Mədəniyyət

  • Martın 4-də Hilton oteldə "Sənət unutmur" adlı sərginin açılış mərasimi keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutu və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə xanım Mehdinin mərhum Millət vəkili Qənirə xanım Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub.

    Giriş sözü söyləyən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.

    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunduqdan və Qənirə xanımın öz ifasında şeiri səsləndirildikdən sonra təşkilatçı qurumlar adından Arzu xanım Bağırovaya söz verilib.
     
    Arzu Bağırova son 5 ildə hər il bu vaxtlar Qənirə xanımın təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə bağlı şəhid ailələrinə mənsub xanımlarla görüş keçirildiyini xatırladıb. Arzu Bağırova xatırladıb ki, rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin yaranması da 6 il öncənin bu günlərinə təvafüq edir: “Bizim ictimai birliyimizin necə adlandırılması, məqsəd-vəzifələrinin müəyyənləşdirilməsi baxımından da Qənirə xanımın məsləhətləri önəmli rol oynayıb. Biz əziz Qənirə xanımla birlikdə çoxsaylı layihələr, xeyriyyə aksiyaları keçirmişik. Tədbirlərimizin böyük əksəriyəti şəhidlərimiz, qazilərimiz, gənc qızlarımız, ümumən gənclərimizlə, təhsillə, ədəbiyyatla, mədəniyyət-sənətlə, habelə Türk dünyası ilə bağlı olub.
    Qənirə xanımın kitablarından biri “Məndən sonra” adlanır. – Bir neçə gün öncə vəfalı dostumuz, rəssam Elşən Karaca və rəssam həmkarları Müasir İncəsənət Mərkəzində bu adda sərgi təşkil etmişdi; biz də “Sənət unutmur...” adını təsadüfən seçməmişik və demək istəyirik ki, “əziz bacımız Qənirə xanım, səni unutmamışıq! Təşəbbüskarı olduğun layihələr, işlər, səndən sonra da davam edir” - deyə Arzu xanım bildirib.

    Arzu Bağırova qeyd edib ki, sərgidən sonra alınan əsərlər Qarabağdakı muzeylərə hədiyyə olunacaq.

    Sonra Millət vəkilləri – Anar İsgəndərov, Aydın Hüseynov, Tamam Cəfərova , Jalə Əliyeva, Arzu Nağıyev, Məşhur Məmmədov, İlham Məmmədov, Pərvin Kərimzadə, Vüqar İsgəndərov, Xalq rəssamı Arif Hüseynov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və qəhrəman şəhidlərimizin ailə üzvləri çıxış edərək maraqlı, uzun müddət yaddaşlarda qalacaq tədbirə görə təşkilatçılara təşəkkür ediblər.

    Tədbirin bədii bölümündə Xalq artisti Simarə İmanova və gənc sənətçi Ceyhun Həsrət və görmə imkanları məhdud istedadlı gəncimiz Ramal Əzimzadə tədbirimizə rəng qatıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər