“Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” - Rusif Kərimov

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” - Rusif Kərimov
  • Manşet / Cəmiyyət

  • Məlumdur ki, dövlətlərin, xalqların həyatında baş verən əsaslı dəyişikliklər hər zaman bu dəyişiklikləri reallaşdıran liderlərin adı ilə bağlı olur. Eləsə də müasir Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas götürərək Ölkə Prezidenti cənab İlham Əliyev son 18 il ərzində uğurla həyata keçirdiyi uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib. 

       

    Öz çıxışlarında Azərbaycan Prezidenti dəfələrlə belə bir fikri vurğulayıb: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Məhz bu konsepsiya Prezident İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. Bu gün bütün dünyada hələ də pandemiyanın davam etməsinə, ölkəmizdə isə bundan başqa həm də postmüharibə dövrü olmasına baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam etməkdədir. Bu sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa əhalinin həssas təbəqələrinin gəlirlərinin artırılmasına hədəflənib. Bu baxımdan ən əhəmiyyətli tədbirlərdən biri də minimum əməkhaqqının 300 manata çatdırılmasıdır. Aydındır ki, bu tədbir ilk növbədə birbaşa əmək bazarına təsir edir, əmək məhsuldarlığını artırır. Həmçinin minimum əməkhaqqının artımı əmək müqavilələrinin bağlanılmasını, başqa sözlə desək əməyin leqallaşdırılmasını da stimullaşdırır. Sosial islahatların aparılması bütün dövrlərdə və bütün ölkələrdə çətin və daha çox məsuliyyət tələb edən işdir. Ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin fərmanları ilə təhsil, sosial təminat və sosial sığorta sahələrində islahatlar konsepsiyası işlənib hazırlanmışdır. Ulu öndər Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərmanlarla onlarca proqram qəbul edilib və həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Belə ki, nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə isə bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib.

            

    Həmçinin qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin son 18 il ərzində həyata keçirdiyi xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini, Azərbaycan dövlətinin dünyada söz sahibi olmasını təmin edib. Birmənalı olaraq demək lazımdır ki, ötən il Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində mümkün olub. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində  bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.  Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin daha bir təntənəsi də məhz Azərbaycanda bərqərar olmuş ümummilli birlik və həmrəylik mühiti ilə bağlıdır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümünə çevrilib.

     

    Rusif Kərimov,

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

    PAYLAŞ:

    Oxşar xəbərlər