Detektiv yazıçı Elbrus Kəlbiyev:”Əsərlərim nəinki yerli, xarici yazarların əsərlərindən də geri qalmır”-MÜSAHİBƏ

Detektiv yazıçı Elbrus Kəlbiyev:”Əsərlərim nəinki yerli, xarici yazarların əsərlərindən də geri qalmır”-MÜSAHİBƏ
  • Cəmiyyət

  • TİA.AZ-ın bugünkü müsahibi detektiv yazıçı,psixoloq, eytiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevdir.Tanınmayanlara məlumat üçün bildirim ki, Elbrus Kəlbiyev  Lerik rayonunun Çayrud kəndində ziyalı ailəsində anadan olub. 1994-ci ildə  Çayrud kənd orta məktəbini  , 1998-də Bakı Ali Hərbi Məktəbini psixoloq ixtisasi üzrə bitirib. 1998- 2016-ci illərdə Azərbaycan ordusunda müxtəlif vəzifələrdə zabit kimi xidmət edib,polkovnik-leytenant rütbəsində ehtiyata çıxıb. Dedektiv janrında yazılan 5 kitab – “Şahmat qaydaları ilə QƏTL”“Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi”“Şeytan ruhunun ləpiri”  , “Utancaq qatil”  kitablarının müəllifidir.
    -Elbrus müəllim ,ilk olaraq soruşmaq istərdim ki, hansı səbəb sizə kitab yazmağa,yazıçı olmağa sövq elədi və nədən məhz dedektiv yazmağa qərar verdiz? Ümumiyyətlə nə vaxtdan yazıçılıqla məşğulsunuz?

    – Artıq uç ildir yazıram. İlk kitabım “Şahmat qaydaları ilə qətl” romanı oldu. Mən detektiv janrını çox sevirdim və həmişə axtarırdım ki, məhz bu mövzuda, bu cür motivdə yazılan bir əsər varsa tapıb oxuyum. Özüm də hələ kiçik yaşlarımdan şahmatla məşğul olmuşam. Bir neçə yarışların qalibi olmuşam. Detektiv və şahmatı bir yerdə görməyi çox arzulayırdım. Görəndə ki, bu cür əsər yoxdur ,oturub özüm yazdım və yazıçı olmağım da elə bu cür başladı.
    -Özünüz ən yaxşı hansı əsrinizi hesab edirsiniz?
    -Bütün əsərlərim demək olar ki, eyni səviyyədə yazılıb. Heç biri digərindən geri qalmır. Hər biri mənim üçün doğmadır.
    – Artıq 5 kitab müəlifisiniz və əsərləriniz  oxucularda maraqla qarşılanır.Əsərlərinizdəki baş qəhrəman polkovnik İlyas Qocayev kimin prototipidir ,ümumiyyətlə  süjet xəttini , personajları,obrazları haradan götürürsünüz?
    -Qəhrəmanım polkovnik İlyas Ocaqov heç kimin prototipi deyil. Mənim xəyalımdakı, arzularımdakı qəhrəmandır. Əsərlərimdəki personajlar və hadisələr həyatımızla çox yaxın bağları olmaqla özümün yaratdığı obrazlar və hadislərdir.
    -Oxucu kütləniz əsasən hansı kateqoriyadandır sizcə?

    -Hələlik çox olmasa da müəyyən qədər oxucu kütləm artıq var. Onlar məntiqi düşünməyi, axtarmağı, təsəvvür etməyi sevən, intellekti yüksək olan insanlardır. Hərdən onlarla əsərlərimi müzakirə edirik. Onların fikirlərini daim nəzərə alır və dəyərləndirirəm.
    -Sizin hərbçi ,təhqiqatçı  olmağınız detektiv yazmaqda sizə kömək olurmu və ümumiyyətlə detektiv yazmaq üşün kriminalistikanı bilmək , xüsusi bilgilərə malik olmaq mütləqdirdmi?
    -Mən 15 ildən çox istintaq işi ilə özüm məşğul olmuş, hərbidə işləyərkən bu vəzifəni yerinə yetirmişəm. Əlbəttə detektiv yazar istintaqın necə aparılmasını, tibbin, kriminalistikanın sirlərini, psixologiyanı mütləq bilməlidir. Özünün dünya görüşü zəngin olmalı, həyata öz baxışı olmalı, cəmiyyətin problemlərini göstərməyi və həlli yollarını göstərməyi bacarmalıdır.

    -Sizin kitablarınızı digər dedektiv müəlliflərinin əsərlərindən  fəqləndirən cəhət nədir?
    -Detektiv janr əslində yazar üçün dar bir çərçivədir. Bəzən istintaqdan kənara çıxıb istədiyin mövzulara toxuna bilmirsən. Lakin düşünürəm ki, mən bunu bacarmışam. Hər bir əsərimdə süjet xəttindən ayrılmadan, oxucunu darıxdırmadan, əksinə bir az da marağına səbəb olmaqla bir çox problemlərə toxuna bilmiş, həmin mövzularda fikirlərimi ifadə edə bilmişəm. Daha bir fərqlilik ondadır ki, mən ənənəvi istintaq metodlarından fərqli olaraq daha çox istintaqın psixoloji tərəfinə daha çox üstünlük verir, ən son kriminalistik bilgilərdən istifadə edə bilirəm. Bunun üçün yetəri qədər bilgim və məlumatlarım var.
    -Kitabların satışı ilə dolanmaq ,gəlir götürmək olurmu ,sizi qane edir? Kitabın satılmasından gələn vəsait onun çap xərcini ödəyimi?   Ümumiyyətlə Azərbaycanda kitab satışı,tirajı ,ümumən kitaba olan maraq barədə fikirlərinizi bilmək maraqlı olardı.
    -Bizdə kitaba maraq son illər nisbətən çoxalıb. Lakin hələ ki, bu sahədə öndə gedən dövlətlərdə olduğu kimi deyil. Kitab satışı isə yüksək səviyyədə deyil. Xarici dövlətlərdə bu işi nəşriyyatlar təşkil edir. Bizdə isə sən həm yazmalı, həm satmalı, həm təbliğ etməli..demək olar ki, bütün işləri özün görməlisən. Bu isə çox çətindir.
    -Dedektiv yazıçı , konkret siz, özünüz dedektiv oxuyursunuz və oxuyursunuzsa hansı xarici və yerli müəlifləri xoşlayırsınız və mükəmməl hesab edirsiniz?
    .-Doğrusu indi oxumuram. Buna vaxtım yoxdur. Amma əvvəllər yerli və xarici detektiv yazarları çox oxumuşam. Çingiz Abdullayevin, Konan Doylun və Aqata Kristinin əsərlərini çox bəyənirdim.

    -Belə fikir də var ki, dedektiv qeyri-ciddi ədəbiyyatdır.Bu nə dərəcədə düzgün fikirdir?
    -Mən bu fikri absurd sayıram. Detektiv əsərlər insana ən vacib keyfiyyətlər olan “düşünməyi”, öyrədir. Onun tənqidi təfəkkürünü inkişaf etdirir. Yaxşını pisdən ayırmağı təbliğ edir, Ədalətin nə qədər böyük bir dəyər olduğunu aşılayır..Və bu siyahını daha nə qədər istəsən uzatmaq olar… Kimsə bütün bunları qeyri- ciddi bir iş hesab edirsə, onda mənim o insanın fikrində olan ciddiliyinə şübhəm var.
    – Nəyə görə bizdə daha çox Elxan Elatlını,Çingiz Abdullayevi tanıyırlar? Yaxşı əsərlər yazan azdır,yoxsa reklam olunmur?
    -Çingiz müəllim də, Elxan da çoxdan yazırlar. Özünü bir yazar kimi təsdiq eləmək, oxucuya sevdirmək üçün yaxşı yazmaqla yanaşı ən çox lazım olan amillərdən biri də “zaman”dır. Əgər çox oxunurlarsa demək çox işləyiblər, oxucu məhəbbətini qazana biliblər. Təbliğ olunmaq əlbəttə ən vacib elementdir. İnanıram ki, mənim əsərlərim də artıq daha geniş kütlə tərəfindən bəyəniləcək və seviləcək. Mən bunun işartılarını görürəm və özümə inanıram. İnamla deyə bilərəm ki, əsərlərim nəinki yerli, heç xarici yazarların əsərlərindən geri qalmır. Əksinə bir çoxlarını üstələyir. Bu fikirləri bir çox oxucularım da mənə yazıb bildirmişlər.

    -Dedektiv əsərlərinizin ssenarisi  əsasında gələcəkdə film çəkilməsi haqda maraqlananlar,təkliflər var? Ümumiyyətlə bu sahə barəsində  nə düşünürsünüz?
    -Onu deyim ki, mən əsərləri əgər belə demək mümkünsə “videoformatda” yazıram. Çalışıram oxucu orada baş verənləri tək oxumaqla yox, həm də mümkün qədər seyr etməklə görsün. Kitablarımı rejissorlardan İzzət müəllim oxuyub, bəyənib və çox böyük həvəslə onlara serial çəkmək istəyir. Bu haqda dəfələrlə söhbətimiz olub. Lakin bu iş üçün hələ ki, sponsor tapılmır. Kim bilir bəlkə də nə vaxtsa ya yerli, ya da xarici bir ölkədə əsərlərimə kino çəkiləcək. Bu artıq bir az da bəxt məsələsidir.
    -Dedektiv yazmaq üçün nə etmək lazımdır? Gənc yazarlara, artıq 5 uğurlu kitab müəllifi kimi nə məsləhət görərdiniz…
    -İstər detektiv, istərsə də bir baçqa janr yazmaq üçün fikrimcə ilk olaraq istedad, dünya görüşü və çox sahələrdən bəs qədər məlumatın olmalı. Yaratdığın hər bir personajın hisslərini duya bilməli, o hissləri tərcümə edib ağ vərəqə köçürə bilməlisən… Və bu kimi onlarla başqa keyfiyyətlərə malik olmalısan. Bütün bunlar səndə olmazsa məncə yaxşı yaza bilməz, oxucunun hisslərinə toxunaraq onun yaddaşında qala bilməzsən.
    -Sonda ənənəvi bir sual. Gələcəck planlarınız nədi, oxucularınızı hansı  yeni əsərlə sevindirəcəksiniz?
    -Bütün çətinliklərə baxmayaraq yazmaq həvəsim tükənməyib. Yazmaq istəyirəm. Son “Utancaq Qatil” romanım bir ay olar çapdan çıxdı. İndi növbəti bir əsər üzərində işləyirəm. Güman edirəm Allahın izni ilə hər şey yolunda getsə payız aylarınadək o əsəri də bitirəcəm. Ondan sonra nələr olacaqsa zaman göstərəcək.
    Söhbətləşdi:İmran Kərimli
    Qeyd:Elbrus Kəlbiyevin kitablarını kitab mağazalarından əldə edə bilərsiniz.
    Onlayn sifariş də mümkündür. (Əlaqə nömrəsi:077-308- 01-33)
    Detektiv yazıçı Elbrus Kəlbiyev sosial şəbəkələrdə:
    https://www.facebook.com/elbrus.kelbiyev.12 
    https://www.instagram.com/kelbiyev_detektiv_yazar/  

     

    PAYLAŞ:

    Oxşar xəbərlər