Mən həmin gün başa düşdüm ki, Şuşa daha çox onun uğrunda ölənlərin Vətənidir, Şuşa gələcəkdə bu ölkədə doğulacaq bütün bədbəxt qızların, nişan üzüyü başına çırpılan körpələrin, illərlə əlində CV iş axtaran naçar oğlanların Vətənidir.
SSRİ-nin məşhur avtomobil markası olan “Pobeda”nın (Azərbaycanca – “Qələbə”) maraqlı yaranma tarixçəsi var. Belə ki, “Pobeda”nın istehsalına yeni başlayanda SSRİ-nin rəhbəri Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni Sovet maşınının adı “Vətən” (Rusca – “Rodina”) olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur: “Bəs “Vətən”i neçəyə satmağa hazırlaşırsınız?”
Stalinin bu sualından sonra avtomobilin adını dərhal dəyişib “Pobeda” qoyurlar.
Müşviq Abbasov! “Şuşa” Vətəndir, Vətənin nə adını dəyişərlər, nə də bu adla alver etmək olar. Şuşa həm də bütün türk dünyasının mədəniyyət paytaxtıdır. Sənin iştirak etdiyin KVN yarışı da mədəniyyət tədbiridir. Bu ad altında hərbi qələbəni əsgərlərimiz çaldı, mədəni qələbəni sən çalmalı idin. Şuşanın adı ilə! Olmadı. Uduzdun! Orda qalib olsan da, sən məğlubsan!
Mən Şuşanın heç vaxt başı dumanlı dağlarını, Xarı bülbülümü vəsf edən deyiləm. Pafos və romantika insanı çılpaq göstərir. Amma unutmayaq: Şuşa Azərbaycanın ana bətnidir. Vətən oradan başlanır həm də…
Samir Feyruzov