Paşayevlərə bağlılığı olmayanlar, onların adlarından necə istifadə edirlər? - ŞOK MÜRACİƏT

Paşayevlərə bağlılığı olmayanlar, onların adlarından necə istifadə edirlər? - ŞOK MÜRACİƏT
  • Cəmiyyət

  • Məlumat üçün bildirək ki, 12 noyabr1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyamızda insan hüquq və azadlıqlarının qorunması açıq-aşkar şəkildə göstərilib və bu sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli, insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddədən ibarətdir. Bundan əlavə, ölkə rəhbərinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə, iyunun 18-i ölkəmizdə insan hüquqları günü kimi təsis olunub və hər ilin bu günü İnsan hüquqları günü kimi qeyd olunmaqdadır. Bundan əlavə, Azərbaycan Respublikasının müasir inkişaf dövründə insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, hal-hazırda dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bunlara baxmayaraq, ölkəmizin ayrı-ayrı sahələrində rəhbər vəzifə sahibi olan bəzi şəxslər bu gün də qanunun belə bir tələbinə məhəl qoyulmur, necə deyərlər insan hüquq və azadlıqlarını tapdaqlar altına atmaqla məşğul olurlar. 

    Məsələn, bu günlərdə redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi-21 ünvanında yaşayan Məmmədova Gülnarə Ağabekovna tərəfindən müraciət daxil olub. Adı çəkilən bu xanım ərizəsində qeyd edir: “Oğlum Emin Vahid oğlu Səlimov 2009-cu ildən “Retro Holding” MMC-də ticarət və marketinq departamentinin direktoru vəzifəsində çalışıb. O, olduqca tərbiyəli və yüksək mədəniyyətə malik, həmçinin işinin öhdəsindən ən yüksək səviyyədə gəlməyi bacaran nümünəvi isçi olub. Heç vaxt işində hansısa nöqsana yol verməyib, heç bir töhmət və cəza almayıb, daim öz çalışqanlığı və bacarıqlı olması ilə fərqlənib. Yəni, bunu oğlumla birlikdə işləyən digər şəxslər də təsdiq edə bilərlər. Oğlumun qaynanası Heydərli Səbirə Rəcəb qızı da, 2014-cü ildən bu MMC-də maliyyə departamentinin müdiri vəzifəsini daşıyır. Eminin həyat yoldaşı Səlimova Samirə Sahib qızı isə, 2020-ci ildən “Retro Holdinğ” MMC-nin ofisində çalışır. Günlərin birində oğlum Samirənin uzun müddət bu Holdinq də çalışmış bir şəxslə (kişi) danışmasını, yazışmasını və görüşməsini dəqiqləşdirə bilir.


    Hətta, bir gün onları birlikdə sərxoş vəziyyətdə tutur və buna görə də Eminlə Samirənin arasında münasibətlər tamamilə pozulur. Belə bir səbəbdən də, oğlum ondan rəsmi qaydada ayrılmaq üçün məhkəməyə müraciət edir. Eminin belə bir hərəkətindən əsəbləşən Səbirə Heydərli (Samirənin anası), yaxın münasibətdə olduğu, hansı ki, “Retro Holdinğ” MMC-də direktor vəzifəsini daşıyan Məmmədov Turqut Rza oğlu ilə əlbir olub, oğlumdan heyf çıxmaq, onun bütün əmlaklarını əlindən almaq qərarına gəlirlər. İlk vaxtlar Turqut Məmmədov oğlumdan mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair sənədləri ona verməyi, hətta həmin əmlaklara sərəncam vermək üçün notarial qaydada onların adlarına etibarnamə verməsini də tələb edir. Oğlum bununla razılaşmır, o halda Turqut Məmmədov onu Holdinqə dəvət edir. Emin şəxsi istifadəsində olan “Land Cruser” markalı avtomobili ilə Holdinqə gəlir və avtomobilini qarajda saxlayıb Turqut müəllimin otağına qalxır. O, həmin vaxt oğluma hədə-qorxu gəlir və şəxsi mülkiyyətindəki əmlakları onlara verməyi, hətta ona yaxın şəxslərin adlarına keçirməyi də tələb edir. Əks təqdirdə o, oğlumun başına oyun açdıracağını, avtomobilinə narkotik maddə atdırıb həbs etdirəcəyini, atasını, qardaşını işdən çıxartdıracağını deyir. Emin bunların səbəbini Turqut Məmmədovdan soruşduqda o, onun Samirədən boşanmamasını tələb edir, əks halda qeyd etdiyi addımları atacağını dilə gətirir. Oğlum bu cür danışıq və davranışlardan olduqca narahat olur və o, avtomobilinə əyləşib Holdinqi tərk etmək istədikdə, mühafizəçilər onun  avtomobillə oradan çıxmasına imkan vermirlər. Həmin vaxt Turqut Məmmədov Eminə zəng edir və ondan avtomobilin açarlarını mühafizəçiyə verməsini taləb edir. Oğlum açarları təhvil verməkdən imtina edir və məcbur olub Holdinqi piyada tərk edir. Hal-hazırda Eminə məxsus avtomobil Holdinqin qarajındadır. Dəfələrlə Turqut Məmmədov oğluma zəng edərək onu təhdid edib, avtomobilin açarlarını, digər sənədləri, o cümlədən şəxsi mülkiyyətində olan mənzilini, qeyri -yaşayış sahəsinin sənədlərini ona verməsini tələb edib.

    Hal-hazırda da o, oğluma hədə-qorxu gəlməkdə davam edir, onu narahat edir (bununla bağlı səsyazısı və video görüntülər var). Turqut Məmmədovun tapşırığı əsasında digər oğlumu və həyat yoldaşımı da işdən çıxartdılar, bu gün onların işlərini yoxlayırlar. Əgər Emin mülkiyyətində olan əmlakları ona verməsə, o halda işinin auditə verilib yoxlanılacağı və boynuna külli miqdarda yeyinti yazılacağı qaçılmaz olacaq. Söylənilənlərə görə, Turqut Məmmədov “Retro Holding” MMC-də ətrafına yığıb işlətdiyi qohum-əqrabası ilə o qədər yeyintilərə yol verib ki, bu gün həmin yeyintiləri oğlumun boynunda qoymaq istəyirlər. O, belə bir addımlarını ona görə atmağa cəhd göstərir ki, Emini özünə tabe etməyə nail olsun. Bu kimi səbəblər üzündən də, hal-hazırda oğlumun həyatı və gələcəyi təhlükə altındadır. Adicə bir faktı da qeyd edim ki, bu MMC-də maliyyə departamentinin müdiri vəzifəsini daşıyan Səbirə Heydərli, 2014-ci ildə Holdinqə işləməyə gəlib. Həmin vaxt sadə mühasib olaraq onun bir mənzili və bir köhnə avtomobili var idi. Elə ki, bu xanım Turqut Məmmədovla yaxın münasibət qurmağı bacardı, o halda o, çox keçmədi ki, Holdinqdə faktiki olaraq rəhbərliyi həyata keçirməyə nail oldu. Səbirə Heydərli bu MMC-də işləyə-işləyə çoxlu sayda daşınar və daşınmaz əmlaklara sahib oldu, hətta Almaniyada biznesini qurdu, hotel və restoran əldə etdi. O, bütün yaxın-uzaq qohumlarını, qardaşını, gəlinini, bacısını, bacısı qızlarını Holdinqdə yaxşı işlə təmin etdirdi. Ötən müddət ərzində onun bütün qohumlarının maddi durumları yaxşılaşdı. Məsələn, bacısı özünə üç mərtəbəli ev tikdirdi, təzə bahalı avtomobil aldı. Hal-hazırda Səbirə Heydərli Turqut Məmmədova olan təsir imkanlarından istifadə edir və oğlumu aradan götürməyə, onu valideynlik hüququndan məhrum etməyə, qızını və nəvəsini götürüb Almaniyaya qaçmağa çalışır. O, illər öncə Almaniyada bu ölkənin  vətəndaşı ilə 50 min evro qarşılığında uydurma nigaha girib.

    Holdinqin direktoru Turqut Məmmədov, “Retro Holding” MMC-nin möhtərəm Prezidentimizin qaynatası, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın atası cənab Arif Paşayevə məxsus olduğunu deyir. Hətta, o, özünü Arif müəllimin yaxın adamı kimi təqdim edib, İlham Əliyev cənablarının, Mehriban xanım Əliyevanın və hörmətli Arif Paşayevin adından sui-istifadə edərək, oğluma həyatını qaraldacağını bildirir. Mən onun bu cür təhdidlərindən, təhqirlərindən çox narahatam və övladımın həyatına real təhlükə yarandığı üçün çox qorxuram.

    Qeyd edim ki, artıq Turqut Məmmədov oğlumun mülkiyyətində olan əmlakların bütün sənədlərini onun əlindən alıb. Bundan başqa o, yaşlı həyat yoldaşıma zəng edir və ona da hədə-qorxu gəlir. Bu cür telefon zənglərindən bərk narahatçılıq hissi keçirən həyat yoldaşım xəstəlik tapıb, hal-hazırda o, mualicə olunmaqdadır. (Bununla bağlı xəstəxananın sənədləri və ödəniş qəbzləri var). Eminin həyatının təhlükədə olduğunu, Turqut Məmmədovun möhtərəm Prezidentimizin, Mehriban xanım Əliyevanın, həmçinin cənab Arif Paşayevin adından sui- istifadə etməsini nəzərə alaraq, bizə qarşı qanunsuz həkətlər edən bu şəxs barəsində lazımi tədbirlərin görülməsinə, eyni zamanda oğlumun əmlaklarına dair sənədlərin əsillərini onun özünə qaytarılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm. Onu da bildirim ki, uzun illər ərzində “Retro Holding” MMC-də çalışan bir neçə nəfər işçi, oğluma qarşı edilən bu cür haqsızlıqlarla bağlı haqqı müdafiə edib öz mövqelərini ortaya qoyduqlarından, Turqut Məmmədov onları da heç bir əsas olmadan işdən çıxarıb. Bu cür addım olduqca ədalətsiz addımdır. Çünki, həmin şəxslər kimin haqlı, kimin haqsız olduğunu görürlər və əsl vətəndaş mövqelərini ortaya qoyurlar. Turqut Məmmədov, daim “Retro Holding” MMC-nin cənab Arif Paşayevə məxsus olduğunu dilə gətirir, ona yaxın şəxs olduğunu bildirir və arxa-dayağının möhtərəm prezidentimiz İlham Əliyev cənabları, hörmətli Mehriban xanım Əliyeva və cənab Arif Paşayev olduğunu vurğulayır. Ona görə də o, heç nədən, bir kimsədən qorxmadığını daim dilə gətirir və yenə də oxşar addımlarını atır”.


       Dəyərli oxucular! Biz bu yazını yuxarıda adını çəkdiyimiz ananın müraciəti əsasında ərsəyə gətirmişik. Qeyd edək ki, bu gün ölkəmizin ərazisində bir çox istehsal sahələri, özəl şirkətlər, çoxsaylı MMC-lər, o cümlədən “Retro Holdinğ” MMC-də fəaliyyət göstərir ki, bütövlükdə bunları alqışlamaq gərəkdir. Çünki, istənilən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyət göstərmələri, müstəqil Azərbaycan Respublikasının iqtisadi cəhətdən inkişaf etdirilməsində, ölkə ərazisində işsizliyin minimum həddə endirilməsində, büdcəmizin formalaşmasında və s. xüsusi rola malik olurlar. “Retro Holdinğ” MMC-nin fəaliyyət göstərməsinə gəldikdə isə, bunu da alqışlamaq lazımdır. Çünki, bu MMC hansı şəxs tərəfindən təsis olunubsa və hal-hazırda fəaliyyət göstərirsə, demək bu Holdinq də ölkəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində müəyyən qədər rola malik olur. Odur ki, hansısa şəxsin hansısa məsələ ilə bağlı fərdi yanaşmasını, zənnimizcə ümumi problem kimi qiymətləndirmək yalnışlıq olardı. Unutmaq olmaz ki, indiyə kimi hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında ölkəmizin bir çox ərazilərində neçə-neçə layihə proqramları həyata keçirilmiş, xoşməramlı tədbirlər baş tutmuşdur. Sözsüz ki, bütün bunların həyata keçirilməsində başlıca məqsəd, dolanışıq vəziyyəti ağır olanlara dayaq olmaq, küsmüş qəlbləri sevindirmək olub. Bir sözlə, bu gün istər ölkə rəhbəri İlham Əliyev cənablarının, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamət, başlıca strategiya xalqın qayğısına qalmaq, hər kəsin üzləşdiyi problemləri vaxtında aradan qaldırmaqdan ibarətdir. Ona görə də düşünürük ki, bu gün “Retro Holding” MMC-də yaşanaların, adı çəkilən bu şəxslərlə heç bir bağlılığı ola bilməz. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

    Mövzunu araşdırmağa davam edəcəyik.


    GundemXeber.Az

    PAYLAŞ:

    Oxşar xəbərlər