Masallı – 90

Masallı – 90
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Masallı inzibati rayonu yaradılmasından 90 il ötür.

    Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıblar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapıb.

    "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.

    Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunub. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılıb. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.

    Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olub. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı.

    08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

    Masallı rayonu Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənmişdir. Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarında ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Sahəsində maksimal hündürlük 917 metr, ən aşağı ərazisi Xəzər dənizi sahillərində -26,5 metrdir.

    Masallı rayonunun ərazisi 72100 hektar, əhalisi (01.01.2020-ci il) 227757 nəfərdir.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər