Sağ qolu dəfn edilmiş 20 Yanvar şəhidi... (FOTO)

Sağ qolu dəfn edilmiş 20 Yanvar şəhidi... (FOTO)
  • Sosial

  • Doğum günündə şəhid olan Yusif...

    Bu gün Azərbaycanın tarixinə qara hərflərlə yazılmış 20 Yanvardan 29 il ötür. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Onlar öz qanları ilə xalqımızın azadlığa gedən yolunda, dövlət müstəqilliyimizin bərpasında ilk cığırlar açdılar. Xalqımız bu tarixi hər il böyük kədərlə və eyni zamanda fəxrlə qarşılayır. Hər il Şəhidlər Xiyabanında böyük izdiham yaşanır.

    Şəhidlər Xiyabanında bir qolu dəfn olunmuş şəhidin məzarı var. Bu, öz doğum günündə şəhid olmuş Yusif Allahverdi oğlu Sadıqovdur.

    Yusif 1964-cü ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyurdu. Ailənin sonbeşiyi Yusif Sadıqov təzə nişanlanmışdı, tezliklə toyu olacaqdı.

    O müdhiş gecədən bir gün əvvəl Yusif bacısı Sayalı xanımla söhbətində deyib ki, azadlıq uğrunda həlak olanlar ölmür, şəhid olurlar, azadlıq isə qurbansız olmur. Bəli, azadlıq yolunda, suverenlik yolunda həlak oldu Yusif. Özü də 26 yaşı tamam olduğu gün.

    Sağ qolu dəfn edilmiş 20 Yanvar şəhidi... (FOTO)

    Atası Sadıqov Allahverdi yanvarın 20-də Yusifin papağını Salyan kazarmasının yanından tapıb. O gündən ilim-ilim itib Yusif. Fevralın 4-də onun atası yenidən Semaşko adına xəstəxanaya gedir. Ölüxanada bir sağ qoldan çıxan paltarları ona göstərirlər. Atası oğlunun paltarlarını tanıyır. Kəsik qolundan çıxan paltarlar bunlardır; palto, pencək, köynək, jilet, alt köynək. Buna görə də valideynləri belə hesab edir ki, Yusif həlak olub. Bədən isə yoxdur. Onun sağ qolu Şəhidlər xiyabanında basdırılıb.

    Sağ qolu dəfn edilmiş 20 Yanvar şəhidi... (FOTO)

    Tələbə yoldaşları Yusifi çox istedadlı bir gənc kimi xatırlayırlar. Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin sözlərinə görə, Yusif BDU-nun sayılıb-seçilən tələbəsi olub:

    "Bakı Dövlət bizim tələbəlik illərində olduqca məşhur bir istedad vardı. Mexanika-riyaziyyat fakültəsində oxuyan Yusif Sadıqovu deyirəm. Yusif orta məktəbi Qərbi Azərbaycanın Krasnoselski rayonunun Cil kəndində qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülmüşdü.

    Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o, özündə yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu. Yaşasaydı Azərbaycanının görkəmli riyaziyyatçılarından biri idi. Yusifin ölümü də düşüncəyə sığmır. O, yanvarın 19-dan 20-nə keçən gecə anadan olmuşdu. Qanlı 20 yanvar hadisəsində onun bir qolu tapılıb. Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir”.

    Qeyd edək ki, Yusif Sadıqov fizika-riyaziyyat elmləri doktoru, professor Misrəddin Sadıqovun kiçik qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın kiçik qardaşıdır.

    20 Yanvar hadisələrində şəhid olan Yusif Sadıqov 1964-cü ildə Göyçə gölünün sahilində yerləşən Cil kəndində dünyaya göz açıb. Zahirən sakit, daxilən coşqun təbiətli idi. Güclü məntiqi, iti yaddaşı riyaziyyat elminə bağlamışdı Yusifi. Orta məktəbdə dəfələrlə olimpiadalarda iştirak edib birincilik qazanmışdı. Məktəbi 1981-ci ildə qızıl medalla bitirib Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində Moskvada, Vilnüsdə universitetini təmsil etmiş, riyaziyyat olimpiadalarında birinci dərəcəli diploma layiq görülmüşdü. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuşdu. Yusif minimumlarının hamısından əla qiymətlər almışdı, aspirantların konfransında, institut seminarlarında istedadı ilə tanınmışdı. Nişanlı idi. Hamı Yusifin toyuna hazırlaşarkən... Ad günü yanvarın 20-də idi...

    Elə doğum günündə də dünyasını dəyişən Yusiflə bağlı xatirələrini Trend-ə bacısı Sayalı Sadıqova danışıb:

    "O gecə... sanki yerin, göyün üzünə qara kəlağayı salmışdılar. Hər yan, hər tərəf adamda vahimə oyadırdı. Evdə də, bayırda da havası çatmırdı Yusifin. Sən demə, bütün varlığa hakim kəsilən o qara gecənin gəlişində hansısa bədxahın əli var imiş. Haradasa şimşək çaxırdı elə bil, qaranlığın bağrını sökən işıq zolaqları yanıb sönürdü. Yuxuda olan Yusifi güllə səsi oyatdı... Oyandı... Dözə bilmədi, küçəyə çıxdı..."

