Nadir Rəsulov üçün özəl gün

Nadir Rəsulov üçün özəl gün
  • Manşet / Cəmiyyət

  • İlk kənd saytı olan “Arkivan.info”-nun yaradıcısı, “Tərəqqi” medallı Nadir Rəsuluvun yubileyidir.  Nadir müəllim bu gün 60 yaşını qeyd edir.

     

    Nadir Firudin oğlu Rəsulov 12 mart 1962-ci il də Masallı rayonu, Ərkivan kəndi, Bağlaküçə məhəlləsində böyük ziyalı, uzun illər Bağlaküçə orta məktəbinin direktoru işləmiş Firudin müəllimin ailəsində dünyaya göz açıb.

     

    O, orta təhsilini 1969-1979 - cu illərdə əvvəlcə Bağlaküçə kənd orta məktəbində, sonra isə doğma Ərkivanın məhşur “Ağ məktəb”-ində alıb. 

     

    N.Rəsulov 1980-1982-ci illərdə hərbi xidmətdə olub.

     

    Nadir Rəsulov 1989-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Elektrotexnika” fakultəsini bitirirərək təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Bakı Teleqrafı”nda mühəndis kimi işə başlayır. Orada 1-ci dərəcəli və aparıcı mühəndis vəzifələrində, böyük mühəndis vəzifələrində işləyib.

     

    1998-ci ildən "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”ndə (BTRİB) əvvəlcə sahə rəisi, sonra isə ilk dövlət provayderi olan "Bakinternet” internet xidmətlərinin qurulması işlərinə rəhbərlik edərək oranın rəisi vəzifəsində çalışıb. Eyni zamanda, həmin illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya şəbəkələri və kommunikasiya sistemləri” kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. Bir neçə monoqrafiya, tədris vəsaiti və bir sıra elmi məqalələrin müəllifidir.

     

    2003-cü ildə Nadir Rəsulovun şəxsi maliyyəsi və təşkilatçılığı ilə Azərbaycanda ilk kənd saytı olan “arkivan.info” saytı yaradılır. Bu bir tanıtım saytı idi. Saytda Ərkivan kəndinin tarixi, coğrafiyası, mədəniyyəti, təhsili, səhiyyəsi, alimləri, din xadimləri, xeyriyyəçiləri, idmançıları, rəhbər işdə çalışmış və çalışan şəxslər barədə məlumatlar yerləşdirilirdi. Bu sayt 2008-ci ilə kimi fəaliyyət göstərir.

     

    Nadir Rəsulov 2006-cı ildə indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi vəzifəsinə təyin olunub. O, burada informasiya təhlükəsizliyi sahəsinin ən müasir texnologiyası sayılan Elektron İmza İnfrastrukturunun qurulmasının layihə rəhbəri olaraq, eyni zamanda “Elektron Hökumət” portalının formalaşmasında yaxından iştirak edib.

    Nadir Rəsulov ölkəmizi dəfələrlə beynəlxalq konfranslarda, forumlarda və sərgilərdə təmsil edib.

     

    2007-ci ildə "Rabitə ustası” fəxri adına layiq görülüb. 

     

    2009-cu ildə Azərbaycan Respublikasının Prezidentini İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilib.

     

    Ailəlidir, 3 övladı var.


    "Asiya.az" xəbər portalı olaraq ictimai xadim, sözün əsl mənasında ziyalı olan Nadir Rəsulovu doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür arzulayırıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər