Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
  • Cəmiyyət

  • Fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Abdulla oğlu Cəbiyev vəfat edib.

    Yusif Cəbiyev 1946-cı ildə Masallı rayonu, Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində anadan olub. 

    1965-ci ildə orta məktəbi bitirərək sənədlərini BDU-nun “Fizika” fakultəsinə təqdim edir. İmtahanları müvəffəqiyyətlə verib, tələbə adı qazanır. 

    Yusif Cəbiyev qaynar tələbə həyatı yaşayıb, universitetin ictimai həyatında fəal iştirak edib. 

    1970-ci ildə universitetin məzunu olaraq ordu sıralarına yollanıb. Zabit olaraq hərbi xidmətini Astara rayonunda keçib.

    1973-cü ildə hərbi xidmətdən təxris olunduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyətə başlayıb. Əvvəlcə kiçik elmi işçi, sonra dossent vəzifələrində çalışıb. Dərin biliyi, yüksək mənəvi keyfiyyətləri ona tələbə-müəllim arasında böyük hörmət və nüfuz qazandırıb. Məhz bu keyfiyyətlərinə görə Energetika fakultəsinin dekanı vəzifəsinə irəli çəkilib.

    Yusif Cəbiyevin yüksək təşkilatçılıq və idarəetmə bacarığı, tələbkarlığı və təşəbbüskarlığı burada özünü daha qabarıq büruzə vermişdir. Qısa müddət ərzində onun rəhbərlik etdiyi fakultə universitetin fakultələri arasında özünə layiq yer tuta bilmişdir. Dekanı müəllimlər də, tələbələr də sevər, çətinliyə düşən, hansısa problemlə üzləşən hər kəs onu özünə ümid yeri bilərdi. Tələbələrə doğma, isti münasibəti Yusif müəllimi onların doğmasına çevirmişdi.

    Yusif Cəbiyev işinin çox olmasına baxmayaraq elmi fəaliyyətini də genişləndirərdi. İstilik mexanikası üzrə fizika elmləri namizədi olan Yusif Cəbiyevin dünyanın müxtəlif qabaqcıl elmi jurnallarında 50-dən çox elmi məqaləsi nəşr edilib. Ali məktəb tələbələri üçün nəzərdə tutulan bir neçə elmi-metodiki dərs vəsaitinin müəllifidir.

    Yusif müəllimin maraqlı, bəzilərinə qəribə görünəcək hobbisi də varmış. O, mahir dülgərlik bacarığı ilə də seçilib. Boş vaxtlarında gözəl mebellər, stol-stul hazırlamaq ona xüsusi zövq verərmiş. Hazırladığı əl işləri az deyil.

    Yusif Cəbiyev iki oğul, bir qız atası idi.

    Yusif Cəbiyev 3 mart 2022-ci ildə vəfat edib. 

    Cəfər Cəfərov, Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər