"Vətənin ağgün yaşaması uğrunda şəhid olan Tural Sarıyev" - Qənirə Paşayeva

"Vətənin ağgün yaşaması uğrunda şəhid olan Tural Sarıyev" - Qənirə Paşayeva
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Tural Sarıyevdən yazdı.

    "Vətənin ağgün yaşaması uğrunda şəhid olan Tural Sarıyev.
    Şəhid Tural İsmayıl oğlu Sarıyev – 10 may 1993-cü ildə Tovuz rayonunun Cirdək kəndində doğulub. 1999-cu ildə Hacılar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Tural orta məktəb illərində çalışqan şagird kimi, müəllimlərinin sevimlisi olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə yollanan Tural, 2013-cü ilin yanvar ayından bir zamanlar təhsil aldığı məktəbdə çalışmağa başlayıb. O, əsgər olduğu illərdə də, komandirlərinin, əsgər yoldaşlarının rəğbətini qazanıb, hərbi hissədə öz nizam-intizamı ilə seçilib. Dar gündə hamının köməyinə çatan, gülərüz, sakit təbiəti ilə nəinki Cirdəkdə, ətraf kəndlərdə də yaxşı tanınan, sevimli dost-qardaş olub, dostlarının məsləhət yeri olub Tural. “Məndən balaca olsa da, ağsaqqal idi Tural” – bu sözlər şəhidin böyük qardaşı Akifə aiddir. “Gözləməkdən gözlərimin kökü saraldı” dediyi gün Tural Sarıyevə 2018-ci ildə qismət olub: illərdən bəri sevdiyi yarına qovuşub, toy çaldırıb, ailə həyatı qurub. 2019-cu ilin oktyabr ayında Tanrı ona işıq qaynağı, nur topası bir oğul verib: Tunar Tural oğlu..!

    Bəlli olduğu kimi bu il, sentyabr ayının 27-də, səhər saat 06.00-da Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qarabağ torpaqlarından Ordumuzun bölmələrinə və mülki əhaliyə genişmiqyaslı hücumu oldu. Buna qarşılıq verən Azərbaycan Ordusu, bütün cəbhə boyu güclü əks-hücum əməliyyatları başlatdı. Beləliklə, hələ iyul ayında Tovuza düşmən hücumu vaxtı könüllü cəbhəyə getmək arzusunda olan Tural Sarıyev, sentyabrda arzusunu həyata keçirib –könüllü olaraq cəbhəyə yollanıb. O, birinci hərbi xidmət illərində olduğu kimi, bu dəfə də, qısa müddət ərzində yeni tanış olduğu əsgərlərlə dostlaşıb, doğmalaşıb. Öncə Füzuli və Cəbrayıl rayonu, sonra isə Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib Tural. Tural oktyabr ayının 16-da Vətən torpaqlarının azad edilməsi uğrunda qəhrəmancasına şəhid olub. Şəhidimiz 17 oktyabrda doğma Cirdək kəndində böyük bir izdihamla torpağa tapşırılıb.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Tural İsmayıl oğlu Sarıyev “Vətən uğrunda” medalı ilə təltif edilib. O, bu təltifə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə layiq görülüb. Ailəsi ilə son telefon bağlantısı 15 oktyabrda olub şəhidimizin. Qardaşı Akif “inşallah torpaqlarımızı azad edərsiz – o şad xəbər gələr, sən də, digər əsgərlərimiz də sağ-salamat ev-eşiyinizə qayıdarsız” deyə alxış edincə, Tural belə cavab verib: “O şad xəbəri bəlkə də sabah eşidərsiniz”... – Turalın doğulub, boya-başa çatdığı eldə deyildiyi kimi, “elə bil, dedirdicilər dedirdibmiş... – Sanki bir gün sonra şəhadət şərbəti içib ölümsüzlük zirvəsinə ucalacağı ona agah olub, ürəyinə damıbmış... – Zatən Tural adı “Yaşayan”, “Ölümsüz” anlamlarını daşıyır. Ölümsüzlüyün mübarək, Şəhidim!"
    "Vətənin ağgün yaşaması uğrunda şəhid olan Tural Sarıyev" - Qənirə Paşayeva
    "Vətənin ağgün yaşaması uğrunda şəhid olan Tural Sarıyev" - Qənirə Paşayeva
    PAYLAŞ:

    Oxşar xəbərlər