    1989-cu ilin 1 dekabr tarixində Ermənistan Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qərar qəbul etdi. Nəticədə, Azərbaycanda siyasi vəziyyət gərginləşdi və bu, 1989-cu ilin sonunda İran və Türkiyə ilə sərhədlərdəki tikanlı məftillərin sökülməsi ilə nəticələndi. 1989-cu ilin 31 dekabrında minlərlə insan - qadın və kişi, uşaq, qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşdü. 1989-cu ilin sonunadək ermənilər tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi. Hamının səbr kasası dolmuşdu. Yurd-yuva qeyrəti, el-oba isməti milləti ya ölüm, ya qalım məqamına gətirmişdi. Bakı təlatümə gəlmiş, insan seli küçələrə Vətən harayına çıxmışdı. Yanvarın əvvəllərindən davam edən mitinq və nümayişlər, Vəzirovun ölkəni idarə edə bilməməsi, DTK-nin isə təxribatçı əməlləri 20 Yanvar faciəsi üçün zəmin hazırladı. Bakıya qoşun yeridilməsi ərəfəsində Sov. İKP MK-nın katibi A.Girenko paytaxtda fövqəladə vəziyyət elan edilməyəcəyi, hərbi hissələrin gətirilməyəcəyini bəyan etdi və bununla da respublika əhalisi aldadıldı. "Ordu şəhərə daxil olmayacaq... Yalnız sakitlik, yalnız qarşılıqlı anlaşma..." Bu rəsmi sözlər eşidiləndə inam artdı, ümidlər şölələndi. Alma-Ata və Tbilisi hadisələrində güc işlətdiklərinə görə beynəlxalq aləm tərəfindən ittiham olunan "Qırmızı ordu"nun silaha əl atacağını heç kim gözləmirdi”.

    S.Sadıqova deyir ki, Yusif də bir vətəndaş, ziyalı kimi düşünür, yollar axtarırdı. Vətən uğrunda mübarizə başlıca amalına çevrilmişdi. Bununla belə, namizədlik mövzusu üzərində gecə-gündüz işləyirdi. İşini tez başa çatdırmağa çalışırdı. Ancaq hadisələr buna imkan vermirdi:

    "Xalqımızın 1988-ci ildən bəri başına gələn faciələr Yusifi rahat buraxmırdı. Onun gözlərindəki qığılcım, üzündəki təbəssüm gözlərimizin önündə yavaş-yavaş sönməyə başlamışdı. Minimumlarının hamısından əla qiymətlər almışdı. Aspiranturanın ikinci kursunda oxuyurdu. İnstitutun əməkdaşları Yusifin şəxsində gələcəyin görkəmli riyaziyyatçı alimini, şəxsiyyətini görürdülər. O, əsl Azərbaycan ziyalısına xas olan daxili insani keyfiyyətləri, dünyagörüşü, səmimiliyi ilə hər zaman fərqlənmişdi".

    1990-cı ilin ilk ayı yaman qanlı-qadalı gəldi. Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli qırğın törədildi Bakıda. Qan su yerinə axdı o gecə. Neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə. Bu dəhşətli qırğının şahidi olmuş insanlar ağıllarını itirmək dərəcəsinə çatmışdılar. Təsəlliyə söz də qalmamışdı. Hamı ağlayırdı, özü də hönkür-hönkür, fəryad qopara-qopara. Lakin şahidlərin selə dönmüş göz yaşları tökülən bu günahsız qanlardan qat-qat artıq olsa da, onu yuyub təmizləməyə qadir deyildi. Göz yaşı ilə suvarılan şəhid qanından qırmızı qərənfillər bitmişdi küçələrdə, meydanlarda. Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər yox, ölülər arasında...

    S.Sadıqova deyir ki, həmin gün əzizlərinin meyitini tapanlar Allaha şükür edirdilər:

    "Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini yük maşınları ilə aradan çıxara bilmişdilər".

    Onun sözlərinə görə, səhəri gün atası şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında Yusifi axtarırdı:

    "Yusifin isə ancaq sağ qolu tapıldı... Tankın tırtılları altında kəsilmiş sağ qolu... Yusifin arzularını həyata keçirməyə qoymayan qatillər Bakını qana boyadı".

    Yanvar böhranı nəticə etibarilə respublika hakimiyyət orqanlarının iradəsizliyi və xalqdan ayrı düşməsi, müxalifətin ən fəal hissəsinin avantürizmi, bütün siyasi dayaqlarını itirmiş mərkəzi hakimiyyətin səbatsızlığı nəticəsində baş verdi. Bu böhran həm də müəyyən dairələrin siyasi korluğunun nəticəsi idi. Onlar başa düşmək istəmirdilər ki, siyasi böhranın nə ilə nəticələnməsindən asılı olmayaraq, o, artıq tarixi inkişafın ümumi yönünü dəyişdirə bilməyəcək.

    Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. Bu mərhələni keçən insanlar hiss etdilər ki, keçmiş həyata və münasibətlərə qayıtmaq artıq mümkünsüzdür. Müstəqilliyə doğru hərəkət son, həlledici mərhələyə yaxınlaşmaqda idi və artıq həmin 90-cı ildə Azərbaycanda 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublikanın ideyaları, rəmzləri, demokratik ənənələri yenidən canlanmağa başlanmışdı.

    Yanvar hadisələri siyasətdə zorakılığın, siyasi problemlərin həllində gücdən istifadə edilməsinin (kim tərəfindən olursa-olsun) səmərəsizliyini sübuta yetirdi. Ziddiyyət, ixtilaf, maraq və ambisiyaların bir-biri ilə toqquşması siyasi prosesin dəfedilməz ünsürüdür. Lakin mədəni cəmiyyətlərdə bu heç də o demək deyil ki, ziddiyyətlər hökmən sərt qarşıdurma və zorakı yolla həll edilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər